Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm Potterdamlı “Sülh şikayəti”, XVIII əsrdə İmmanuil Kant “Əbədi sülhə doğru”əsərini yazıb.
Sülh arzusu, məramı dünyanın demək olar bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamda “Əssəlamu-əl-leyküm”, iudaizmdə “Şolom aleyhem”- “Qoy evinizdə sülh olsun” deməkdir.
Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldılır.Uşaqlar sülh göyərçininin rəsmini çəkirlər. Sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır.
Lakin bu da acı reallıqdır ki, tədqiqatçı R.Ceksonun hesablamasına görə “1945-ci ildən üzü bəri sonra planetdə cəmi 26 dinc gün mövcud olmuşdur.” Bununla belə ümidlər də az deyil.
21 sentyabr bütün dünya ökələrində “Sülh günü” kimi qeyd olunur. Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir və bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur. Sülh gününü təsis edən BMT Baş Assambleyası onu dövlətlərarası və ölkələr daxilində əbədi sülhün təmin edilməsi yolları haqda birgə düşüncələrə təkan vermək məqsədi ilə təsis etmişdir.
Ancaq hətta sülh günündə belə ümumi məqsədlər naminə dövlətlər bir-birilə dil tapa bilmir, həmin gün dıə dünyada zorakılıq sədaları səngimir.
Sülh statistikasına nəzər salmaq bir çox məqamlara aydınlıq gətirir. İndiyə qədər bəşəriyyətdə 14000 müharibə olmuş və bu müharibələrdə 3.5 milyard insan öldurulmuşdur. Əlil olanların, yaralananların, mülkiyyətə vurulan ziyanın həddi-hüdudu yoxdur. Dünya o qədər təhlükəli olub ki, ölkələrdə istifadə olunan şəxsi mühafizə xidmətlərinin sayı, həmin ölkələrin rəsmi polisi və jandarmalarının sayını keçmişdir. Şəxsi təhlükəsizlik vasitələrinə xərclənən vəsaitin sayı-hesabı yoxdur. Məsələn I və II dünya müharibələri arasında yalnız 20 il sülh “fasiləsi” olmuşdursa da, son dünya müharibəsindən artıq 70 ilə yaxın sülhlə müşayiət olunan bir müddət keçir. Amma bu günün gerçəkliyi həm də odur ki, dünyada tam sülh şəraitinin bərqərar edilməsi və müharibələrsiz bir dünya düzəninin formalaşması obyektiv olaraq mümkün deyil. Bunun üçün dünya çox böyük və “rəngarəng”-dir. Belə ki, regional və lokal müharibələrin baş verməsi gələcəkdə də istisna deyildir.
Tədqiqatlara görə bütün dünyadakı aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm dünyada bir həftədə müharibə üçün xərclənən məbləğə bərabərdir.
2007-ci ildən etibarən dünyada “ən sülhsevər xalq”ları müəyyən etmək üçün qlobal reytinqləri də keçirilir. Reytinqlərdə konkret dövlətlərdə cəmiyyətin birgəyaşayış ənənələri, iqtisadi inkişafın səviyyəsi, ölkə ərazisində münaqişənin olub-olmaması və s. göstəricilər əsas hesab edilir. Azərbaycan haqsız münaqişəyə cəlb edilən, ərazisində müharibə gedən dövlət kimi burada təbii olaraq ilk yerlərdə deyil. Lakin hesab edirik ki, xalqımız dünyanın ən sülhsevər xalqı kimi 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllini seçim edib.
2011-ci ilin statistikasına görə bu reytinqdə sülh vəziyyətinin ən çox təmin edildiyi ölkə kimi İslandiya 1-ci yerdə durur, ən az sülh şəraiti olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi və siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.
Eleanora Ruzvelt yazırdı ki,“Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir.“
Bu gün Avropa məkanında 2-ci dünya müharibəsindən sonra sülhün bərqərar olduğu ən böyük mərhələnin yaşanması, reallıq olması böyük ümidlərdən xəbər verir. Dünyada ən uzun müddətli (1814-cü ildən bəri) fasiləsiz sülh şəraitində yaşayan ölkə İsveçrədir. Bu onu göstərir ki, sülh və inkişaf arasında sıx əlaqə mövcuddur.
ABŞ prezidenti Barak Obamanı özünün Nobel sülh mükafatı mərasimindəki nitqini “Ədalətli sülh və ədalətli müharibə” mövzusuna həsr etmişdir. O qeyd edirdi ki, “Biz acı həqiqəti etiraf etməliyik: nə qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğunu, hətta mənəvi-əxlaqi baxımdan doğru olduğu qənaətinə gələcəklər.” Ədalətli müharibə isə yalnız öz ərazisində düşmənə müqavimət göstərildiyi müdafiə edildiyi müharibədir. Baxmayaraq ki, İrak ABŞ-a hücum etməmişdi bununla belə həmin müharibəni amerikalılar ədalətli hesab edirlər. Hazırkı geosiyasi vəziyyətdə Ermənistanın işğalçı müharibəsi ədalətli sayıla bilərmi? Bu ermənilərin bütün iddialarına cavabdır. Onlar ədalətsiz və işğalçıdırlar.
Barak Obamanın çıxışı “müharibə müdafiə deməkdir” qənaəti üzərində qurulmuşdu. “Ədalətli müharibə”, sitat: “öz dövlətimi qorumaq və müdafiə etmək”( “to protect and defend my nation”) deməkdir. Deməli, ədalətli müharibə sənin öz torpaqlarında müdafiə olunduğun , təcavüzə qarşı durduğun müharibədir. Deməli sənin torpaqlarına təcavüz edən işğalçıdır və bu ədalətsiz müharibədir. Biz nə etsək haqlıyıq. Azərbaycan işğala qarşı torpaqlarını azad etmək hüququna malikdir, lakin 20 ildir ki, sivil və beynəlxalq hüquq qaydalarına əməl edərək sülh yolunu üstün tutub. “Ədalətli müharibə sülhdən yaxşıdır.” Sülh təkcə aşkar görünən münaqişənin olmaması demək deyil, ədalətli sülh-ədalətli müharibə nəticəsində qazanılır. Azərbaycan bu gün atəşkəs rejimindədir, lakin ədalətli sülh yoxdur, çünki beynəlxalq hüququn ədalətli qərarı ilə həll olunmayıb.
Sülh ümumbəşəri dəyər, fundamental hüquqdur. Sülh olmayanda başqa dəyərlər də qiymətdən düşür. Müharibələr dünyasında sülh adlı nəfəsdərimi fasilələri var. Bu gün ən böyük fasilə-70 il yaşanılır. Sülh missiyadır. Sülh və qlobal təhlükəsizlik demək olar ki, qoşa anlayışlar fenomenlərdir.
Sülh və əməkdaşlıq Azərbaycanda dövlət siyasətidir. Azərbaycan antiterror koalisiyasında öz yerini tutur və dünyada sülhə öz töhfəsini verir. Yaxşı məlumdur ki, ulu öndər Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti və xidmətləri ilə də tarixdə qalmışdır.
“Ümummilli lider, dünya siyasətinin və Azərbaycanın tanınmış lideri Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bu günkü tərəqqimizin təməlini qoymuşdur. Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ müharibəsində atəşkəsin bəyan edilməsi, sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.” Bu sözlər Amerika Birləşmiş Ştatlarının sabiq prezidentinə (Corc Buşa) məxsusdur.
Dünyada sülh və sülhsevər lider amili
Bütün müharibələri liderlər başlayır və onlar sona çatdırır. Bu o deməkdir ki, dünyada sülh sülhsevər liderlərə möhtacdır. Bu gün dünya sülhsevər lider qıtlığını yaşayır.
