Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk İn ilə görüşüb.
BDU-dan 525.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov koreyaşünaslıq ixtisasının tədrisi, indiyədək bu ixtisas üzrə məzun olmuş mütəxəssislərin Koreyanın müxtəlif universitetlərində təcrübə keçmələri, səfirliyin dəstəyi ilə təşkil olunmuş müsabiqələr barədə söhbət açıb və bütün bu işlərin həyata keçirilməsində səfirin böyük dəstəyini qeyd edib.
Öz növbəsində Koreya səfiri diplomatik fəaliyyətinin başa çatması ərəfəsində BDU-ya dəvət edildiyi üçün rektora təşəkkür edərək, universitetlə bağlı xoş xatirələrini bölüşüb. O, Koreya dövlət proqramlarına əsasən, hər il 10 azərbaycanlı tələbənin bakalavr, magistr və fəlsəfə doktoru üzrə Seulda təhsil almalarından və həmin proqramlarda BDU tələbələrinin iştirakından bəhs edib. Səfir Azərbaycanla Koreya arasında elm və təhsil sahəsində əlaqələrin gələcəkdə də uğurla davam edəcəyinə ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, görüşdə səfir müşaviri Tae Yun Youl və BDU-nun uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli də iştirak edib.