|
|
|
|
Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə "Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi" və "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu" elektron xidmətləri üzrə inzibati reqlamentlər təsdiq olunub.
Vergilər Nazirliyindən "525"ə verilən məlumata görə, yeni elektron xidmətlərdən VÖEN və gücləndirilmiş elektron imzaya malik şəxslər faydalana bilərlər. Hər iki xidmət www.taxes.gov.az və www.e-gov.az ünvanlarında ödənişsiz göstərilir.
Bu xidmətdən Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alan və "Elektron imza və elektron sənəd haqqında" Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə edən şəxslər istifadə edə bilərlər. Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi e-xidməti gücləndirilmiş elektron imzası olan vergi ödəyicisinin Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciəti əsasında Çağrı Mərkəzinin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında 1-ci, 2-ci və 3-cü rüblər üzrə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir. Elektron xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
Xidmətin istifadəçisi olan vergi ödəyicisi bu xidmətdən istifadə üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imzaya və ondan istifadəyə imkan verən avadanlığa malik olmalıdır. Bundan sonra xidmətdən istifadə etmək istəyən istifadəçi Vergilər Nazirliyinin Çağrı Mərkəzinə zəng edir. İstifadəçi ondan soruşulan gücləndirilmiş elektron imza mobil nömrəsini və istifadəçiyə aid İD məlumatını bildirir. Daha sonra istifadəçi tərəfindən hansı hesabat dövrü üzrə bəyannamə təqdim etmək istədiyi bildirilir. İstifadəçiyə bəyannamə üzrə yaranacaq vergi öhdəlikləri barədə SMS göndərilir və istifadəçi SMS-lə tanış olub rəyini Çağrı Mərkəzinin təmsilçisinə bildirir. İstifadəçi razılığını bildirdikdən sonra yoxlama kodunu təsdiqləyir və gücləndirilmiş elektron imza PİN 2 kodunu daxil etməklə bəyannaməni imzalayır. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin "Onlayn kargüzarlıq"səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndərilir."Sadələşdirilmiş vergi bəyannaməsi" vergi ödəyicisi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınır və həmin bəyannamə üzrə 16 rəqəmli qeydiyyat nömrəsi əks olunan bildiriş yaradılır. İstifadəçi gücləndirilmiş elektron imza nömrəsini və ya İD nömrəsini səhv bildirdikdə, mobil nömrədə gücləndirilmiş elektron imza xidməti aktiv olmadıqda, müraciət edən şəxsin gücləndirilmiş elektron imza sahibi olmadığı müəyyən edildikdə xidmətin göstərilməsindən imtina edilir. Bu hallarda da xidmətdən istifadədən imtina edilir:
Səyyar vergi yoxlaması ilə əhatə edilən dövr üzrə bəyannamə verilməsi istənildikdə;
4-cü rüb üzrə bəyannamə verilməsi istənildikdə;
vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirdikdə;
eyni zamanda vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verilməsi ilə əlaqədar ləğv barədə bəyannamənin verilməsi istənildikdə;
mükəlləfiyyət uyğun olmadıqda;
bəyannaməyə qeyd edilməli olan məlumat dəqiq bildirilmədikdə;
"Sadələşdirilmiş verginin bəyannaməsi"dövrü səhv göstərildikdə.
İmtina üçün əsas olmadıqda "Sadələşdirilmiş verginin bəyannaməsi" vergi orqanı tərəfindən hazırlanır və təsdiq olunması üçün vergi ödəyicisinə məlumat göndərilir. Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin "Sadələşdirilmiş verginin bəyannaməsi" təsdiqləndikdən sonra təqdim edilir və bu barədə sistemdə bildiriş yaradılır.
Bu xidmət Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə" ərizə tərtib edilərək vergi orqanına təqdim olunmasını əhatə edir. Xidmətin istifadəçiləri gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləridir. Bu xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
Xidmətin istifadəçilərinin Vergilər Nazirliyi tərəfindən verilən şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edildikdə onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
"Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə" ərizənin vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının "Onlayn kargüzarlıq və e-VHF" bölümü üzərindən aparılır. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə "Kimə" siyahısından - Vergilər Nazirliyi, "Müraciətin növü" siyahısından - Ərizə, "Sənədin növü" siyahısından - "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizə" seçilir. Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması tarixləri vergi ödəyicisi tərəfindən interaktiv şəkildə ərizəyə daxil edilir və daha sonra istifadəçi kodu, parol, şifrə vasitəsilə sistemə daxil olan vergi ödəyiciləri "Qəbul" düyməsini, gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olan vergi ödəyiciləri isə "İmzala və göndər" düyməsini sıxırlar. "Qəbul" düyməsi və ya "İmzala və göndər" düyməsi sıxıldıqdan sonra ərizənin məzmunu sistem tərəfindən avtomatik olaraq formalaşdırılaraq aidiyyəti üzrə baxılması üçün vergi orqanına göndərilir.
"Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizə" sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş göndərilir. Vergi ödəyicisi tərəfindən təqdim olunan "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizə" gəlir və ya mənfəət vergisi hesabatının təqdim edilməsi üçün Vergi Məcəlləsi ilə nəzərdə tutulan müddətdən sonra təqdim olunduğu halda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir. İmtina üçün əsas olmadıqda ərizə qəbul edilir.
SAMİRƏ