İşğalçı siyasətlə hakimiyyətə gələn, hərbi cinayətlərdə iştirak edən ölkənin lideri heç vaxt sülhün qədrini dərk edə bilməz. Tanınmış italyan tarixçisi V.Mançelli beynəlxalq konfransların birində demişdir: “Xoşbəxtlikdən dünyada davakar siyasətçilərlə yanaşı sülh fəlsəfəsini formalaşdıran siyasətçilər də olmuşdur və var”. Onlar sülh konsepsiyasını verməklə yanaşı, onun həyata keçməsi üçün çalışmışlar. Ümumilli llider Heydər Əliyevin : “ Bəli sülhün nə olduğunu biz bilirik.Atəşkəs olmasaydı müstəqillik olmazdı.Lakin biz ədalətli sülh istəyirik.”-fikirləri bu gün beynəlxalq sülhə verilən töhfələri yada salır.
Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev dünyaya inteqrasiya qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə sülhsevər lider kimi tanınır. Ölkəmiz regionda inkişaf və sabitliyin təminatçısı kimi tanınır. Sabitlik isə məlum olduğu kimi sülhün əsas şərtlərindən biridir. Dünyada hər bir ölkənin öz yeri və məqsədləri, bəzən haqlı gözləntiləri və əksər hallarda isə əsassız iddiaları mövcud olur. Bu da çoxlarının etiraf edə bilmədiyi bir reallıqdır. Bu reallıqda Azərbaycanın komplekslərdən azad olmaq kimi üstün xüsusiyyətə malikdir. Belə ki, bəzi dövlətlər qədim tarixi sərhədlərini bərpa etməyə, bəziləri fövqəldövlət statsusunu qaytarmağa, digərləri yeni dünyanın hegemon gücü olmağa iddia edir. Kimisə özünütəcrid, kimisə qarşıdurma, beynəlxalq birgəyaşayış prinsiplərinə zidd, kimi də ərazi bütövlüyünü pozan işğalçı dövlət imicini qazanmışdır. Azərbaycan bütün bunlardan azaddır və bu da onun daxili və xarici siyasət resursu, rəqabət üstünlüyü kimi mövqe tutmağa əsas verir.Sülhün təmin edilməsi mexanizmlərindən biri də işğalçı ölkənin beynəlxaq birliyin iradəsinə tabe edilməsi, ortaq səyləri ilə ədalətli sülhə məcburedilməsi ola bilər. Müharibə yalnız indiki deyil, gələcək nəsillərə də böyük ziyan vurur. Əgər sülh ənənəyə çevrilməyibsə deməli bəşəriyyətin dinc gələcəyi haqda düşünməyə dəyməz. Əgər hətta XXI əsrdə bir dövlət başqa dövləti ərazisini işğal altında saxlayırsa deməli sülh haqqında danışılanlar hələlik yalnız söz olaraq qalmaqdadır.
İstənilən lüğətə baxsaq sülh-“müharibənin olmaması, olmadığı” vəziyyət kimi tərif edilir. Sülh vaxtı-hər hansı bir dövlətin ərazisində müharibənin olmaması mənasını verir. Azərbaycanın üzləşdiyi və yaşadığı reallığa tətbiq edilərsə deməli xalqımız sülh zamanında yaşamır.
Həll olunmamış münaqişələr insanların ürəyində qalan sülh arzuları, milyonlarla vətəndaşın etnik təmizləməyə məruz qalması, öz tarixi torpaqlarından qaçqın düşməsi deməkdir.
1988-ci ildən üzü bəri dünyanın dəyişən mənzərəsində Azərbaycan Qafqaz regionunda daha çox qanlı müharibəyə məruz qalan ölkə oldu. Azərbaycan təcavüzkar Ermənistan dövlətinin işğalçı siyasətinə məruz qalaraq müharibə şəraitində yaşayır.Yenicə qazandığı müstəqilliyin şirinliyini dadmağa çalışan vətənimiz Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində torpaqlarının 20%-ni itirdi. Hərb müdaxilə və işğala məruz qalan, artıq 20 ildən çox müddətdə hərbi çəkişmələr poliqonuna çevrilən Azərbaycan cəmiyyətinin gündəmində sülhdən çox hər gün müharibə xronikası, mövzusu daha aktual yer tutur. Bu yerdə: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” şüarı öz təsdiqini tapır. Azərbaycan xalqı sülhsevər xalqdır. Xalqımız heç vaxt başqa dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməyib, heç kəsin torpağına göz dikməyib. Lakin tarixi torpaqlarımız işğalçı müharibəyə məruz qalıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli ordusu var. Reallıqda dərk edilməsə də Azərbaycan münaqişənin həllinin sülh yolunu tutmaqla əslində sülhə sadi olduğunu çoxdan sübut edib. Ermənistana sülh dərsi verib.
Qarabağ münaqişəsində iki ölkə arasında nə sülh, nə müharibə şəraiti davam edir. Biz 20 ildən çoxdur ki, münaqişənin dinc yolla həllinə üstünlük vermişik. Azərbaycan xalqının sülhsevər olduğunu, bu ali dəyərə sadiqliyini göstərmək üçün bu illər kifayət hesab oluna bilər. Lakin bu sonsuza qədər davam edə bilməz, belə sülh ola bilməz. Habelə konkret olaraq Ermənistanın münaqişə ilə bağlı hazırki durumda əsas günahkar olması müəyyən dairələrdə hələ də qəbul edilmir. Azərbaycan torpaqlarının işğal olunması, yüz minlərlə insanın qaçqın düşməsi, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətləri heç bir formada qəbul edilməzdir. Azərbaycan öz ərazilərinin itirilməsi ilə əsla barışmamaq kimi prinsipial mövqeyində haqlıdır.
Azərbaycan iqtisadi, siyasi inkişaf səviyyəsinə görə regionun lider ölkəsi kimi daha da güclənməkdədir və bu siyasət dəyişən dünyada Ermənistanın ardıcıl olaraq geriləməsi və tənəzzülü prosesinə paralel olaraq həm işğalçı ölkəni, həm də münaqişədə maraqlı olan qlobal gücləri yeni fakt qarşısında qoyur və qoyacaqdır. Ümumdünya sülh gününün tarixi gün kimi Azərbaycan üçün də böyük əhəmiyyəti var. Çünki biz həqiqətən də sülhün tərəfdarıyıq və hər zaman da Türkiyə cümhuriyyətinin qurucusu K.Atatürkün:“Yurdda sülh, cahanda sülh” ideyasının reallaşacağına böyük ümidlər bəsləyirik. Ancaq Ermənistanın işğal siyasəti, müharibənin “ömrünün uzadılması” uzun illərdir ki, Qafqazda ağ rəngli sülh göyərçinlərinin qanad açıb uçmasını əngəlləyir. Ermənistanın işğal olunmuş ərazilərdən çıxmaması hələlik ölkəmizi də, regionu da sülh kimi nemətdən məhrum edir.
XXI əsrdə dünyada sülhün reallığı:
Beynəlxalq birliyin ədalətli sülhə
məcburetmə iradəsi
Bu gün dünyada nəinki sülhün, əksinə yeni dünya müharibəsinin yaranma ssenariləri irəli sürülür və bu da acı reallıqdır. Müharibəyə səbəb ola biləcək amillər sırasında isə aşağıdakılar qeyd edilir:
– qlobal istehlak cəmiyyəti və resursların tükənməsi arasındakı ziddiyyət;
– qabaqcıl ölkələrlə inkişafda ləngiyən ölkələr arasındakı ziddiyyətlər;
– yoxsul və varlı ölkələr arasındakı ziddiyyətlər;
–milli elitalar, transmilli elitalar və xalqlar arasındakı ziddiyyətlər;
– qlobal maliyyə böhranının ziddiyyətləri;
– maddiyyat və mənəviyyat arasındakı ziddiyyətlər;
XXI əsrdə geosiyasi mübarizənin başlıca hədəfləri-mədəniyyətlər, sivilizasiyalar və dinlərdir. Onlardan hər hansı birinin hökmranlığı deyil, ortaq dialoqu və əməkdaşlığı sülhün qarantı kimi çıxış edir.
Sivilizasiyalararası dialoq sülhün təmin edilməsi mexanizmləri kimi
Azərbaycan son illər dünyada sivilizasiyalararası dialoq məkanı, tolerantlıq ünvanı kimi tanınır.
Bu çoxmillətli, çox konfessiyalı ölkəmizin daxili birgəyaşayış modelinin verdiyi töhfədir. Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmamışdır. Bu dövlətimizin tarixi taleyi və geosiyasi mövqeyindən irəli gələn bir üstünlükdür.
Bu tip münaqişələr Azərbaycan üçün keçmişdə qalan bir hadisədir. Biz çox arzulayardıq ki, dünya ölkələrində də bu arzuolunmaz ənənə keçmişdə qalsın. Dünya çoxçalarlıdır.Yer planetində üç əsas irqi təmsil edən 3 minə yaxın dildə danışan, yüzlərlə müstəqil dövlət mövcuddur. Sülh və qlobal təhlükəsizlik demək olar ki, qoşa anlayışlar fenomenlərdir. Sülh yoxdursa təhlükəsiz həyat da yoxdur. Təhlükəsizlik-təhlükənin olmadığı vəziyyətdir. Beynəlxalq humanitar hüquq sahəsində tanınmış fransız alimi Jak Kuşak qeyd edir ki, sülh və təhlükəsizlik, sabitlik insanın həyatı, işləməsi və inkişafı naminə fikirlərini cəmləməyə imkan verən ən böyük nemətdir.Buna görə hər bir yaranışından insan intuitiv olaraq təhlükəsizliyə can atır”.Müasir dövlət ənənəvi olaraq öz sərhədlərinə qapanan və aqressiv rəqabət aparan əvvəlki sələflərindən fərqli mühitdə mövcuddur. Qloballaşma ümumi, kollektiv təhlükəsizlik və kollektiv məsuliyyət anlayışını gündəmə gətirmişdir. İstənilən ölkənin qeyri-səmərəli fəaliyyəti beynəlxalq münaqişələrə səbəb olur. Böhran və münaqişələrin beynəlxalq həlli mexanizmləri isə hələlik demək olar ki, formalaşmamışdır. Buna görədir ki, müasir dövlət qlobal təhlükəsizliyin əsas faktoru kimi inkişafın düzgün yönəldilməsi modellərini özü müəyyən etməli olur. Müasir müharibə əvvəlkilərindən bütün parametrlərinə görə fərqlənir. Bu günün müharibəsi daha güclü məhvetmə vasitələrinə, deməli daha çox ziyana malikdir.İnformasiya müharibələri informasiya məkanında sülh prinsiplərinə əməl edilməsindən bilavasitə asılı olur.Bu da sülhün təmin edilməsi üçün bütün vasitələrin səfərbər edilməsini tələb edir.Dünyanın bütün resursları: humanizm, hüquqi, siyasi, mənəvi, iqtisadi, mədəni potensialı sülhün təmin edilməsi üçün səfərbər edilməlidir.
Sülh yumşaq gücdür.Sülh- mədəniyyət
deməkdir
İnsanlar arasında sülh dəyərlərini yaşatmaq üçün sülh mədəniyyətini təbliğ etmək lazım gəlir. Bildiyimiz kimi sülh mədəniyyəti başqa mədəniyyət formaları ilə müqayisədə nisbətən yeni sahədir. Sülh mədəniyyəti zəngin məzmuna malikdir. Buraya “sülh” anlayışına aid edilən fəlsəfi, mədəni, hüquqi, əxlaqi normaların geniş spektri daxildir.Sülh mədəniyyətinin bir fenomen kimi çox dərin tarixi kökləri var. Sülh çox çətin məşəqqətlər bahasına əldə edilən və həm də çox asanlıqla itirilə bilən bir nemətdir. Sülh mədəniyyətinin yaranması münaqişələrin aradan qaldırılması uzun zaman, böyük səylər tələb edir.Burada beynəlxalq hüququn prinsipləri öz sözünü qətiyyətlə deməlidir. Müharibə və zülmə qarşı qoyulan “əbədi və daimi sülh” anlayışı dünya fəlsəfəsinə və ictimai fikrə tədricən daxil olmuşdur. Sülh mədəniyyətini tərbiyə etməyin, onu ənənəyə çevirməyin ən sınanmış yolu- münaqişələrin ədalətli həllidir. Əgər dünya ədalətsizliyi görürsə sülh mədəniyyətini reallaşdırmaq heç vaxt mümkün olmayacaq.
