Azərbaycanın Cəlilabad rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 19-da saat 22.00 radələrində Ələt-Astara magistralının 141-ci kilometrliyində Broyler-Quşçuluq Fabrikinin yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Vaqif Nazir oğlu Bəşirovun idarə etdiyi “Daewoo” markalı avtomobil əks istiqamətdən gələn Astara rayon sakini, 25 yaşlı Elyar Məmmədovun idarə etdiyi “Mercedes”lə toqquşub. Zəncirvari qəzada iştirak edən üçüncü maşın isə Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Ramal Zakir oğlu Əsgərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil olub.
Güclü zərbənin təsirindən “Daewoo”da olan sərnişinlər, Masallı rayon sakinləri, 43 yaşlı İmran Mehdiyev və 53 yaşlı Məmməd Məmmədov hadisə yerində dünyasını dəyişib.
“Mercedes”in sərnişini, Astara rayon sakini, 51 yaşlı Hüseyn Fərzullayev isə yaralı vəziyyətdə Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Sürücülər də daxil olmaqla qəza zamanı 4 nəfər yaralanıb.
Yaralılara Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınları tərəfindən Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, qəzada bir nəfər - iki yaşlı Yağmur Elyar qızı Məmmədova heç bir xəsarət almayıb. Onu avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.
İlkin versiya kimi qəzanın sürücülərin səhlənkarlığı üzündən baş verildiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.