|
|
|
|
Yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölümü ciddi rezonans doğurub.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov «525»ə açıqlamasında bu kimi halların baş verməsinin təəssüf doğuran məqam olduğunu bildirib. O, bununla yanaşı bu kimi məsələlərin siyasiləşdirilməsinin düzgün olmadığını qeyd edib: «Lakin mən bunun siyasiləşdirilməsinin qəti əleyhinəyəm. Ayrı-ayrı siyasi təşkilatlar və qurumlar bu məsələdən sui-istifadə etməyə çalışırlar. Əlbətdə ki, belə məsələlərdə günahkar şəxslər cəzaladırılmalıdırlar. Məndə olan məlumata görə artıq ordu rəhbəri və ölkə rəhbərliyi bununla bağlı konkret tapşırıqlar verib və günahkarlar cəzalandırılıb. Əminəm ki, onlar öz layiqli cəzalarını alacaqlar. Biz hazırda müharibə şəraitində yaşayırıq. Belə halların şişirdilməsi və siyasiləşdirilməsi düzgün deyil. Bütün sahələrdə olduğu kimi orduda da baş verən istənilən qanunsuzluqların qarşısı qanunla alınır. Təəssüf edirəm ki, belə hallardan sui-istifadə edən siyasi təşkilatlar və şəxslər vardır».
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili bu hadisə ilə bağlı Hərbi Prokurorluğa müraciət edib. Müraciətdə baş vermiş ölüm hadisəsindən narahatlıq ifadə olunub. Elmira Süleymanova hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin edilməsi və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılmasını xahiş edib.
Millət vəkili Rauf Əliyev əsgər C.Qubadovun ölüm faktı ilə bağlı mediada yer alan bəzi fikirlərin narahatlıq doğurduğunu ifadə edib. O, orduda ildən-ilə böyük işlərin görüldüyünü diqqətə çatdırıb: «İlk olaraq öz adımdan əsgər Ceyhun Qubadovun ailəsinə başsağlığı verirəm. Bu məsələ hər bir insanı narahat edir. Lakin bununla bağlı mediada yer alan bəzi fikirlər məni həqiqi mənada narahat edir. Azərbaycan Respublikasının qanunları var, Ali Baş Komandanı var. İldən-ilə ordu üçün çox böyük işlər görülür. Milli Məclisdə hər il Müdafiə Nazirliyinin büdcəsi artırılır. Artıq Hərbi Prokurorluqda bu məsələ ilə bağlı cinayət işi açılıb. Ölüm hadisəsinin baş verdiyi hərbi hissəyə müxtəlif mütəxəssislər gediblər. Məhkəmə-tibb ekspertizasının rəyi olacaq və bunların hamısını gözləmək lazımdır. Bəzi insanlar bunu siyasiləşdirir, öz şəxsi mövqeyindən çıxış edirlər. Biz axı bilməliyik ki, bu məsələ necə olub? Buna hüquqi cəhətdən yanaşmaq lazımdır».
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bu məsələnin siyasiləşdirilməsini doğru hesab etmədiyini söyləyib: «Vəfat edən əsgər bizim hamımızın qardaşıdır. Əsgərin ölümü ilə bağlı araşdırmaların obyektivliyinə heç bir şübhəmiz yoxdur. Fikrimcə, bu cür hallardan hər hansı qüvvələrin siyasi maraqlar üçün istifadə etməsi və ya buna təşəbbüs göstərməsi yolverilməzdir. Allahdan vəfat edən əsgərin yaxınlarına səbr diləyirik və bizim şübhəmiz yoxdur ki, bu məsələ obyektiv şəkildə araşdırılacaq. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin də hər zaman ən böyük diqqət göstərdiyi sahələrdən biri də məhz ordu quruculuğudur».
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da əsgərin ölümü məsələsinin siyasiləşdirilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb: «Azərbaycan xalqının spesifik cəhətləri var. Vətən, torpaq, ordu anlayışları müqəddəs anlayışlardır. Belə məsələdən siyasi məqsədlər üçün istifadə etmək olmaz. Bu hadisə araşdırılmalı, istintaqla düzgün qiymət verilməlidir. Həlak olan əsgərin xatirəsini yaşatmaq üçün başqa vasitələrdən istifadə etmək olar. Əsgər ölümündən heç kim öz məqsədləri üçün istifadə edə bilməz».
«Yeni Həyat» Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Ceyhun Qubadovun ölümündən siyasi xal qazanmağın yolveirlməz olduğunu bildirib. C.Qubadovu hər bir ananın özünə övlad kimi qəbul etdiyini bildirən N.İsmayılova dövlətin bu məsələyə ciddi diqqət ayırdığını söyləyib: «Dövlət bu məsələyə ciddi diqqət göstərir, baş vermiş olayla bağlı cinayət işi açilıb. İnanıram ki, bu məsələdə məsuliyyət daşıyan hər bir şəxs cəzalandırılacaq. Təəssü ki, bəzi qüvvələr hadisəni tələsik qiymətləndirərək ona siyasi don geyindirir və ictimaiyyət arasında yanlış fikir formalaşdırmağa çalışırlar. Biz bütün bu baxışların əleyhinəyik. Belə ki, özümüzü deyil, ölən əsgərin ailəsini düşünməliyik. Təbii olaraq insan həyatının hər hansı bədbəxt hadisələr baş verdiyi məqamlarında daha həssas olur. Bu məqamda onlara qarşı daha diqqətli olmaq lazımdır. Unutmaq olmaz ki, mərhumun anası üçün dəhşətli övlad itkisidir, bununla özünə siyasi xal qazanmaq olmaz!
Əlbəttə ki, Azərbaycanın ordu quruculuğu ilə bağlı çox işlər görülür, əsgərlərimizin Vətənə olan borclarını yerinə yetirmələri üçün şərait yaradılır. Lakin onu da təəssüflə demək lazımdır ki, hər yerdə olduğu kimi, orduda da bəzi neqativ hallara rast gəlinir. Lakin bu ordu quruculundakı uğurlu işlərə kölgə sala bilməz».
Aqil LƏTİFOV