Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “BİZİM KİNO GÜNLƏRİ - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.
Nazirlikdən 525.az-a verilən məlumata görə, layihə “Axınla aşağı” filminin baxışı və müzakirələri ilə başlayıb.
Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkalıq məsələlərinə həsr olunan layihənin növbəti – ikinci mərhələsi 25 noyabr saat 10:00-da, Nizami Kino Mərkəzində Rafiq Əliyev və Cavid Təvəkkülün «Dərs» filminin nümayişi ilə davam etdiriləcək.
Müzakirələr bədii kinoda uşaq mövzusu, uşaq film auditoriyasının ünvanlı seçimi, cizgi filmlərinin istehsalının durumu mövzuları ətrafında aparılacaq.
Xatırladaq ki, layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmləri şəhərimizin kinoteatrlarında nümayiş etdirilir.
Sırada daha iki görüş və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.
Təqdimata kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və media nümayəndələri dəvətlidir.
Cavid QƏDİR