Azərbaycan alimləri və xalq musiqiçiləri Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın 43-cü Ümumdünya konfransında uğurla çıxış ediblər. Qeyd edək ki, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura (İCTM ) YUNESKO ilə rəsmi konsultativ əlaqələrdədi. Bu şura müxtəlif mədəniyyətlərə malik xalqları birləşdirir, onlar arasında əlaqələr yaradır.
Beynəlxalq Şuranın ümumdünya konfransı 1948-ci ildən bu günə kimi iki ildən bir keçirilir. Şura hər il ənənəvi musiqi ilə bağlı jurnal dərc edir, müxtəlif konkret mövzulara həsr olunan kollokviumlar, seminarlar, dəyirmi masalar təşkil edir.
Bu il ilk dəfə olaraq ümumdünya konfransı MDB ölkələrindən birində - Qazaxıstanın paytaxtı olan Astanada keçirilib. Astanada yerləşən Qazaxıstan Milli İncəsənət Universiteti qapılarını yüzlərlə qonağa açıb. İyulun 16-22-si arası keçən möhtəşəm konfransa dünyanın 70 ölkəsindən 800-dən artıq ekspert, alim, tədqiqatçı, musiqiçi, qatılıb.
Gün ərzində paralel olaraq müxtəlif seksiyalarda 30-dan artıq sessiya keçirilib. Hər sessiyada 3-4 tədqiqatçının təqdimatı, filmlər nümayiş olunub, seminar, ustad dərsləri, dəyirmi masalar təşkil olunub. Konfrans çərçivəsində TÜRKSOY tərəfindən təşkil olunan Türk Xalqlarının Musiqi Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbələri Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və gənc, çox istedadlı xanəndə Aytən Məhərrəmovadan ibarət "Aypara" qrupunun ifası marağa səbəb olub, tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Musiqiçilərimiz bütün iştirakçıların istəyi ilə bir daha konfransın bağlanışına həsr olunan Qala konsertdə də çıxış edib. Onların ifasında səslənən muğam parçaları, təsniflər Ümumdünya konfransına xüsusi rəng qataraq, dinləyicilərə xoş anlar və xoş təəssürat bağışlayıb. Tanınmış musiqişünaslar Sənubər Bağırova, Sürəyya Ağayeva ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova da Ümumdünya konfransında Azərbaycandan yeganə gənc alim olaraq Azərbaycan və İran muğam dəstgahlarının müqayisəli təhlili mövzusu ilə çıxış edərək tədqiqatçılar tərəfindən böyük marağa səbəb olub.
Konfrans boyu Azərbaycan musiqiçilərinə olan maraq onlara ünvanlanan suallar, xoş fikirlər, musiqimiz, ifaçılarımız haqqında gözəl sözlərlə özünü göstərib. Konfransda çıxışlarına görə musiqiçilərimiz diplomla da təltif ediliblər.