https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycan futbolu: özbaşınalığa necə son qoyuldu?

Azərbaycan futbolu: özbaşınalığa necə son qoyuldu?
Azərbaycanda Peşəkar Futbol Liqası (PFL) 2008-ci il iyulun 2-də aradılıb. Ö dövrdə AFFA-nın yeni seçilmiş prezidenti Rövnəq Abdullayevin birbaşa təşəbbüsü və dəstəyi ilə futbol üzrə ölkə çempionatı, kubok yarışları, I divizion və əsas komandaların əvəzedici heyətləri arasında birinciliyi keçirmək hüququ federasiyadan alınaraq PFL-ə verilib. Həmin vaxtdan bu günə qədər PFL dörd mövsümdə (2008/09, 2009/10,2010/11, 2011/12) yarış keçirib, hazırda isə beçinci – 2012/13-cü il mövsümü üçün birincilik davam edir. 

Bəs son dörd ildə Azərbaycan çempionatında müsbətə doğru nəsə dəyişibmi? 

Kənardan əslində indinin özündə də hər şey ideal görünməyə bilər. Çünki Premyer Liqamızın bəzi oyunlarında qalmaqala, bəzən hakimliklə bağlı narazılıqlara günü bu gün də rast gəlirik. Əslində bunda qeyri-adi nəsə axtarmaq yersiz görünər. Axı, belə problemlər təkcə bizdə yaşanmır. 

Dünyanın ən öncül və nufuzlu çempionatları olan İspaniya, İngiltərə, Almaniyadakı daxili yarışlarda da belə hallara tez-tez rast gəlinir. Mən hələ dünya ulduzlarının, nəhəng futbol klublarının toplaşdığı başqa bir ölkə - İtaliyanı demirəm. Bu ölkədə hakimlərlə bağlı nöqsanlar bir kənara, bəzi komandaların ciddi sanksiyalara məruz qalmasına baxmayaraq, klubların və onların futbolçularının hələ də oyun alqı-satqısında iştirak etməsi az qala adi hadisəyə çevrilib. Amma nəyə görəsə, həmin ölkələrdə, eləcə də, bizə qardaş və qonşu olan Türkiyənin çempionatında hakimin hər xırda səhvi bizdəki kimi bu dərəcədə qabardılmır. Bizim bəzi klublarımızdan fərqli olaraq, həmin ölkələrdə komandalar çox vaxt üzləşdiyi uğursuzluğun səbəbini hakimin nəticəyə təsir göstərməyən qərarında yox, baş məşqçisində və ya futbolçusunda görür.
Bəs, bizdə nə baş verir? Sponsor tərəfindən ildə milyonlarla manat pul xərclənməsinə baxmayaraq, uğursuzluğunun səbəbini özünün qeyri-peşəkarlığında yox, “hakim səhvlərində” və ya PFL-in “məsuliyyətsizliyini”ndə axtarır. 

Konkret iki-üç fakta müraciət edəndə, bizim bəzi klubların futbol siyasətinin necə bərbad, futbol təfəkkürünün necə çürük olduğu üzə çıxır. Baxın, Azərbaycanda neçə-neçə klub var ki...

...bir il ərzində düz üç dəfə məşqçi dəyişir (yeri gəlmişkən, bu, dünya futbolunda analoqu olmayan hadisədir, özünə hörmət edən, pulunun qədrini bilən klub bir baş məşqçiylə ən azı bir il işləyir). 

... karyerasının qürub çağını yaşayan, Avropa, keçmiş SSRİ ölkələrinin yüksək liqa komandaları üçün yararsız olan “qoca legionerləri” transfer edir, 4-5 ay keçməmiş “işə yaramayan” həmin “qoca”nı geri göndərir və nə qədər məntiqsiz görünsə də, onun yerinə... başqa bir “qoca” gətirir.

... “Neftçi” çempionatda lider olanda ona PFL-in kömək etdiyini bildirir, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda isə iddia edir ki, Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin pulu hesabına UEFA yarışına qatılan komandaları satın alıb. 

... Dəyəri 40-50 min dollar olan azərbaycanlı futbolçunun qiymətini süni şəkildə artıraraq onunla 400-500 min dollarlıq müqavilə bağlayır.

