Zakir Muradov
Azərbaycanda televiziya 1956-cı ildə fəaliyyətə başlasa da verilişlərin yalnız Bakı və Abşerona deyil, bütün respublika ərazisinə yayımlanması yeni ötürücülərin işə salınmasından asılı idi. Əlbəttə, ilk olaraq ikinci böyük şəhərdə – Gəncədə bu işi həyata keçirmək labüd idi. 1959-cu ildə burada radio-teleötürücü stansiyanın və onun 180 metrlik qülləsinin inşasına başlanıldı.
Şəkil 1:Gəncəli ailəsi ilk dəfə Bakıdan televerilişi izləyir (kinoxronika kadrı, sentyabr 1962-ci il)
Hazır olduqdan sonra stansiya əvvəlcə radio siqnallarının ötürülməsi üçün istifadə olunurdu. 1962-ci ilin sentyabrında isə burada ilk Bakı-Kirovabad teletranslyasiya rele xəttinin açılışı oldu və Azərbaycan Televiziyasının sınaq yayımları gerçəkləşdirildi.
Foto 2:Gəncənin ən yüksək nöqtəsini simvolizə edən bu qüllə həm də televiziya tariximizin əhəmiyyətli mərhələsinin şahididir.
1962-ci ilin dekabrın 5-dən etibarən isə yayım tammiqyaslı olaraq həyata keçirilməyə başladı. Düz 50 il bundan qabaqkı həmin tarixi Gəncənin, necə deyərlər, “televiziyalaşması günü” hesab etmək olar. Kinoxronikası həmin anların görüntülərini bu günümüzə çatdırıb. 1961-ci ilin sentyabrında çəkilmiş kadrlarda yeni, Zaqafqaziyada ən böyük tele-radio rele xəttinin açılması münasibətilə keçirilən təntənəli mitinq və ilk teletranslyasiya görüntüləri əks olunub.
Şəkil 3:Bakı-Gəncə teleradio rele xəttinin açılış mitinqi. tribunada şəhər partiya komitəsinin rəhbəri cavanşir Gözəlov nitq söyləyir (kinoxronika kadrı, sentyabr 1962-ci il)
Müasir dövrümüzdə də Gəncə Radio-Televiziya Yayım Stansiyası bölgələr üzrə ən güclü ötürücü qurğu statusunu saxlayır. Gəncə teleqülləsinin inşa hündürlüyü 180 metr olsa da son illər yeni antenlərin quraşdırılması ilə bu göstərici artıq 197 metrə çatıb. Stansiyadan Qərb, eləcə də qismən Aran bölgələrinə təxminən 150 kilometr radiusda 9 respublika, 1 Türkiyə və bir neçə regional telekanalların sutkada ümumən 300 saatadək verilişləri yayımlanır. Quraşdırılmış müasir avadanlıq sayəsində artıq bir ildir ki, 10 televiziyanın rəqəmsal yayımı da həyata keçirilir.
Şəkil 4: Stansiyanın bu günü. Müasir rəqəmsal avadanlıq
Qəribədir ki, Gəncədə teletranslyasiya işinin başlanğıcında duranların övladlarından da hazırda bu müəssisədə çalışanlar var. Stansiyanın tarixçəsindən və texniki imkanlarından bizə həvəslə məlumat verən mühəndis Adil Babayev onu da söyləyir ki, atası Baba Babayev bütün əmək fəaliyyətini bu stansiya ilə bağlayıb.
Amma bu stansiya yaranan gündən indiyədək burada çalışan yeganə veteran əməkdaş Vitali Pavloviç Çumakovdur. O, hələ yeniyetmə ikən, radiohəvəskarlar dərnəyindən bura gəlib. Vitali Pavloviç deyir ki, 16 yaşından, pasport alan kimi bu stansiyada çalışmağa başlayıb və bu şəhərin televiziya tarixinin başlanğıcının və müasir mərhələsinin iştirakçısı olduğuna görə özünü xoşbəxt hiss edir.
Şəkil 5: Mühəndis Rza Rzayev ilk telegörüntünü gerçəkləşdirən rele xəttini qoşur (Kinoxronika kadrı, sentyabr 1962-ci il)