Keçən ay 80 illik yubileyini təntənə ilə qeyd etdiyimiz görkəmli Xalq şairimiz Xəlil Rza Ulutürk sağlığında rəsmi orqanlar tərəfindən hücumlara məruz qalmış, bəzi əsərlərinin çapı qadağan olunmuş sənətkarımızdır. Mən işlədiyim mətbuat orqanlarında həmişə onun əsərlərinin çapına, yaradıcılığının təbliğ olunmasına çalışmışam, şairimizin mənə dostluq münasibəti bəsləməsi ilə fəxr etmişəm. Görkəmli şairimizin mənə həsr etdiyi şeiri və haqqımda yazdığı məqaləni oxuculara təqdim edirəm.
Xəlil RZA
REDAKTOR
ÜRƏYİAbbas
Abdullaya“Ən cəsur şerini ver!” – dedi bana,
“Ən böyük şerini ver!” – dedi bana.
“Ən əla şerini bizə qıysana!”
Baxdı, sonuladı. “Bəxti ağ!” – dedi.
“Növbəti nömrədə çıxacaq” – dedi.
Çıxdı. Uzaqdaydım, doğma Türkanda.
Nə qonaqlıq verdim, nə “Sağ ol!” dedim,
O gün xoş havanı bal kibi yedim.
Təpgəcli bel ilə yer şumlayanda,
Sanki silkələdim Yer kürəsini.
Gülüm çay uzatdı güllü fincanda,
Nuş etdim arzular şəlaləsini.
Açıq üz. Tunc alın. Qüdrətli. Qadir.
Redaktor qardaşım, imzan mübarək.
Redaktor ürəyi qurd ürəyidir,
Ürəyi yoxdursa çaqqaldır demək.
Türkan, 19 qasim, 1981
QARDAŞLIQ
KÖRPÜSÜA.Abdulla üçün Vətən və dünya anlayışları konkret bir ünvandan, doğma kənddən başlanır. Kitabda bu ünvan, daha dürüst desəm, Gürcüstan SSR-in azərbaycanlılar yaşayan hissəsi, Borçalı mahalı aydın görünür. Məsələ yalnız onda deyil ki, A.Abdullanın şeirlərində həmin əraziyə aid toponimlər, məsələn: Ləlvər dağı, Koroğlu qalası, Narınqala, habelə Kəpənəkçi, Dəlixaçlı, Ortaçala, Ovçala, Sərtçala, Qızıl Hacılı, Sadaxlı, Daşdıqullar, cəlaloğlu, canbaxça, Ayorta, Ləmbəli, Yormuğanlı, İncəli, Göylüyan, Soyuqbulaq və başqa yerlər böyük məhəbbətlə xatırlanır.
Abbas Abdullanı düşündürən və həyəcanlandıran başlıca cəhət min illər ərzində bu mahalda yaranmış böyük xalq mədəniyyəti, saysız-hesabsız qədim incilərə malik folklor sərvətləri və yurdun tərəqqi uğrunda mübarizədə keçən qəhrəmanlıq tarixidir. Əslində A.Abdullanın ən yaxşı şeirləri məhz bu qəhrəmanlıq tarixindən və folklor qaynaqlarından qidalanır. Cəsarətlə demək olar ki, həmin yerlərin şeiriyyətini, ruhunu, təbii və mənəvi koloritini şeirimizə ilk dəfə böyük ilhamla gətirən məhz Abbas Abdulladır.
Borçalı bağ yeridi,
Başkeçid dağ yeridi,
Bizə qorxaq nə lazım?
İgid, qoçaq yeridi.
A.Abdullanın şeirlərindəki səmimilik, dil aydınlığı, ifadə zənginliyi, folklor ənənələrinə dərin sədaqətdən doğan bədii şəffaflıq onun gələcək uğurları üçün məncə ən yaxşı təminatdır. “Dünyanın mənsiz şəhərləri” şeirində həmin keyfiyyətlər xüsusilə güclüdür.