Təbii ki, belə anormal, düşüncəsiz addımlardan sonra komanda çempionatda lazım olan nəticəni qazana bilmir. Bu zaman klub sponsorunun qarşısında özünü sığortalamaq, azarkeşlərinin isə fikrini əsl həqiqətdən yayındırmaq üçün başqa yerdə “günahkar” axtarışına başlayır və gedir çıxır PFL-ə.

O zaman başlayırlar mətbuatda hay-küy salmağa ki, bəs biz yaxşı oynayırdıq, az qala çempion olurduq, amma Ramin Musayev, yəni Peşəkar Futbol Liqasının prezidenti AFFA-nın və SOCAR-ın rəhbəri Rövnəq Abdullayevin göstərişi ilə buna imkan verməyib.

Çox təəssüf ki, bizdə əksər klubların idarəçiləri hələ də normal futbol düşüncəsinə sahib ola bilməyiblər. Yoxsa, normal düşünən adam nəyə görə fikirləşməsin ki, hakimin oyun qaydalarını pozan futbolçuya sarı və ya qırmızı vərəqə göstərmək, penalti təyin etmək hüququ var?
Əslində Azərbaycan futbolunda, çempionatında problem az deyil və bunu inkar etmək qeyri-peşəkarlıq olar. Amma bu problemlərin həlli üçün görülən işləri də qeyd etmək vacibdir. 

Azərbaycan çempionatı ilə yaxından-uzaqdan maraqlananlar yaxşı xatırlayırlar ki 2008-ci il, Peşəkar Futbol Liqası yaradılana qədər ölkə futbolunda əsl dərəbəylik, özbaşınalıq hökm sürüb. Bu dərəbəyliyin yaradan isə klublardan daha çox, AFFA-nın və Hakimlər Komitəsinin o vaxtkı rəhbərliyi idi. Yenə də ayrı-ayrı faktlara müraciət edək:

- Azərbaycan futbolunda “açıq bazar” olub. 
- Klublar hakimləri çox rahatlıqla pulla satın alıb.
- Çox vaxt hakimlər oyunların əhəmiyyətindən asılı olaraq, qiymətləri istədikləri səviyyəyə çatdırıblar: 3 mindən başlayaraq, ta 10 min, 25 min dollara qədər.

AFFA-nın keçmiş rəhbərliyinin və klubların futbolumuza vurduğu bu zərbə ona gətirib çıxarmışdı ki, ölkə çempionatının səviyyəsi nəinki ilbəil, hətta aybaay, həftəbəhəftə aşağı düşürdü, UEFA-nın reytinq sıralamasında ən son pillələrdə qərarlaşmışdı.

Rövnəq Abdullayevin AFFA prezidenti vəzifəsinə gəlişindən, Peşəkar Futbol Liqası yaradılandan sonra isə futbolumuzdakı rəzilliyə son qoyulması üçün konkret və ciddi faəliyyətə başlanıldı. Bu məsələdə əsas iş heç şübhəsiz ki, çempionatın keçirilməsinə cavabdehlik daşıyan PFL-in və onun prezidenti Ramin Musayevin üzərinə düşdü. İlk işlərdən biri rüşvətə qurşanan hakimlərə qarşı mübarizə oldu. Hakimlər Komitəsinin sədri dəyişdirildi, işində ciddi nöqsanları olan 10-dək referi hakimlikdən uzaqlaşdırıldı, hakimlərə AFFA tərəfindən yüksək qonorar yazıldı (hər oyuna 700 manat). Çempionatda ilk dəfə olaraq vahid bir sistem yaradıldı ki, artıq dörd mövsümdür Premyer Liqamız 12 komandanın iştirakı ilə “altılıq” formatında keçirilir. Bununla belə, qüsurlar aradan qalxmamışdı. Bir müddət keçəndən sonra adı rüşvət qalmaqalında hallanan FİFA referisi Babək Quliyev hakimlikdən uzaqlaşdırıldı. 
Yeri gəlmişkən, nə qədər ziddiyyətli görünsə də, “təmiz hakimlik”, “rüşvətə yox” şüarından bu günə qədər də əl çəkməyənlər nədənsə, həmin vaxt adı ciddi rüşvət olayında hallanan hakimi yox, ona haqlı cəza təyin edən Ramin Musayevə təzyiq etməyə başladılar, bəziləri isə bu faktdan sui-istifadə edib bütün hakimləri ləkələməyə cəhd etdilər. Lakin bu zaman AFFA prezidenti Rövnəq Abdullayev Babək Quliyevin cəzalandırılması qərarının doğru olduğunu söylədi, bununla da Ramin Musayevə dəstəyini ifadə etdi.      

