Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM təşkilatının Baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
XİN-dən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında münasibətlərin hazırkı durumu, regionda və təşkilat çərçivəsində həyata keçirilən layihələr, həmçinin GUAM-la digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər BMT Baş Assambleyasının GUAM ilə əməkdaşlıq barədə qəbul etdiyi qərarı və “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsinə dair GUAM-la BMT arasında razılığın əldə olunmasını müsbət qiymətləndirib.
Görüşdə Valeri Çeçelaşvili məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın layihəsi çərçivəsində 2013-cü ilin mart ayının birinci yarısında Bakı şəhərində çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində üçgünlük beynəlxalq seminarın keçirilməsi planlaşdırılır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ABŞ-ın maliyə dəstəyi ilə keçiriləcək seminarda GUAM və Avropa İttifaqı ölkələrinin, ABŞ-ın, eləcə də Avropol, İnterpol və digər beynəlxalq və regional təşkilatların nümayəndənin iştirakı nəzərdə tutulub.