Sülh universal dəyər kimi
Yeni dəyərlərin: humanizm, ünsiyyət və dialoq sisteminin formalaşması və qloballaşma dövründə sülh dövründə sülh mədəniyyətinin bərqərar olması üçün prioritet amilidir. Humanizm, latınca “humanus” (insana xas olan) sözündən olub, insanın ali dəyər olduğunu irəli sürən dünyagörüşüdür.
Humanizm müasir dövrün ümumbəşəri, ənənəvi paradiqması kimi dəyərlər sistemində öz statausuna malikdir. Humanizm, eyni zamanda,onun tam əksini təşkil edən antihumanizm fenomeninin kökləri sivilizasiyanın yarandığı dövrlərə qədər gedib çıxır. Demək olar ki, insanın xeyir və şər arasında seçim etdiyi dövrlərdən başlayır. Paradoksal səslənsə də, humanizm və onun tam əksini təşkil edən antihumanizm müasir dövrün Qərb mədəniyyətində mövcud olan insan problemini ifadə edən polyar, dual fenomenlərdir. Onların münaqişəli mahiyyətinin dərk edilməsi Qərb fəlsəfəsinin və mədəniyyətinin səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Tarixən humanizm və antihumanizm çoxşaxəli təzahürlərə malik olmuşdur. Tədqiqatçılardan birinin qeyd etdiyi kimi, “ən müasir mənəviyyat, XXI əsrin insanlığa dair təsəvvürlərində humanizm və antihumanizm arasındakı münaqişənin nəticəsindən asılı olacaqdır”. Bəşər tarixinin bütün dövrlərində onu müşayiət edən böhran mərhələlərində insanı bütün canlılardan fərqləndirən, onu zirvəyə ucaldan dəyərlər sistemi gündəmdə olmuşdur. Hətta demək olar ki, dəyərlər sisteminin təşəkkülü məhz böhran zamanlarına daha çox təsadüf etmişdir. Bu gün də dünya növbəti böhran mərhələsini yaşayır. Sülhün dəyərlər sisteminin mərkəzinə gətirilməsi, qlobal sivilizasiyanın gələcəyini təmin edən yeni humanizmin formalaşması bütün kəskinliyi ilə qarşıda durur. Bu baxlmdan qloballaşma proseslərinə paralel olaraq humanizmin də inkişafın başlıca meyli kimi qəbul edilməsi XXI yüzilliyin əsas məsələsidir. Qeyd edilənlər, uzun tarixi dövrə malik humanizmin yeni prinsiplərinin formalaşmasını, bütövlükdə yeni dəyərlər sisteminin qlobal cəmiyyətin prioritetləri sırasında yer almasını zəruri edir. Hər bir sivilizasiyanın da, ölkənin də, konkret insanın da əksəriyyət tərəfindən qəbul edilən dəyərlər sisteminin daşıyıcısı kimi də təsəvvür etmək olar. Bu və ya digər tarixi dövrdən bəhs edəndə ilk növbədə həmin dövrün insanlarının hansı mənəvi dəyərləri üstün tutduğunu gözümüz önünə gətirməklə zamanın əxlaqi mənzərəsini təsəvvür edə bilirik. Digər tərəfdən, diqqətlə izlədikdə, müxtəlif tarixi mərhələlərin başlamasını dəyərlər sisteminin, dəyər priyentasiyalarının dəyişməsi ilə bilavasitə əlaqəli olduğunu da görə bilərik. İnsan da , cəmiyyət də, müqəddəs hesab etdiyi dəyərləri özü məyyən edir. Bəzən bu dəyərlər həm insanlarda, həm də dövlətlərdə üst-üstə düşür və bəşəriyyət inkişafının ən yaxşı tarixini yaşayır. Universal, mütləq dəyərlər bütün bəşəriyyət üçün əbədi statusa malikdir.Universal, mütləq dəyərlər bütün bəşəriyyət üçün əbədi status qazanıb. Lakin hər yeni nəslin gəlməsi ilə bu dəyərlər yenidən dərk edilməli olur, onların məzmunu fərqli başa düşülür.
İnsan həyatının ən müqəddəs dəyər olması şübhəsizdir. Çünki insan yoxdursa dəyərlər sistemini yaradan və onu qiymətləndirə bilən subyekt də yoxa çıxır.
Tarixən humanizmin dini və dünyəvi kimi iki forması müəyyən edilmişdir. Humanizm anlayışının hələlik ümumən başa düşülən məzmundan çox abstrakt məzmuna malik olmasını 1982-ci ildə Nyu-Yorkda nəşr olunmuş “Müasir ideyaların panoramı” adlı kitabda görmək mümkündür. 2001-ci ildə 11 sentyabrda Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinin partladılmasını kitabda tədqiqatçılar “partlayan sükut” adlandırırlar. Bu ifadə olduqca düşündürücüdür. Bu o deməkdir ki, humanizmin sükutu – yolverilməzdir. Çünki susan humanizmin sonunda mütləq “partlayış sədası” gözləniləndir. Bəşəriyyəti bu məqam, humanizmin reallığı və susduğu məqamlar düşündürməlidir. Qloballaşma dövründə vahid tam olan dünyanın sülh modelində adekvat çeviklik və dəyişikliklər baş verməlidir.
Bir məsələ tam aydındır: Bəşər tarixində böyük mütəfəkkirlərin bəyan etdikləri, arzuladıqları “əbədi sülh” artıq reallığa çevrilməlidir. Əks təqdirdə müharibə texnologiyasının milyonlarla artan dağıdıcı gücünün toplanması nəticəsində bəşəriyyətin məhvi qaçılmazdır.
Bəzən ritorik olmayan sualların cavablarını bilmək də maraqlı olur: əgər bölgədə yalnız əhalisinin sayına görə deyil, sabitlik və inkişafın lideri olan Azərbaycan olmasa idi vəziyyət necə olardı? Azərbaycanın dünyada siyasət, iqtisadiyyat, mədəniyyət, enerji təhlükəsizliyi, sülh və əməkdaşlıq sahəsində verdiyi töhfələr, etibarlı tərəfdaş dəstəyi olmasa idi, dünya bundan nə qədər itirərdi? Üstəlik işğal olunmuş torpaqlar, iyirmi ilə yaxın yaşanılan müharibə vəziyyəti olmasaydı Azərbaycan xalqının rifahı və inkişaf templəri,dünyada və bölgədə sülh və əməkdaşlığa töhfəsi nə qədər çox ola bilərdi? Çünki nə qədər olsa da edilənlərlə müqayisədə Azərbaycanın imkan və potensialı dəfələrlə üstündür. Bu potensialın reallaşması isə tək Azərbaycan üçün deyil, bütün region və dünya üçün çox faydalıdır.
XXI əsrin yeni beynəlxalq siyasi sisteminin formalaşması, dünya birliyinin üzvü olan hər bir dövlətin təşəbbüslərindən, öz cəmiyyətində yaratdığı inkişaf və sülh modelindən çox asılıdır. Qlobal inkişaf, lokal milli dövlətlərin uğurunu təmin edən, xüsusilə də model böhranını yaşandığı indiki dövrdə yüksəlişi təmin edə bilən dövlətlərin təcrübəsini nəzərə aldıqda daha dayanıqlı, daha etibarlı ola bilər. Bu baxımdan Azərbaycan cəmiyyətində mövcud olan inkişaf və birgəyaşayış modeli, işğal və müharibə yolunu tutan dövlətlərlə müqayisədə dərindən təhlil edilməli, konkret bəhrələrini verməli, hər bir dövlət öz aşkar adı ilə çağırılmalıdır.
Rəbiyyət ASLANOVA