yaxud YAXIN VƏ UZAQ GÖRÜNƏN 1029-DA UNUDULMAYAN BİR GÜN...
Onda 1986-cı il idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 1029-cu qrupunda oxuyurduq, özü də başqa bir əlifba ilə. Digər fakültələrdən fərqli olaraq, jurnalistikanın tələbələrinə bir neçə əcnəbi dil də tədris olunurdu, o cümlədən də ərəb dili. Bu fənni bizə hündürboylu, sarışın, gözəl bir xanım tədris edirdi. Həmişə də səliqə-səhmanlı görünərdi, xanım-xatın bir ədası var idi. Bizdən bir neçə yaş böyük olan bu xanım bəzən özünü o dərəcədə sadə, təvazökar aparırdı ki, tələbələr ona hərdən özlərinin həmyaşıdı kimi baxırdılar. Ərəb dilini öyrənmək məcburi deyildi. Bizdən əvvəlki kursun uşaqları məsləhət görmüşdülər ki, əgər xarici dil öyrənmək istəsəniz və təqaüd almaqdan kənarda qalmamaq üçün mütləq ərəb dilini seçin. Bu fənni tədris edən Fidan Rzayeva hələ heç kəsi kəsməyib. Bax beləcə, üç aydan artıq idi ki, ərəb dili keçirdik. Bir-iki hərfdən başqa heç nə öyrənməmişdim. Tələbə yoldaşım Rövşən Əliyev bu dili, necə deyərlər, dil-dil ötürdü. Bir gün Fidan xanım məni ayağa qaldırıb soruşdu ki, Qurbanov, niyə oxumursan? Mən isə cavabında dedim ki, müəllimə, mən rayondan gəlmişəm, şəhərdə qalmağa yerim yoxdur. Dəmir yolu vağzalında gecələyirəm. Axşamdan vağzal bir qayda olaraq səsli-küylü olur, səhər tezdən də süpürgəçilər, xidmətçilər tökülüb, məni o stuldan bu stula qovurlar. Bir sözlə, süpürgəçilərin əlindən bezar olmuşam. Səhər tezdən kitab-dəftərimi, paltarlarımı gah o tərəfə, gah da bu tərəfə çəkişdirirlər. Nə bilim, daha nələr...
Bu sözləri deyib başımı aşağı saldım. Uydurduğum tələbə bəhanəsinə gülməkdən çox, ağlamağım gəlirdi. Fidan xanım mənə diqqətlə qulaq asdı. “Girdiyim obrazdan” birtəhər çıxıb onun gözlərinə və sifətinə baxdım. Fidan xanım başını aşağı salıb, xeyli xəyala daldı və heç nə demədən durub çıxıb getdi.
O, növbəti dəfə dərs otağına daxil olan kimi, məni ayağa qaldırıb dedi ki, Qurbanov, mən bir neçə gün sənin məsələnlə məşğul oldum, sənə kirayə ev tapmışam. Köç, bir müddət orada qal. Kirayə pulundan narahat olma. Bu zaman tələbə yoldaşım və həmkəndlim Aləmzar Namazova, görünür, baş verənləri sinirə bilmədiyindən və ya nədənsə, yerindən durmadan dedi ki, müəllimə, onun Bakıda üç bacısı yaşayır, universitetin tələbə yataqxanasında da yeri var. Uydurduğu bu əhvalat sizin dərsi oxumaması ilə bağlıdır. Fidan xanım yenə də əvvəlki kimi başını aşağı salıb, dərin bir fikrə getdi. İçimdə möhkəm bir xəcalət hissi keçirirdim. Dərsi axıradək oturmaq mənə, sanki bir il qədər gəldi. Növbəti dərsə bir həftə var idi. Mən bu müddətdə gecəmi gündüzə qatıb bütün ərəb əlifbasını öyrəndim. Hətta ərəb dilində bir neçə bəndlik şeir də əzbərlədim. Mənim bu “qəhrəmanlığıma” Rövşənin də inanmağı gəlmirdi. Növbəti dərsdə əlimi qaldırıb yazı lövhəsinə çıxdım. Ərəb əlifbasını öyrəndiyimi Fidan xanıma dedim və demək olar ki, onun bütün suallarına cavab verdim.
Aradan xeyli illər keçib. Mən hələ də o baxışların xəcalətindən uzaqlaşa bilmirəm. Böyük insanlıq qarşısında böyük xəcalət keçirmək yaman olur. İllər keçəcək, həyat mənə daha bir çox dərslər öyrədəndə biləcəyəm ki, belə bir hərəkəti, belə bir alicənablığı Rəsul Rza və Nigar Rəfibəylinin övladı kimi bəyxanım bir insan edə bilərmiş.
P.S.: Görünür, hər yazının da bir yaranma məqamı gəlir. Bu günlərdə qəzetlərdən oxudum ki, hörmətli müəlliməmin ömür-gün yoldaşı Rauf müəllim dünyasını dəyişib. İyirmi altı ildən sonra mən yenə də, onda olduğu kimi, Fidan xanımın qarşısında sakit dayanıb dərdini bölüşərək, ona dərin hüznlə başsağlığı verib, bir daha gecikmiş minnətdarlığımı çatdırıram.
Ələsgər QURBANLI