İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.
APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, hazırda etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan vermir.
“Novosti Armeniya” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sarkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətindədirlər.
Qeyd edək ki, ötən gün də prezident 3-4 etirazçını qəbul etməyə hazır olduğunu bildirmişdi, lakin bu təklif etirazçılar tərəfindən rədd edilmişdir. Polis etirazçıları dağılışmağa çağırır.
Hazırda etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyirlər.