|
|
|
|
Bu gün Avropa dövlətləri üzləşdiyi miqrant problemini həll edə bilmir. Əgər Macarıstan konkret olaraq Afrika, Yaxın Şərq və digər bölgələrdən gələn qaçqınlara sığınacaq verməkdən imtina edirsə, Çexiya ilə Slovakiya yalnız xristian mühacirləri qəbul edəcəyini bildirib.
Digər bir məqam da odur ki, qeyri-qanuni yollarla Avropa dövlətlərinə daxil olan mühacirlər onlar üçün salınan düşərgələrdə heç də öz ölkələrindəkindən yaxşı vəziyyətdə yaşamırlar. Qatı millətçi avropalılar xüsusilə qaradərili və müsəlmanlara qarşı kəskin mövqe ortaya qoyur, onların ölkəyə buraxılmasının qarşısını zor gücü ilə almağa çalışırlar. Nəticədə, qaçqın düşərgələrində yaşanan qarşıdurmalarda insan tələfatları qaçılmaz hala gəlir.
Statistik rəqəmlərə baxsaq, bu və digər səbəblərdən həyatını itirən miqrantların sayının minlərlə olduğunu görərik. Təkcə 2014-cü ildə Aralıq dənizi vasitəsilə Avropaya daxil olan qeyri-leqal miqrantların sayı 200 mindən çox olub. Dəniz yolu ilə Avropaya üz tutan miqrantların sayının artması onları daşıyan gəmi və qayıqların qəzaya uğrama hallarının da artması ilə müşahidə olunur. Aprel ayında Aralıq dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 800-dən çox insanın həlak olması bu məsələyə diqqəti daha da artırıb. Keçən il isə Aralıq dənizində boğulan miqrantların sayı 3 min nəfərdən çox olub.
Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumatda qeyd olunub ki, bu il Aralıq Dənizini keçərək Avropaya gəlməyə çalışarkən ölən miqrantların sayı 30 mini keçə bilər. Lakin görünən odur ki, Qərb dövətlərini bu rəqəmlər deyil, daha çox miqrant axınının artması narahat edir.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, Qərb dövlətləri ilk növbədə üzləşdiyi qaçqın axınının yaranma səbəblərini açıqlamalıdır: “Bu hadisənin ən böyük günahkarları elə Avropa dövlətlərinin özləridir. Hazırda mühacir həyatı yaşayan insanlar öz ölkələrində rahat şəraitdə yaşadıqları bir vaxtda Qərbin əli ilə həyata keçirilən rəngli inqilabların qurbanına çevriliblər. İndi də Avropa yaratdığı bu problemlə üz-üzə qalıb”.
Politoloq qeyd edib ki, Qərb dövlətləri əvvəllər miqrantları heç bir qadağa qoymadan qəbul edirdi: “Çünki Rusiyada olduğu kimi Avropa ölkələrində də insan artımı problemi var. Eyni zamanda, onlara ucuz işçi qüvvələri də lazımdır. Ona görə də, müəyyən kvota daxilində mühacirləri qəbul edirdilər. Lakin sonuncu qaçqın axını çox güclü olduğu üçün bəzi dövlətlər onları qəbul etməkdən imtina edirlər. Bu mənada, hesab edirəm ki, hazırda Qərb yürütdüyü yanlış siyasətin acı nəticələri ilə üz-üzədir. Əgər Avropa miqrant problemi yaşamaq istəmirsə, müxtəlif regionlarda münaqişə yaratmaq niyyətindən əl çəkməlidir”.
