Bir neçə il öncə türkiyəli rəssam Fikrət Otyamın bir yazısını oxumuşdum. Yazını oxuduqdan sonra içimə qapqara bir hüzn çökmüşdü. Fikrət Otyam o yazısında amerikalı yazar William Sorayanla Bitlisə səfərlərini yazır. Sorayanın babası 1908- ci ildə Bitlisdən Amerikaya köç etmişdir. Aradan illər keçdikdən sonra Sorayan, Fikrət Otyamla birlikdə Bitlisdə babasının evini axtarıb tapar. Orada yaşayanların göstərdikləri evdən sadəcə bir divar və o divarda bir pəncərə qalmışdır. Fikrət Otyamın yazdığına görə Sorayan dəsmalını çıxarıb ağlaya-ağlaya o qırıq pəncərənin çərçivəsini silməyə başlar.
Yuxarıda yazdığım kimi bunu oxudum və içimə qorxunc bir hüzn çökdü. Özümü Sorayanın yerinə qoydum, hüznləndim. Yuvadan qopmanın nə qorxunc bir dram olduğunu bir daha hiss etdim. Sonra yurdundan, yuvasından qovulmuş minlərcə azərbaycanlını düşündüm.Və onların dramlarını yazmayan, yazammayan yazarları...
Amma səni oxuyunca içimdəki hüzn sənin dəsmalınla silindi getdi!
Afərin sənə, Mirbəhram, afərin!
Cibindən çıxardığın və Rəsulzadənin məzarını sildiyin o dəsmal, sən bu yazını yazdıqdan sonra mənim gözümdə sənin kimi vəfalı bütün Azərbaycan gənclərinin günahlarını sildi süpürdü, bundan əmin ol!
İllər öncə Araz çayının Türkiyə tərəfındə durmuş və uzaqdan sənin ölkənə baxıb xəyallar qururdum. O zamanlar daha 15-16 yaşındaydım və ürəyim Azərbaycan həsrəti ilə doluydu. O sıralar Şövkət Sürəyya Aydəmirin “Suyu Arayan Adam” kitabını oxumuşdum. Şövkət Sürəyya o kitabında Turana gedişini söyləyir. Türkiyənin bir ucundan, Ədirnədən atına minən bir gənc, Qafqaz İslam Ordusu ilə azərbaycanlı qardaşlarının imdadına yetişir. Xəyalları böyük, həyəcanı sərhədsizdir. İki ilə yaxın xəyalını qurduğu Turanın ən önəmli məmləkəti Azərbaycanda qalır. Ruslar 1920 ci ilin aprelində Azərbaycanı işğal edincə o gənc əsgər ölkəsinə dönməz və o zamankı Nuxa qəzasında müəllimlik etməyə başlar. Orada Sitarə isimli bir qızı sevər.
Mirbəhram, biz Türkiyədəki gənclərin çoxu o Sitarəyə aşiqdik. Hamımız həm oxuyar, həm də bir gün müəllim olub da Nuxa kimi bir yerə gedib orada müəllimik etməyi xəyal edirdik! Bizi bu xəyal, bu eşq həyatda tuturdu, bilirsənmi?
İllər keçdi və mən 1990 – cı ildə ilk dəfə Azərbaycana getdim. Bakıya girdiyimdə gözlərimdən yaşlar axırdı və qəlbim Sitarənin adıyla birlikdə atırdı. Sitarə o gün Xəzər, İçəri şəhər, Sabirin heykəliydi...
Xəyallarımızı Şövkət Sürəyya Aydəmirin Sitarəsi süsləyirdi, bilgimizi isə Rəsuzadənin mirası... Bəli, o qardaş bir ölkədə 1955- ci il martın altısında həyata gözlərini yumarkən Azərbaycanla bağlı nə lazımsa onları yazmış və gələcək nəsillərə hədiyyə olaraq qoymuşdu. Onun qurduğu dərnək, o dərnəyin hər üç ayda bir yayınladığı “Azərbaycan” dərgisi və kitablar bizim mənəvi gidalarımızdı. Türkiyənin quzeyində, Artvində internat məktəbində oxuyarkən hər sabah poçta qaçıb dərgi gəldimi deyə maraqlanmağım dostlar arasında zarafat mövzusuna çevrilmişdi. Bəzən əllərində bir zərflə yanıma gəlir və dərgi gəldi deyə məni aldadırdılar. Amma mən üzülməz, qırılmazdım. Yenə də səbrlə dərgini gözlərdim. Dərgi gələr, hamımız toplanar və müqəddəs bir kitabı oxur kimi dərgini başdan sona oxuyar və yataqlarımıza uzanıb xəyallara dalardıq.
Rəsulzadə sadəcə bir çağın adamı deyildi. O sadəcə bir siyasətçi də deyildi. O, həm müdhiş cəsarətli bir aydın, həm də böyük bir müəllimdi. Heç bir müəllim onun qədər bir neçə nəsli dərindən təsirləndirməmişdi. Hamımız Azərbaycanı ondan öyrənmişdik.
Afərin sənə, Mirbəhram! Afərin, çünki atanı unutmadın. 70 illik imperiya onun ideallarını unutdurammadı və sonunda şükür ki, sənin kimi vəfalı gənclər doğuldu. Bu deməkdir ki, Rəsulzadə ölmədi, yaşayır!
Bakı nə qədər ruslaşsa da, oraya hər gəldiyimdə bəzi gənclərin hələ də aralarında rusca söhbətlərinə əsəbləşsəm də ümidimi əsla itirməmişdim. Bu xalq yaşamağa layiqsə mütləq vəfalı olacaq və özünə dönəcək, demişdim. Şükür ki? bu ümidimi daha da gücləndirdin, Mirbəhram!
Bilirsən, M. Akif Ərsoyun məşhur “Çanaqqala” şeiri vardır. O şeirdə Akif, gələcək Türk nəslinə səslənir və belə deyir:
Asım’ ın nesli..diyordum ya..Nesilmiş gerçek! İşte çiğnetmedi namusunu, çiğnetmeyecek!
Sənin kimi Rəsulzadənin nəsilləri davam etdikcə bu ölkənin də namusu “çiynənməyəcək” ! Çünki Rəsulzadə və onun nəsli bağımsızlığın da, dilin də, namusun da, vətənin də qədrini bilən və o uğurda ölümə gözü qara, igidcəsinə gedən bir nəsildir.
2007- ci ildə Bakıda Oljas Süleymanov kimi bir aydın bizim qarşımızda rusca danışdı. Rəsulzadə isə 1917- ci ildə Rusiya müsəlmanları qurultayında təkbaşına çıxıb: “Türk dilindən başqa bir dildə əsla danışmayacam!” deyə hayqırmışdı. Sənin aydınının, sənin liderinin, sənin babanın cəsarəti və idealı belə idi, Mirbəhram! Bu qandan səndə də var!