|
|
|
|
Sevil GÜLTƏN
Mənim qəribə bir şeir oxumaq adətim var. Yadıma düşmür ki, hətta çox sevdiyim bir şairin şeir kitabındakı şeirləri eyni gündə oxuyam. Kitabı əlimə alıb vərəqləyirəm, vərəqdəki şeirə gözucu nəzər yetirirəm və həmin andakı əhval-ruhiyyəmə, ovqatıma uyğun bir şeir gözümə sataşanda dayanıram, daha növbəti vərəqi çevirmirəm. Oxuyuram həmin şeiri-birnəfəsə yox, sətir-sətir, söz –söz. Bütün ruhum o şeirin havasına köklənir. Ruhum itir o sətirlərin arasında. Bəzən kövrəlirəm, doluxsunuram, ya da xəyala dalıb uzaqlaşıram bu dünyadan.
...” Arazbarı”nı da beləcə oxuyuram. Bir axşam, ata evimiz üçün qəribsədiyim, həyətimizdəki ağaclar üçün darıxdığım, atam əkən o iri şahtutun iri gövdəsinə söykənib atalı günlərimi xatırlamaq istədiyim vaxtda əlimə aldım Sona Vəliyevanın kitabını... Vərəqlədim, vərəqlədim, ta ki “Ata evim”ə çatanacan. Dayandım “Ata evim”də... “Açdım qapısını” – Bu ev eynən mənim ata evim kimiydi... Keçdim “Ata evim”ə:
“Bir yüyənsiz köhləndi xatirələrim,
Ata evim.
Hər gecə yuxuma gələrsən,
ruhuma dinclik gətirərsən,
üstü dolu gilasıyla, tutuyla
gözümə, könlümə toxluq əkərsən...”;
“Gözüm zilləndi bir nöqtəyə,
kirpiyimdən asıldı dəcəl uşaqlığım...”;
“İlişib qalmışam tut budağında
Gözüm bulaq kimi dolub...”
Ürəyimə yığıram bu sətirləri, sətirləri bircə-bircə ürəyimə yükləyirəm, qoymuram bircə söz belə yaddan çıxsın... Sonra isə:
“İçimdə qərib duyğular,
quş qanadında uçuram sənə doğru,
Ata yurdum...”
– misralarıyla qanadlanıb yol alıram ata evimizə... Yol alıram uşaqlığıma doğru.
lll
...Bir axşam atam düşmüşdü yadıma... Bu dünyadan köçəndə görə bilmədiyim atam... Tələbə bacıma yeni il payı gətirmişdim... Bacım dedi ki, bir az da qalım, o imtahanlarını verəndən sonra birlikdə gedərik kəndə... Avtovağzalda eşitdim atamın ölüm xəbərini. Yolboyu bircə söz deyirdim: “Kaş, yalan ola!” Neçə illər öncə yazdığım misralar yadıma düşür:
“Yalan olmadı o xəbər...
Sehrayəylə mən kəndimizə çatanda
Qəbristanlıqdan təzəcə gəlmişdilər...”;
“ Ata, sən sonuncu dəfə
bu dünyaya baxanda,
sonuncu dəfə evimizə baxanda
yanında olmadım mən-
sən ölən dəqiqədə ağlamadım mən...”
...Son köçünə çata bilmədiyim atam düşmüşdü yadıma... Və Sona xanımın kitabını vərəqlədim... ”Bir ana köçünə çatmamışam mən...” Sona xanım ana köçünə çatmayıb, mənsə ata köçünə. Elə bil 27 il əvvəlki halımın şəklini çəkib Sona xanım... Elə bil ilk atasız günümü lentə alıb, şeirin yaddaşına hopdurub. Elə bil anamın üzünə baxıb atamı soruşanda, atam əkən ağacı qucaqlayıb hönkürəndə yanımda olub, şəklimi çəkib və o şəkli sözə çevirib:
“İçim pardaq-pardaq dərd zəmisidir,
Bir ana köçünə çatmamışam mən...”
Elə bil hər dəfə kövrələndə, ürəyimin dərd zəmisi gömgöy göyərəndə ürəyimə girib, bircə-bircə dərdlərimlə dərdləşib, sonra yazıb bu şeiri... Elə bil anamın dizinə başımı qoyub atasızlığıma ağı deyəndə eşidib dediklərimi:
“Yuxuda hər gecə yol başlayaram,
Ana itkisinə inamım olmaz.
Darvaza önündə haray çəkərəm:
Ehey,
bu evin ən ərköyün uşağı gəlib!
Ana balasını qapıda qoymaz”.
...Oxuyuram. Oxuduqca kövrəlirəm... Və birdən:
“İlahi, nə yaman yağış başladı,
Halıma dözmədi ruhu anamın,
Üstümə göylərdən göz yaşı tökdü...”
Beləcə, bir şeirin söz seli, söz yağışı isladır məni....
lll
Bayaq telefonla danışdım anamla. Yenə həmişəki kimi gözünün zəif görməsindən, gecələr gec yuxuya getməyindən gileyləndi. O gileylənəndə həmişə susuram. Gücsüzəm. Onun gözlərinin nurunu geri qaytarmağa gücüm çatmaz. Təbiətin qanunlarına tabe olmaqdan başqa əlacım qalmır...
Anamın səsini eşitdim. Beynim, ürəyim anamın səsiylə doldu. Elə bil ürəyimin, beynimin içində nə varsa hamısını çıxardıb, yerinə anamın səsini doldurmuşdular. Yalnız anamı düşünürdüm. Onsuz necə olaram? Onsuz halım necə olar? Bəs bircə gün anamın səsini eşitməsəm nə baş verər? Bu suallarıma cavab axtararkən “Ehtiyac” köməyimə çatdı:
“Ana yanındasa, adi anadır,
Əlindən gedibsə, hər cür ehtiyac:
Torpaqdır, günəşdir, sudur, havadır”.
Bu gün anam sağdır. Gərək ana adlı torpağın, günəşin, suyun, havanın qədrini biləm. Anamın səsi günəşdir. O səs-günəş həyat verir arzularıma, qurudur ehtiyaclarımı. Anamın səsi havadır. O səs-havanı ciyərdolusu içimə çəkəndə sanki hamıdan güclü oluram. Anamın səsi kəndimizi göstərə bilir mənə.
...”Arazbarı” – bu kitabın səhifələrində mənə bənzəyən yağışı gördüm, uşaqlığımla rastlaşdım, yol ayrıcında bitən tənha gilas ağacının dərdini dinlədim, onun dərdinə şərik oldum, yazmadığım şeirlərlə vidalaşdım...
14 dekabr, 2012