Avropanın Azərbaycana münasibətdə ikili standartlar siyasəti nümayiş etdirməsi faktı aşkar və inkaredilməzdir. Bu yanaşmanın Bakı üçün qəbuledilməzliyi isə Azərbaycan hakimiyyəti tərəfindən müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib.
Avropanın siyasəti Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin haqlı tənqidinə məruz qaldı.
Dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycana qarşı xüsusilə mühüm beynəlxalq tədbirlər ərəfəsində güclənən qarayaxma kampaniyası aparılır.
Məsələn, Bakıda birinci Avropa Oyunlarının keçirildiyi ərəfədə Avropa Parlamentinin Azərbaycan əleyhinə tamamilə əsassız qətnamə qəbul etdiyi zaman güclü anti-Azərbaycan isteriyasının şahidi olduq.
Aydındır ki, Avropada Azərbaycanın nüfuzuna zərər vurmaqda maraqlı olan müəyyən qüvvələr mövcuddur və məhz bu qüvvələr böyük təsir qüvvəsinə malik erməni lobbisini və himayəsi altında olduqları korrupsioner Qərb siyasətçilərini təmsil edirlər. Müsəlman ölkəsinin inkişafını istəməyən faşizm, rasizm, antisemitizm, islamofobiya və ksenofobiya tərəfdarlarının Azərbaycana qarşı "soyuq müharibə" apardıqlarını bildirən ölkə Prezidenti məhz bu faktı qeyd etdi.
Şübhəsiz ki, İslam dünyası ölkələrindən biri, eyni zamanda, dünyəvi ölkə olan Azərbaycan bu gün beynəlxalq arenadakı uğurları ilə müxtəlif mənfur üsullarla Azərbaycanda "beşinci kolon" yaratmağı əsas məqsədlərinə çevirən "xeyirxahlarını" qıcıqlandırmaya bilməz. Cənab Prezident xüsusi vurğuladı ki, birinci Avropa Oyunları ərəfəsində aparılan informasiya müharibəsində Azərbaycan xalqı və dövləti birlik və iradə gücü sayəsində qalib gəldi.
Dövlət başçısı bir sıra mühüm bəyanatlar verdi.
O, iclas iştirakçılarının diqqətini Azərbaycanın Avropa strukturlarına nə dərəcədə inteqrasiya etməli olduğuna çəkdi.
"Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk" – deyə dövlət başçısı aydın şəkildə vurğuladı.
Dövlət məmurlarına, millət vəkillərinə, ictimai xadimlərə müraciət edən İlham Əliyev belə dedi: "Bəzən mən Avropaya inteqrasiya etməli olduğumuzu eşidirəm. Bu barədə danışanda düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurası olmadan da yaxşı yaşaya bilərik, yaşamışıq da" –deyə bu təşkilata üzv olmağın başlıca səbəbinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı olduğunu qeyd edən Prezident bildirdi.
"Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamofobiya, paxıllıq, bədniyyət" – deyə Azərbaycanın yalnız bərabərhüquqlu tərəfdaşlıq şərtlərində beynəlxalq təşkilatlara inteqrasiya olunmağa üstünlük verəcəyini vurğulayan Prezident əlavə etdi.
Dövlət başçısı, eyni zamanda, Avropa Oyunlarının açılışı ərəfəsində Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə bağlı da böyük narazılığını dilə gətirdi.
"Almaniya Bundestaqı Oyunların açılışı günündə – iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi – Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax, budur Azərbaycan və budur normal Avropa vətəndaşları. Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər" – deyə dövlət başçısı vurğuladı.
Daha sonra Prezident beynəlxalq hüquq normalarının işləmədiyini qeyd edərək mövcud beynəlxalq vəziyyətə münasibətini bildirdi.
"Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, gələcəkdə ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır" – deyə Prezident bəyan etdi.
Eyni zamanda o qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində heç bir irəliləyiş yoxdur.
"Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq" –deyə Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə inamını ifadə edən dövlət başçısı bildirdi.
