Milli Ordunun əsgəri Ceyhun Qubadovun Daşkəsəndəki N saylı hərbi hissədə müəmmalı ölümünə etiraz əlaməti olaraq yanvarın 12-də Bakının Fəvvarələr meaydanında aksiya keçirilib.
Modern.az-ın məlumatına görə, çoxsaylı iştirakçının qatıldığı aksiya “Əsgər ölümünə son!” şüarı ilə baş tutub.
Aksiyada əllərində ölən əsgərlərin şəkillərini tutmuş şəhid anaları da iştirak edib.
Qeyd edək ki, polislər əvvəlcə aksiyaya ciddi müdaxilər etməyərək, tədbiri əsasən kənardan müşahidə edirlər. Amma bununla belə, sonradan “polis kartonları” aksiyaçıları bəzi küçələrdə sıxışdırıblar.
Aksiyada daha çox “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ordu morqa dönməsin!”, “Səfər Əbiyevə istefa!” şüarları səsləndiilib.
Polis səsgücələndiricilərlə aksiyaçıları dağılışmağa çağırıb, onların böyük qruplar halında yürüş etməsinə imkan verməməyə çalışıb.
Aksiyanı yerli hüquq müdafiəçiləri, ATƏT-in Bakı ofisinin və bəzi səfirliklərin nümayəndələri izləyiblər.
Fəvvarələr bağından başlayan aksiyaçıların yürüşü Milli parka doğru irəliləyib. Aksiya iştirakçıları ordu sıralarında əsgər ölümlərinə son verilməsini tələb ediblər.
Aksiyaçılardan ayrılaraq Nizami kinoteatrı istiqamətində siyasi şüarlar səsləndirə-səsləndirə yürüş etmək istəyən bir neçə nəfər polis tərəfindən saxlanılıb.
Saxlanılanlar arasında Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, REAL hərəkatının sədri İlqar Məmmədov və digər gənc fəallar olub.
Qeyd edək ki, mərhum əsgər Ceyhun Qubadovun yaxınlarından heç kəs aksiyada iştirak etməyib.
Saat 16-da başlayan “Əsgər ölümünə SON” etiraz aksiyası bir saat sonra başa çatıb.