Çexiya ilə Slovakiyanın yalnız xristian dini mənsubiyyəti daşıyan mühacirləri qəbul etməyə razılıq verməsini dini və irqi ayrıseçkilik kimi qiymətləndirən M.Zülfüqarlının sözlərinə görə, bu onu göstərir ki, Avropa dövlətlərinin dünya üzrə yeritdiyi siyasət tamamilə yanlışdır: “Qərb dairələrinin siyasi baxışları dini və irqi ayrıseçkilik üzərində qurulub. Nəticədə, yaratdıqları müharibə ocaqları miqrant axının artmasına səbəb olub. Əgər onlar demokratiya, insan hüquq və azadlıqlarından danışırlarsa, ayrı-ayrı dövlətlərdə rəngli inqilablar, münaqişə ocaqları yaratmaq niyyətlərindən əl çəkməlidirlər. Bu baxımdan, qeyd etmək olar ki, Türkiyənin üzləşdiyi PKK probleminin arxasında da məhz Almaniya dayanır. Bu da əlbəttə ki, xoşagələn hal deyil. Yəni, miqrant axınının yaranma problemi Qərbin özüdür. Onlar xarici siyasətlərində dəyişiklik etməsələr bu problemlərdən yaxalarını qurtara bilməyəcəklər”.
İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov bildirib ki, qaçqın və məcburi köçkün problemləri bütün dövrlərdə olub: “Hazırda da bu məsələ öz aktuallığını qoruyur. Bütün bunlar dünyanın siyasi xəritəsini dəyişmək istəyən Qərb dövlətləri və ABŞ-ın bir çox regionlarda münaqişə ocaqları yaratması, ayrı-ayrı dövlətlərin daxili işlərini qarışmasının nəticəsidir. Bunun nəticəsidir ki, bu gün Afrika, Yaxın Şərq və digər ölkələrin vətəndaşları üzləşdikləri ağır şəraitdən xilas olmaq üçün Avropaya üz tuturlar. Təbii ki, həmin dövlətlər miqrantları qəbul etməkdə çətinlik çəkəcəklər. Çünki söhbət beş-on şəxsdən getmir. Minlərlə insan öz yaxınlarını həyatda saxlamaq üçün ölkəsini tərk etmək məcburiyyətində qalıb. Bu mənada, Avropa ideal imic, görüntü formalaşdırdığı üçün hər kəs çıxış yolunu oraya üz tutmaqda görür. Lakin son hadisələr göstərir ki, köhnə qitədə də qaçqınlara rahatlıq yoxdur. Almaniyada yerləşən qaçqın düşərgələrinə millətçilərin hücumu məhz irqi və dini ayrıseçkilik zəminində baş verən hadisədir. Ona görə də, dünya gücləri ilk növbədə beynəlxalq sülhün təmin olunmasına şərait yaratmalıdır”.
Hüquq müdafiəçisinin fikirlərinə görə, reallıq isə budur ki, bu gün dünya gücləri ayrı-ayrı dövlətlərdə qarışıqlıq yaratmaqla məşğul olurlar. Lakin onlar unutmamalıdır ki, müharibələr artdıqca qaçqın problemlərindən də yaxa qurtarmaq mümkün olmayacaq”.
Terrorçuların dini olmadığını deyən Ş.Camalov əlavə edib ki, müsəlman heç vaxt terrorçu ola bilməz: “Dini mənsubiyyətindən asılı olmayaraq hər hansı bir şəxs terror şəbəkələrinə qoşulursa, deməli, o artıq heç bir dini mənsubiyyət daşımır. Çünki heç bir din insanları zor gücünə, cinayətə sövq etmir. Lakin bugünki hadisələr onu göstərir ki, xarici dairələri dolayı yolla yaxınlarının ölümünə səbəb olduğu müsəlmanları terrorçuluqda ittiham edirlər. Bu mənada, hazırda bəzi Avropa dövlətlərinin miqrantları qəbul edərkən dini məhdudiyyət tətbiq etməsi məhz islamafobiya, antisemitizm və ksenefobiya kimi amillərlə bağlıdır. Bütün bunlar nə demokratik, nə də fundamental dəyərlərə uyğun gəlir”.
Ceyhun ABASOV