"ABŞ və Qərbin Ermənistanla bağlı mövqelərinin eyni olması Dağlıq Qarabağ probleminin həllini uzadır".
Siyasi məsələlər üzrə ekspert Fikrət Sadıqov belə hesab edir. Onun sözlərinə görə, məhz elə bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin həll uzanır: "Faktiki olaraq həm ABŞ, həm də Qərbdə Dağlıq Qarabağ münaqişəsinə dair səsləndirilən fikirlər eynidir. Bir də Ukrayna böhranına nəzər salaq. Bu məsələ Dağlıq Qarabağ münaqişəsi ilə demək olar ki, eynidir. Amma burada bir fərq var ki, o da nə Avropa, nə də ABŞ-ın Ukraynaya göstərdiyi münasibəti bizə göstərməməsidir. Onlar rəsmi Kiyevə məsələni hərb yolu ilə həll etməyi məsləhət görür, buna dəstək verir, hətta bunun üçün Ukraynaya köməklik də göstərirlər. Reallıq budur. Biz yenə də ikili standartlarla üzləşirik".
F. Sadıqov bildirib ki, hazırda Azərbaycan öz gücünə, hərbi potensialına və siyasi iradəsinə güvənməlidir: "Nə Rusiya, nə ABŞ, nə də Avropa İttifaqına bu məsələ ilə bağlı güvənmək olmaz. Doğrudur, Dağlıq Qarabağ məsələsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Bunu başa düşərək biz onlarla münasibətləri genişləndirməyə çalışırıq. Eyni zamanda Rusiya da anlayır ki, Azərbaycanla münasibətləri genişləndirmək və dərinləşdirmək, Ermənistanla olan münasibətlərindən daha faydalıdır".
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış şərait Azərbaycan prizmasından ideala yaxın və unikaldır. Onun szölərinə görə, hazırkı vəziyyət Ermənistanı çətin duruma salıb, qoşunların təmas xəttində baş verən hərbi gərginlik Ermənistanın daxili və xarici siyasətinin testinə çevrildi. Politoloq qeyd edib ki, Ermənistanın heç müttəfiqi yoxdur, geosiyasi vəziyyət Ermənistanın ziyanınadır: "Ermənistanın indiki düşdüyü vəziyyətin bir səbəbi Azərbaycanın apardığı siyasətdirsə, digər səbəbi Ermənistanın özünün siyasətidir: Onun sözlərinə görə, hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya istənilən anda istənilən məsələni gündəliyə daxil edə bilər: "Rusiya Ermənistan-Azərbaycan sərhəddində baş verənlərə susdu. Heç bir reaksiya vermədi. Hətta insidentləri dayandırmaq çağırışı etmədi. Azərbaycan ordusunun açdığı atəşlər nəticəsində erməni mətbuatı 4 mülki vətəndaşın öldüyü, bir neçəsinin yaralandığı, şəxsi evlərə, mülki obyektlərə dəyən zərər barədə məlumatlar yayıb. Rusiya ən azı ümumi halda sakitliyə çağıra bilərdi. Bunu da etmədi. Həmin məlumatların yayıldığı dövrdə Ermənistanda, Ermənistan-Rusiya birgə qoşunları batalyon səviyyəsində hərbi təlimlər keçirirdi. Başqa sözlə, Rusiyanın hərbi bazasının və hərbi aktivliyinin fonunda da Azərbaycanın ünvanına heç bir fikir səslənmədi".
M.Əhmədoğlu deyib ki, İran Ermənistanın kommunikasiya, iqtisadi investisiya məsələlərində olduğu kimi Dağlıq Qarabağ məsələsində də ümidgahına çevrilib: "İranla "altılıq" arasında uğurlu müqavilənin imzalanması Ermənistanı xeyli ruhlandırmışdı. Amma Ermənistan İranın paradoksal siyasəti ilə üzləşdi. Ermənistan kifayət qədər antiiran siyasəti aparıb. Livana sülhməramlı adı ilə qoşun göndərməsi, Vorotan SES-i ABŞ-a satması ən qatı antiiran addımlarıdır. Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi vəziyyətin gərginləşəcəyi təqdirdə İranın Ermənistana yardım etməsi mümkün deyil".
Onun fikrincə, daxili vəziyyəti getdikcə gərginləşən Ermənistan heç bir təhdidə cavab verə bilməz: "Faktiki Ermənistanın daxilində hakimiyyət uğrunda mübarizə başlayıb. ABŞ-ın korrupsiya məsələsində Ermənistanın rəhbərinə eyham vurması Serj Sarkisyanın vəziyyətini çətinləşdirib. Sarkisyanla eks-prezident Robert Köçəryan arasındakı gərginliyi buraya əlavə etsək, Qarabağ klanının hakimiyyəti saxlamaq uğrunda mübarizədə vəziyyətinin çətinləşdiyini iddia etmək olar. Qarabağ əlillərinin deputatlar tərəfindən döyülməsi və mitinqlər dövründə əhalinin Serj Sərkisyanın siyasətini dəstəkləyəcəyi mümkünsüzdür". Ekspert hesab edir ki, yaranmış geosiyasi vəziyyət Ermənistanın ziyanınadır: "Ermənilər çox şey itirə bilərlər. Azərbaycanın apardığı siyasət isə həm Ermənistan, həm region, həm də qlobal miqyasda ona əlavə dividendlər qazandırır.Bu isə Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların başlanmasında çox əlverişli şəraitin yaranması anlamında başa düşülməlidir. Yaranmış şərait Azərbaycan prizmasından ideala yaxın və unikaldır: Azərbaycana minimal risklə böyük qələbə vəd edir".
PƏRVANƏ