“Respublika Hərbi Prokurorluğu tərəfindən Daşkəsəndə yerləşən hərbi hissələrdən birində qulluq edən əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsi faktı ilə əlaqədar başladılmış cinayət işi tezliklə başa çatdırılmalıdır”.
525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, Respublika Hərbi Prokurorluğu, istintaq orqanları bu hadisədə günahkar olan şəxslərin qısa bir zamanda tapılaraq, cəzalandırılmasına nail olmalıdırlar. R.Aslanova hesab edir ki, çünki bu, sıradan bir hadisə deyil, məlum cinayət hadisə ilə bağlı qəti və ciddi ölçülər götürülməlidir:
“Onu da qeyd edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, əsgərlərimizin öz hərbi xidmətlərini yerinə yetirmələri, onların vətənə olan borclarını qaytarmaları üçün hər cür şərait, imkan yaradılır. Azərbaycan ordusu, Azərbaycan əsgəri bu gün dövlətin, ölkə Prezidentinin diqqəti və qayğısı altındadır. Bununla belə, son dövrlər ordumuzda baş verən bəzi neqativ hallar da hamımızı ciddi şəkildə narahat etməkdədir. Düzdür, biz müharibə vəziyyətində yaşayırıq, müharibədə və ya hazırda atəşkəs şəraitində cəbhə bölgəsində düşmən gülləsindən hansısa əsgərin ölümü, şəhid olması başqa məsələdir, ancaq hansısa hərbi hissədə qulluq edən əsgərin bu və ya digər səbəbdən, xüsusilə, döyülərək, vəhşicəsinə öldürülməsi tamam başqa məsələdir. Bu, qətiyyən, yolverilməz və bağışlanmaz bir hərəkətdir. Bu baxımdan, hesab edirəm ki, cəmi 3 ay öncə hərbi xidmətə yola düşən və özü də ailənin tək oğlan övladı olan mərhum Ceyhun Qubadovun ölümündə təqsirli, günahkar olan şəxslər aidiyyəti orqanlar tərəfindən tezliklə müəyyənləşdirilərək, öz layiqli cəzalarına çatdırılmalıdırlar. Ümumiyyətlə, Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğu dinc şəraitdə əsgər ölümlərinin, intihar hallarının artmasının qarşısının alınmasında daha ciddi və təsirli addımlar atmalıdırlar. Müharibə vəziyyətdə olan bir ölkənin ordusunda bu cür halların baş verməsi qətiyyən, yolverilməzdir və bu kimi hallara yol verənlər də öz əməllərinin nəhayət, layiqli cavabını, cəzasını almalıdırlar. Bu məsələdə heç cür gecikməyə və güzəştə yol vermək olmaz”.
Millət vəkili eyni zamanda, C.Qubadovun ölümü ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı verib, mərhuma Allahdan rəhmət, əzizlərinə isə səbir diləyib:
“Mən bir ana, bir valideyn, bir millət vəkili kimi, bu hadisədən boyun üzüntü, dərin kədər hissi keçirdiyimi, bu cinayəti törədənləri lənətlədiymi, onların tezliklə tapılaraq, cəzalandırılmasını istədiyimi və tələb etdiyimi, eyni zamanda, mərhumun ailəsinin kədərinə, acısına şərik olduğumu, onu bölüşdüyümü bildirmək istəyirəm. Həmçinin bildirmək istəyirəm ki, bu hadisədə azacıq olsun belə, əli və iştirakı olan şəxslərin tezliklə tapılaraq, cəzalandırılacağına da inanıram. Kimsənin ahı kimsədə qalmaz, qalmamalıdır və qalmayacaq. Mən buna qəti əminəm. Bir daha mərhuma Allahdan rəhmət diləyir və ailəsinə Böyük Yaradandan səbir arzulayıram”.
Kamil Həmzəoğlu