https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
search
25 Aprel 2024

Hər şey OKEY! - “Qarabağ”ın düşərgəsindən reportaj

Hər şey OKEY! - “Qarabağ”ın düşərgəsindən reportaj

Aydın BAĞIROV
[email protected]

Bu şəkildə Qara Qarayevlə "Qarabağ"ın başqa bir oyunçusu (deyəsən, Reynaldo Silvadır) Londondakı məşhur “Big ben” zəngli saat qülləsinə baxırlar.

“Tottenhem”lə bugünkü oyunun başlamasını onların bizdən daha çox həyəcanla gözlədiyini desəm, yanılmayacam. Komanda çox həvəslidi. Bu matça da elə həvəslə hazırlaşıb ki, Qurban Qurbanovun sözləri ilə desəm, hətta bu gün “Qarabağ” özünün ən yaxşı oyunlarından birini nümayiş etdirmək əzmindədir. Yəni Ağdam klubunun oyunçuları Londona turist səfərinə və əlini-qolunu sallayaraq uduzmağa gəlməyib.

Rəqib “Qarabağ”ı qorxuzmur, komandadakı psixoloji durum, ab-hava yaxşıdır, ya da elə ingilislər demiş, Okey-dir)) Əsas odur gərginlik yoxdur. Hamının üzündə təbəssüm var. Sağ olsun ingilislər də, adamı görəndə ancaq gülürlər. Pozitiv enerji verirlər insana. Bizim saytlara da baxanda əhval-ruhiyyə daha da yüksəlir. Görün, nə qədər müdrik sözlər deyib futbol adamımız: “Qarabağ” “Tottenhem”i də məğlub eləməlidir, üstəlik lap “Barselona”nı da”.

Dünyanın bütün yazıçıları bir araya yığışsaydı, çətin ki, bu cümləni tapa bilərdilər. Fikir verin, məğlub eləyə bilər yox a, məğlub eləməlidir!

Təəccüblənməyin, bizim futbol tarixən belə qüsürlu zehniyyətlə idarə olunub. Ona görə də zamanında milyonlarla büdcəsi olan bir klubumuz sırf məşqçisinin bacarıqsızlığına görə Avropada hansısa bir məhəllə komandasını keçə bilməyib. İndi həmin adam Qurban Qurbanovun üzərinə məsuliyyətsizcəsinə ağır bir yük qoyur.

İlahi, sən belələrinə “Tottenhem”i kimi adlı-sanlı, tarixi kökü olan bir klubu az qala bizim AZAL komandası ilə bərabər səviyyədə tutmaq ağlını nə vaxt vermisən?

Amma stop!

İşinə daha məsuliyyətli olanlardan danışsaq, yaxşı olar. Qurban Qurbanov həmişəki ampluasındadır. Ciddi, soyuqqanlı... Futbolçular nə yeyir, nə içir, nə edir, hamısına diqqətlə fikir verir.

Jurnalistlərlə komanda eyni oteldə qalsa da, Qurbanovun köhnə qərarı hələ də qüvvədədir: futbolçulara müsahibə vermək qadağası qalır. Səbəb birdir: ancaq və ancaq oyuna köklənmək. Kiçik görünə biləcək bu faktın özü belə Qurbanovun bütün oyunlara necə ciddi yanaşdığını göstərir.

Matçdan sonra isə oyunçular sərbəstdilər. Nə istəsələr danışa bilərlər. Amma “Qarabağ”lı oyunçular da hər nə gəldi danışmırlar. Bu komandanın hər bir oyunçusu istənilən rəqibə ciddi yanaşır ki, bu da şübhəsiz həm də Qurban Qurbanovun rəqibə yanaşma siyasətinin bir hissəsidir.