Yeri gəlmişkən, bu gün Avropa özünün heç də yaxşı dövrünü yaşamır və bunun əsas səbəblərindən biri avro zonasındakı böhran və ciddi iqtisadi problemlərdir. Belə çətin vəziyyətdə Avropa Azərbaycana münasibətdə qərəzlilik göstərmək və etibarlı tərəfdaşın etimadını itirməkdənsə, böhrandan çıxmaq üçün real yollar axtarsa daha yaxşı olar. Təəssüf ki, görkəmli avropalı siyasətçilər dostlarla "xeyirxahları" ayırd edə bilmirlər. Avropada aydın şəkildə anlamalıdırlar ki, Azərbaycanla etibarlı münasibətlər qurmaq mümkündür və lazımdır. Beynəlxalq münasibətlər sisteminə belə usta yanaşmada hər iki tərəf qazanacaq. Heç kəsə sirr deyil ki, Azərbaycan tarazlaşdırılmış və düşünülmüş siyasət yürüdür və bu yanaşma dünya ictimaiyyəti qarşısında açıq şəkildə bəyan edilir. Rəsmi Bakı beynəlxalq hüquqa riayət prinsiplərini birmənalı dəstəkləyir və öz tərəfdaşlarını da buna çağırır. Burada qeyd etmək lazımdır ki, dövlətimizin xarici siyasəti yalnız milli maraqlar üzərində qurulsa da, heç bir başqa ölkənin daxili məsələlərinə qarışmamaq prinsipinə əsaslanır. Dövlətin xarici siyasətinin bu "qızıl" qaydası bütün müttəfiq və tərəfdaş ölkələrə eyni dərəcədə aiddir.
Buna baxmayaraq, Avropada başa düşürlər ki, Azərbaycan ilk növbədə onların enerji təhlükəsizliyinin təminatçısıdır.
Yeri düşmüşkən, bu barədə qısa müddət öncə Bakıya səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da bəyan etdi. Əslində, bu səfər Avropa və Bakı arasındakı münasibətlərə müəyyən aydınlıq gətirdi.
Cənab Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransında bir sıra mühüm bəyanatlar verdi ki, bu bəyanatlardan da regionda Avropa üçün əsas tərəfdaşın kim olduğu və Brüsselin gələcəkdə kiminlə sıx əməkdaşlıq qurmaq niyyətində olduğu haqqında müəyyən nəticələr çıxarmaq mümkündür.
Onun sözlərinə görə, Avropa üstünlüyü Avropa İttifaqının regiondakı əsas kommersiya tərəfdaşı potensialına malik Azərbaycana verir.
Avropa İttifaqı Şurasının rəhbəri qeyd etdi ki, Avropa Enerji İttifaqının məqsədlərindən biri təbii qazdan təhdid vasitəsi kimi istifadə etmək mümkünlüyünü aradan qaldırmaqdır və Azərbaycan bu məsələdə əsas tərəfdaşdır.
Şübhəsiz ki, Avropa bu məsələdə doğru seçim edir və bu addım Bakıda yalnız və yalnız alqışlanır.
Amma Azərbaycanla tam və etibarlı əlaqələr qurmaq üçün bu kifayət deyil. Avropada aydın bilməlidirlər ki, münasibətlərə disbalans gətirən və Azərbaycanın milli maraqları ilə uzlaşmayan siyasi nüansları aradan qaldırmaq lazımdır.
Birincisi, əgər Avropa hətta qarşılıqlı əsasda olsa belə özünün enerji təhlükəsizliyini təmin etmək istəyirsə, bu məsələni özünün milli təhlükəsizliyi ilə bir səviyyədə qəbul etməlidir ki, bunu da əslində, dövlətimizin başçısı bəyan edib.
İkincisi və üçüncüsü, Avropa ölkəmizin daxili işinə qarışmaq siyasətindən və regional münaqişələrin həlli ilə bağlı məsələlərdə Azərbaycana qarşı qərəzli yanaşmadan əl çəkməlidir. Təəssüf ki, biz hələ də Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməsi ilə bağlı növbəti dəfə cənab Tusk tərəfindən dilə gətirilən deklarativ xarakterli bəyanatlar eşidirik.
Bir sual vermək istərdik: Sonsuz sayda boş bəyanatlardansa, siz avropalıların hamıdan ucadan qışqırdığı obyektivliyi nümayiş etdirmək daha asan deyilmi?
Newtimes.az