Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Almaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bağlı tədbir keçirilib.
Layihənin kooordinatoru, tədqiqatçı-alim Nəsiman Yaqublu bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd Qarabağ həqiqətləri və ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti, eləcə də ərazi iddiaları ilə bağlı məlumatları Avropa ictimaiyyətinə çatdırmaqdır: "Bundan ötrü biz geniş bir layihəni reallaşdırmaq fikrindəyik.İlk öncə bu işi Şərqi Avropa ölkələrindən başladıq. Ötən il bu proqram çərçivəsində Polşada və Rusiyada maraqlı tədbirlər keçirdik. Polşa və Rusiya tələbələrini Qarabağ həqiqətləri ilə tanış etdik. Biz ilk öncə Varşavada ciddi nüfuzu olan Vistula Universitetində tədbir keçirdik.
Universitetdə yaratdığımız "Qarabağ guşəsi"nə orada təhsil alan tələbələr böyük maraq gostərdi.
Guşəmizdə 50-yə qədər Qarabağla əlaqədar sənədlər,kitablar və arxiv materialları nümayiş etdirilirdi.Buradakı tələbələrə ingilis,polyak və rus dillərində məlumat verilir, onların sualları cavablandırılırdı.Eyni zamanda biz 20-dən çox Qarabağla əlaqədar kitabın elektron versiyasını disklərdə tələbələrə payladıq.Qeyd edim ki, bu elektron kitablar ingilis və rus dillərində hazırlanmışdı. Biz Vistula Universitetinin kitabxanasına da Qarabağla bağlı çoxlu kitablar verdik. Digər tədbirimiz Varşava Universitetində keçirildi. Buradakı tədbirimizdə əsasən Tarix fakultəsinin tələbələri iştirak edirdi.Onlar üçün göstərilən sənədlər çox maraqlı idi. Tədbirlərimizi həmçinin Universitetlərin yataqxanalarında da davam etdirdik. Bunun nəticəsində çoxlu sayda tələbələrə Qarabağ haqqında məlumatlar verildi və elektron kitablar paylanıldı. Biz eyni zamanda Qarabağla bağlı ingilis və rus dilində olan kitabları və həmin kitabların elektron versiyalarını Varşava Universitetinin, Tarix İnstitutunun, Milli Kitabxananın arxivinə verdik və ümumi kataloqlarda yerləşdirdik".
N.Yaqublu bu ilin iyununda isə Almaniyada və Fransada mövcud layihə çərçivəsində tədbirlər keçirdiklərini bildirib: "Almaniyada təhsil alan tələbələrimiz, orada yaşayan azərbaycanlılar və alman ictimaiyyətinin nümayəndələri tədbirlərimizdə iştirak etdilər. İştirakçılara Qarabağ haqqında məlumatlar verildi və elektron kitablar paylanıldı. Biz eyni zamanda Qarabağla bağlı ingilis və alman dilində olan kitabları və həmin kitabların elektron versiyalarını Mayns Universitetinin kitabxanasına və Frankfurt Milli Kitabxanasına verdik. Bundan sonra xarici ölkədə təhsil alan tələbələr Qarabağla bağlı araşdırmalar apararkən və həmin ölkələrin media qurumları yazılar, verilişlər hazırlayarkən ermənilərin yox, bizim məlumatlarımızdan faydalanmaq imkanı əldə edəcəklər".