|
|
|
|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs xanəndəlik ixtisası üzrə tələbəsi Azər Səlimov sentyabr ayının 17-21-i arası Rusiyanın Astraxan şəhərində "Qolosa Zalatoy stepi 2015" V Beynəlxalq etnofestival-müsabiqəsində Azərbaycanı təmsil edib.
Festivala 24 müxtəlif ölkədən 200 nəfərdən çox musiqiçi qatılıb. Müsabiqə 4 nominasiya üzrə keçirilib.
ADMİU-nun tələbəsi solo xalq ifası nominasiyasında çıxış edib. Müsabiqə 2 mərhələdən ibarət olub və 24 ölkədən 24 ifaçı öz xalqına məxsus xalq mahnılarını ifa edib. Azər Səlimov I turda "Qara tellər", "Bana-bana gəl", "Ahu kimi" və digər xalq mahnılarını münsiflər heyətinin qarşısında ifa edərək II mərhələyə keçib.
Qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrin ən tanınmış sənət adamlarından ibarət 8 nəfərlik münsiflər heyəti olub. II mərhələdə Azər "Heyratı" zərb muğamını ifa edib və III yerə layiq görülüb.
Festival-müsabiqə sentyabr ayının 21-i bitsə də, laureatlar Astraxan Dövlət Konservatoriyasında ustad dərsləri vermiş, kanal 7+ və CTC kanalında qonaq olmuş, Astraxan 24-televiziya kanalında isə onların iştirakı ilə "Etnoqraf" verilişi hazırlanıb. Veriliş oktyabr ayının 7-də efirə yayımlanacaq. Bundan əlavə laureatlar festivaldan kənar Astraxan Konservatoriyasında konsert də veriblər.