Türkiyənin Ankara Qazı Universitetində və İzmirdəki Səlahəddin Akçiçək Mədəniyyət Mərkəzində “Aypara” muğam üçlüyünün solo konserti olub.
525.az-ın məlumatına görə, konsertdə İkinci Respublika muğam müsabiqəsinin və Yeddinci Beynəlxalq “Sounds of Eurasia” festivalının qalibləri olan Aytən Məhərrəmova (xanəndə), Ədalət Behbudov (tarda), Pərviz Fərhadov (kamançada), Əlipaşa Talıbov (nağarada) çıxış ediblər.
“Aypara” muğam üçlüyündən saytımıza verilən məlumata görə, konsert çox yüksək səviyyədə keçirilib.
Sənətçilər konserti “Sizə salam gətirmişəm” mahnısı ilə açıblar. Onların ifasında “Çırpınırdı Qara dəniz” və “Qarabağ Şikəstəsi” qonaqlarda gözəl təəssüratlar bağışlayıb və musiqinin ahəngindən ruhlanaraq gənc sənətçiləri ayaq üstdə alqışlayıblar. Konsertdə həmçinin milli rəqslərimiz də nümayiş olunub. Tahir Eynullayev tərəfindən təqdim olunan rəqslər tamaşçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, konsert 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş və Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Turqun Arat, İzmirdə təhsil alan tələbələr adına təmsilçi Cavid Əliyev, UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatı Azərbaycan bölməsinin təmsilçisi Minarə Quliyeva ,Dünya Gəncləri Dostluq və Həmrəylik Dərnəyinin rəhbəri Sedat Adakan, Azərbaycanlı Tələbə və Məzunların Əməkdaşlığı Təşkilatının rəhbəri Saday Alışovun təşkilatçılığı ilə keçirilib.