Bu dünyanın şəhərləri məni görmək dilərmi ola?
Evlərinə qonaq getsəm, tanıyarmı, bilərmi ola?
Göyə dayaqdı damları, Çiçək açar badamları,
Mən ağlasam, adamları,
Göz yaşımı silərmi ola? Bu dünyanın körpüləri,
Birləşdirib göyü, yeri, Yol gözlər Təbriz şəhəri,
Bəxt üzümə gülərmi ola?
Nəsr şəklində verdiyimizə baxmayaraq, bu misralarda aydın eşidilən şair səsini, poetik ruhun doğmalığını kəsərdən salmaq olmur. Lakin şeirin davamını mən, olduğu kimi, məhz şeir biçimində nəzərə çatdırmaq istərdim:
Dost qucmağa qollar açıq,
Bağlı qalan yollar açıq.
Nə durubsan, yollara çıx!
Belə bir gün gələrmi ola?
Belə bir gün tezcə gələ,
Bu sahildən o sahilə
Toya gedək deyə gülə-gülə,
Abbas onda ölərmi ola?
Diqqətəlayiq cəhət budur ki, A.Abdullanın doğmalıqdan söz açan şeirlərindəki səmimiyyət qardaş xalqlara, onların həyatına və mədəniyyətinə həsr etdiyi şeirlərdə də öz gücünü saxlayır. Yeni corrafi mənzilləri tutduğu üçün bir az da zənginləşir. “Dostların portreti”, “Ukrayna naxışları” adlı şeir silsilələrində həmin cəhət xüsusilə aydın görünür. “İvan Draçın qələmi” “İqor Malışevskinin evində”, “Kiyev nağılı” tipli şeirləri yaşanmış hisslərin məhsuludur. Mən bu keyfiyyəti xüsusilə yüksək qiymətləndirmək istərdim. Bizdə səyahət şeirləri çox yazılır. Lakin bunların çoxu şair bioqrafiyasının bir parçası, yaşanmış duyğuların bəhrəsi kimi deyil, ötəri təəssürat kimi ortaya çıxdığı üçün tez unudulur. “Ağlı, qaralı dünya” kitabı bu bəsitliyə, yekrəngliyə qarşı poetik reaksiya kimi yaranmışdır.
Mən Abbas Abdullanı həm şair mütərcim, həm də tədqiqatçı kimi tanımağa imkan verən kitablardan bir qismini gözdən keçirməyə macal tapdım. Taras Şevçenko “Fikirlərim, düşüncələrim”, İvan Kotlyarevski “Natalka Roltavka” (pyes), İvan Draç “Könlümün harayı” (şeirlər toplusu), Mikola Şapoval “Son görüş” (povest), “Qızıl buğda” (Ukrayna nəsr antologiyası), “Günəş və bayraq” ((Ukrayna şeiri antologiyası), “Körpülər” (Ukrayna Sovet şairlərinin şeirləri). A.Abdulla bu kitablardan bir çoxunun tərtibçisi, önsöz müəllifi, tərcüməçilərdən biri və bəzən müstəqil tərcüməçisidir.
Bir küll halında bu əsərlər A.Abdullanın Ukrayna mədəniyyətini dərindən mənimsədiyini və bunu həm də Azərbaycan xalqının mənəvi sərvətinə çevirmək uğrunda gərgin, yorulmadan ədəbi mübarizə apardığını sübut edir.
Ağsaqqal sənətkarımız, Xalq yazıçısı İlyas Əfəndiyev dürüst deyir ki, Abbas Abdulla ciddi qələmçalandır. O, çağdaş ədəbiyyatımızın elə fədakar xadimlərindəndir ki, başını aşağı salıb öz işini görür və heç kəsdən təşəkkür ummadan işinə can yandırır. Məncə bu qiymət hazırda yaradıcılığının çiçəklənən çağlarını yaşayan sənətkara anasının südü kimi halaldır və onu daha böyük ədəbi uğurlara hazırlayan ağsaqqal alqışıdır.
Türkan, 30 iyul, 1981