Ümumiyyətlə, R.Abdullayev AFFA prezidenti seçildikdən sonra Azərbaycan hakimliyinin inkişafına xüsusi önəm verib. Təsadüfi deyil ki, məhz AFFA və PFL-in birgə səyi ilə Azərbaycan hakimliyində uzun illər kök salmış problemlər ciddi şəkildə aradan qaldırılmağa başladı. İlk dəfə olaraq 40-dək hakim təlim-məşq toplanışı üçün xarici ölkələrə (qışda Türkiyəyə, yayda Sloveniyaya) təlim-məşq toplanışına göndərildi və bu proses hər il davam etməkdədir.

PFL-in yaradılmasının isə yalnız hakimlərə deyil, təbii ki, həm də Azərbaycan çempionatının inkişafına böyük faydası dəydi. İlk dəfə yarışlara sponsor cəlb edildi. Əvvəlcə “Unibank”la müqavilə bağlandı, indi isə PFL “Topaz”la əməkdaşlıq edir. Yeri gəlmişkən, çempionatın teleyayım hüququnu “Topaz”a verən PFL rəhbəri orada təqdir ediləsi mütləq bir şərt irəli sürüb: bu mövsümdən başlayaraq, bölgələrdə futbolun təbliğatı və inkişafı üçün əyalətlərdə keçirilən bir çox oyun da canlı yayımlanır. Bundan başqa, telekanallarla yanaşı, hər tur təşkil olunan altı oyuna PFL-in özünün yüksəksəviyyəli çəkiliş qrupu göndərilir ki, bu da hakim səhvlərinin, oyunlarda klublar tərəfindən yol verilən nöqsanların daha tez üzə çıxarılması üçün önəmli hadisələrdəndir.  
Ümumiyyətlə, bu dörd ildə Azərbaycan Premyer Liqasının inkişafı istiqamətində yetərincə başqa işlər də görülüb ki, biz bunlardan yalnız müəyyən bir qismini sadaladıq. Bəs bu işlər hansı effekti verib?
İlk növbədə onu qeyd etmək lazımdır ki, ölkə çempionatının səviyyəsi kifayət qədər yüksəlib, rəqabət artıb, çempionluq uğrunda indi əvvəlkitək 3-4 yox, 7-8 komanda mübarizə aparır. Ən diqqət çəkən fakt isə odur ki, 2008-ci ilə qədər UEFA-nın reytinqində 44-cü yerdə olan, tarixində heç vaxt bir pillə belə irəliləməyən Azərbaycan çempionatı sön dörd ilin nəticəsinə əsasən, 14 pillə irəliləməyi bacarıb.

Hazırda Azərbaycan çempionatı səviyyəsinə görə keçmiş SSRİ ölkələri arasında yalnız Rusiya və Ukraynadan geri qala bilər. Lakin Peşəkar Futbol Liqası Azərbaycan çempionatının səviyyəsini daha da artırmaq üçün fəal işləri bu gün də davam etdirir.

Bəli, dörd il ərzində PFL Azərbaycan çempionatındakı nöqsanların aradan qaldırılması istiqəmətində yetərincə iş görüb, klublar və hakimlər tərəfindən yol verilən qanunsuz faəliyyətlərin qarşısını böyük ölçüdə həll edib və qeyd etdiyimiz kimi, Azərbaycan Premyer Liqası həqiqətən də normal bir çempionata çevrilib.
İndi qalır bir şey: çempionatımızda yüksək yerlər tutub Avropa kuboklarına vəsiqə qazanan klublarımızın həmin yarışlarda uğurlu çıxışı. Bu isə, əlbəttə ki, artıq PFL-in yox, klubların üzərinə düşən məsuliyyətdir.
 
Aydın BAĞIROV
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.