Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Adil Mirseyidin doğum günüdür.
Baxışov Adil Mirseyid oğlu 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976).
Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).
Keçən əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunub. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.
pəncərə ağac bulud bahar
rəsmlər fırçalar rənglər tənhalıq
bu otaqda rəsmlərin fırçaların
tənhalığın içində
məni mənə düşmən edən
bir faciə xaosu var
divar saatının əqrəblərindən
vaxt süzülür damcı damcı
döşəmədə laxtalanır vaxtın qanı
uzun güzgüdə ömrü boşuna umudlarla
yaşamış bir adam
yalnızlıqdan sərxoşdu bu axşam
adama elə gəlir divar saatındadır canı
saat susan kimi o da öləcək
bahar bulud ağac pəncərə
tənhalıq rəsmlər fırçalar rənglər
vaxtın qanı damcı damcı damır güzgüyə
rənglərə fırçalara rəsmlərə ağ kətana
yaradandan küsmüşəm
məni xilas elə ana