***

“Qarabağ”ın qaldığı otel Londonun mərkəzinə yaxındır. Otelin girəcəyində “Qarabağ”ı salamlayan xüsusi lövhə vurulub. Otelin personalı bütün qonaqlar kimi, biz azərbaycanlılara da sayğı və gülərüzlə yanaşırlar (bizim bir çox otel idarəçilərinin örnək götürməsi lazım). Aralarında bəziləri hətta artıq Azərbaycan dilini də öyrənib. Futbolçulara,  jurnalistlərə otel işçilərinin ara-sıra bizim türkcədə “çox sağ ol” deməsinə də şahid oluruq.

Əhalisinin sayı az qala bütün Azərbaycanın əhalisi qədər (9 milyona yaxın) olsa da, Bakıdan fərqli olaraq, sakit şəhərdi London. Bura haqda o qədər təəssürat var ki... Qiymətlərin başqa Avropa ölkələri ilə müqayisədə çox yüksək olması (Bakıdan isə təqribən iki dəfə baha), bütün maşınların, avtobusların sükanın solda deyil, sağda olması, London taksilərinin fərqliliyi (bizdəki taksilərin yalnız çölü burdakılara bənzəyir. İçi nədirsə, nəsə ayrı şeydir), üç gündə bir siqnal səsi eşitməmək və daha nələr, nələr. Təbii, Londonun özü barədə ayrı bir yazı olacaq. Amma yeri gəldiyi üçün bu şəhərin təbiəti ilə bağlı bir məqamı qeyd etməliyəm: yağışı. 

Qəfil yağan güclü yağış dünən gün ərzində həm futbolçuların, həm də jurnalislərin planlarını pozdu. Çoxları şəhər gəzintisini yarımçıq qoyaraq otelə qayıtdı: hamısı da, təbii ki, möhkəm islanmış halda.

Yağış London üçün xasdır.

“İngiltərə klubları yağışda oynamağı oyrəniblər, bizimkilər isə yox. Yağış yağsa, bu, komandanızın oyununa nə kimi təsir göstərəcək?”

Dünən mətbuat konfransında bizim jurnalistlərdən biri bu sualı Qurban Qurbanova ünvanladı. Özü də sual elə vaxtda verilmişdi ki, bir qədər əvvəl yağış həm jurnalisti, həm də Qurbanovun özünü möhkəm islatmışdı. “Qarabağ”ın məşqçisi suala gülərək cavab verdi:

- Bəlkə heç sabah yağış olmadı! Olsa, təbii, oyunumuza mənfi təsir edəcək.

Hələlik bu dəqiqə (Bakı vaxtı ilə saat 14.24) burada yağış yoxdu, amma hava proqnozuna görə, bu axşam olmalıdır.

Yağışı bir kənara qoyaq. Bir balaca da “Qarabağ” klubunun rəhbəriyi haqda danışaq. Fürsət düşmüşkən, bu yazı vasitəsilə Azərbaycan jurnalistlərinin Londona səfərini yüksək səviyyədə təşkil etdikləri üçün onlara təşəkkür edirəm. “Qarabağ” bir klub olaraq daim jurnalislərin yanında olub. Bir neçə saat sonra isə klubun vitse-prezidenti Tahir Gözəlin jurnalistlərə görüşü gözlənilir. Tahir bəydən öncə isə klubun direktoru olan, bizim jurnalislərin sevimli dostu Əmrah Çəlikəllə söhbət elədik. Əmrah bəy müsahibələri zamanı-zamanı tez-tez işlətdiyi bir fikri yenə təkrarladı: “İnanmaq uğurun yarısıdır”.

Bəli, biz burda, Londonda “Qarabağ”a inanırıq, siz də orda, Azərbaycanda, yaxud dünyanın başqa ölkələrində.

Gəlin, inanaq!

Ən azı heç-heçəyə inanaq!

Lap yeri gəlsə, hətta qələbəyə də inanaq!

İnananda bəzən uğur da daimi olur: heç vaxt dayanmayan vaxt kimi.

London

P.S. İngiltərədən Avroliqadakı digər təmsilçimiz “Qəbələ”yə bu gün PAOK-la oyunda uğurlar arzulayırıq

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.