Şərəfli həyat yolu keçmiş məsuliyyətli müəllim, unudulmaz insan, gözəl ailə başçısı, babam Lətif Əfəndiyev artıq 18 ildir cismən aramızda yoxdur. Amma hər zaman öz öyüd-nəsihətləri, unudulmaz xatirəsi ilə həmişə bizimlədir.
Lətif Həsən oğlu Əfəndiyev 1912-ci il yanvarın 1-də Kürdəmir rayonunda anadan olub. 1934-1939-cu illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. İlk dəfə pedaqoji fəaliyyətə Göyçay rayonunun Bığı kəndində başlayib, sonra Kürdəmir rayonunun Yenikənd orta məktəbində və şəhər orta məktəbində direktor vəzifəsində işləyib. O 1942-44-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1951-ci ildən Maarif Nazirliyində inspektor, Baş məktəblər idarəsinin rəisi, nazir müavini, peşəseçmə və əmək təlimi şöbəsinin müdiri vəzifələrində çalışıb. 1951-ci ildən respublika "Bilik" cəmiyyətinin, "Əmək və politexnik təlim" məcmuəsinin, Moskvada nəşr olunan "Şkola i proizvodstva" jurnalının redaksiya heyətlərinin üzvü olub. Lətif Əfendiyev Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni və medallarla təltif olunub. O, "Qabaqcıl maarif xadimi", "SSRİ maarif əlaçısı" döş nişanlarına layiq görülüb. Əmək və müharibə veteranı olub.
Lətif Əfəndiyev hər zaman məsuliyyəti, tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, sadəliyi və səmimiliyi ilə seçilib. İş yoldaşları, tələbələrinin onun haqqında yazdığı məqalələri oxuyanda, dediyi sözləri eşidəndə bu gözəl, universal insan tamlığı ilə gözümün önündə canlanır.
Ailədə də belə olub, sərt, tələbkar, eyni zamanda çox zarafatcıl idi babam. 6 övladını da oxutdurub, boya-başa çatdırıb. 4 qızı onun şərəfli işinin davamçısı - müəllim olub, 2 oğlu başqa sahələrə yiyələniblər. Şagirdləri, tələbələri ilə fəxr edərdi, gənc, istedadlı insanlara, gənclərə dəstək olardı babam. Əslində, onun övladları daha çox idi. Çünki o çoxuna atalıq qayğısı ilə yanaşmış, əlindən gələni əsirgəməmişdi. Şagirdlərindən Azərbaycanın tanınmış ədəbiyyatşünas, dilçi və türkoloq alimi, filologiya elmləri doktoru, professor Ağamusa Axundov, məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor Qara Mustafayev onu yalnız gözəl sözlərlə xatırlayırlar. Ağamusa Axundov "Lətif Əfəndiyev əsil müəllim olub. O, yaddaşımda yalnız yaxşı mərd insan kimi, məsuliyyətli, şərəfli, tələbkar müəllim kimi qalıb. Lətif Əfəndiyev həyatımda rast gəldiyim unudulmaz insanlardandır" deyərək, gəncliyini, müəllimini yada salır. O da sağlığında belə şagirdləri ilə fəxr edər, onları nümunə bilərdi. Onun şagirdlərindən, artıq dünyasını dəyişən tibb elmləri namizədi, həkim-stomotoloq Heybət Mehdiyev, sonralar nazirlikdə özü ilə birgə çiyin-çiyinə çalışan şagirdi Əfrayıl Məhərrəmovun da müəllimləri ilə bağlı çox maraqlı xatirələri var.
Babam bizə qarşı da məsuliyyətli idi. Anamgilin evində hər zaman piano olsa da, babam heç bir övladını musiqiyə qoymamışdı. Anam deyir ki, atam bizi musiqiyə qoymayıb, arzulamışam ki, qızımın biri musiqiçi olsun. Mənim də musiqiyə marağım böyük idi. Babam övladlarını bu yolda dəstəkləməsə də, mənim bu sənəti seçməyimə mane olmadı. Yadımdadır, 1997-ci ilin yay ayı idi, Asəf Zeynallı adına Musiqi Texnikomuna (İndiki Musiqi Kollecinə) imtahan verməyə hazırlaşırdım. Babam yataqda xəstə olsa da, fikri-zikri məndə idi, mənə görə həyəcan keçirirdi. Qabiliyyət və test imtahanlarını verəndən sonra birbaşa babamgilə gedib, imtahanın necə keçdiyini ona danışdım. Qəbul olunmağımla bağlı xəbəri səbirsizliklə gözləyirdi, tez tez anamdan "Nə oldu, bir xəbər yoxdur, cavablar çıxmadı?" deyə soruşurdu. Cavablar çıxdı. Mən qəbul oldum. Amma babam bu xəbəri eşidə bilmədi. 85 yaşlı Lətif Əfəndiyev iyul ayının 27-də gözlərini əbədi yumdu. Mən bilirəm, onun duaları mənə kömək oldu və bu günə qədər də köməkdir. O yaşadığı şərəfli ömür ilə bizə fəxr hissi, başucalığı gətirən ad, məsuliyyət, mərdlik, dürüstlük, insanlıq, səmimilik, dostluq, Vətənə, ailəyə, işə, sənətə sevgi kimi böyük miras qoyub getdi.
Ruhun şad olsun, Lətif müəllim!
Nərmin QARALOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru