|
|
|
|
"Şuşanın işğalında iştirak edən erməni general Arkadi Ter-Tedevesyan dəfələrlə Azərbaycana qarşı bəyanatlar səsləndirib. Həmin bəyanatların heç biri bugünə qədər özünün faktiki həllini tapmayıb və tapmayacaq".
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov erməni general Arkadi Ter-Tedevesyanın müharibə başlayarsa, Ermənistanın Azərbaycanın neft kəmərlərinə zərbə vuracağı ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ter-Tedevesyan özü də gözəl bilir ki, Azərbaycanın Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemləri yüksək səviyyədədir: "Əks halda düşmən qüvvələri Azərbaycana çoxdan problem yaradardı. Bu tip bəyanatlar yalnız söz yığınından ibarətdir. Azərbaycan tərəfi bəzi hallarda buna əhəmiyyət verməməlidir. Çünki regionda ən böyük maliyyə imkanlarına sahib olan Azərbaycan öz hərbi qüdrətini də artırır, Silahlı Qüvvələrini müasir hərbi texnika və silah-sursatla təmin edir. Bu baxımdan qeyd edək ki, ermənilərin pilotsuz uçan aparatının vurulması ilə bağlı Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun dediyi kimi Ermənistandan fərqli olaraq biz onların uçan pilotsuz aparatlarını asanlıqla müəyyən edir və onları sıradan çıxarmaq imkanına malikik".
Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qaşrı hədələrinin daxili auditoriyaya hesablandığını deyən hərbi ekspertin sözlərinə görə, işğalçı ölkədə çox ciddi sosial-iqtisadi böhran hökm sürür və hakimiyyətdən narazı insanlar Sarkisyanın istefa verməsini tələb edirlər: "Ermənistanda davam edən kütləvi etiraz aksiyaları gec-tez Sarkisyanın istefası ilə nəticələnəcək. Ona görə də, işğalçı rejim rəhbəri vətəndaşlarının diqqətini daxili məsələlərdən yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Lakin sərhəddə və qoşunların təmas xəttində gərginlik yaradan Ermənistan Silahlı Qüvvələri Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alır, ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalırlar. Lakin bütün bunlara baxmayaraq Sarkisyan Azərbaycana qarşı bəyanatlar verməyə davam edir. Çünki düşməni danışdıran onun havadarlarıdır".
Daha sonra Ü.Cəfərov əlavə edib ki, Azərbaycan heç bir dövlətin bir qarış torpağına iddia etmir: "Bizim yeganə məqsədimiz Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasıdır".
Ceyhun ABASOV