Adlar xalqımızın tarixinin və mədəniyyətinin bir göstəricisidir. Gözəl insan və yer adları sözsüz ki, ilk anda insanda xoş təəssüratlar yaradır və bu təbiidir.
İnsan öz adıyla seçilir, həm də yaşadığı yerin adıyla tanınır, həmin elatın, torpağın tarixi ilə fəxr edir.
Samovar, Cəllad, Kolxoz, Çevik, Sərxoş, Rəftar, Şüşə, Qiymət, Mülayim və sair adları vaxtilə valideynləri tərəfindən qoyulsa da, elə bilirəm ki, bu adların acılarını daha çox sahibləri duyurlar. Bu adlar onların daşıyıcılarının insani keyfiyyətlərinin meyarı olmasa da, sözsüz ki, eşidənlərdə yüksək əhval-ruhiyyə yaratmır. Yer, məkan adları da belədir. Ümumiyyətlə, yer adları məsələsi artıq neçə illərdir ki, cəmiyyətin əsas müzakirə mövzularındandır. Hətta, bu yöndə parlamentdə, onun müvafiq komitəsində - Regional məsələlər komitəsində də dəfələrlə gərgin və maraqlı müzakirələr gedib. Bir sıra yer adlarının dəyişdirilməsi, dilimizə uyğunlaşdırılması istiqamətində konkret addımlar da atılıb, müvafiq qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olunub. Ancaq bu yöndə problemlər hələ də qalmaqdadır.
Parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bu məsələ ilə bağlı “525”ə verdiyi açıqlamada bildirib ki, bu yöndə müzakirələrin getməsi təbii və başadüşüləndir.
Onun sözlərinə görə, çünki insanların, bütövlükdə cəmiyyətin bu məsələ ilə bağlı narahatlıqlarına əsas var:
“Məsələn, Xoruzlu, Keçili, Kələk, Yolpaq, Mərəzə və sair kimi adları ilə əminəm ki, bu bu kəndin sakinləri o qədər də qürrələnmirlər. “Mən Keçili, Xoruzlu kəndindənəm” deyən hər kəs ilk anda özündən asılı olmayaraq bir utanc hissi keçirir və qarşıdakı adamın ona reaksiya verməsini gözləyir. Buna görə son illər insan və yer adlarının müəyyənləşdirilməsi, qoyulması ilə əlaqədar vətəndaşlar tərəfindən irəli sürülən təkliflər təqdirəlayiqdir. Dövlətimizin də bu sahədə həyata keçirdiyi tədbirlər faydalıdır. Adlar bizim milliliyimizin, tariximizin, mədəniyyətimizin ifadəsi olduğuna görə bu vəzifəyə həssaslıqla yanaşmaq vacibdir. Vətəndaşların Milli Məclisə ünvanladıqları təkliflərdə bir çox kənd adlarının dəyişdirilməsində, yeni yaşayış məntəqələrinə yer adlarının verilməsində bu öz əksini tapır.
Azərbaycan bu gün sürətlə inkişaf edən bir respublikadır. Kəndlərimiz günbəgün genişlənir, abadlaşır və əhalinin artımı nəticəsində, sosial-iqtisadi yüksəliş sahəsində yeni yaşayış məkanları yaranır. Ona görə tariximizi, coğrafi məkanımızı, milliliyimizi əks etdirməyən kəndlərimizin adlarının dəyişdirilməsi və yeni yaranan yaşayış məntəqələrinə ad verilməsi zamanı vətəndaşlarımız ciddi düşünməli, layiqli adlar seçməlidirlər. Çünki bu adlar bilavasitə onların rəyləri, təklifləri əsasında keçirilən ümumi yığıncaqların qərarı ilə reallaşır və müvafiq orqanlar tərəfindən təsdiqlənir. Tariximiz, mədəniyyətimiz zəngin olduğu kimi, adlarımız da zəngindir, mənalıdır. Övladlarımıza, yaşayış məntəqələrimizə elə adlar seçməliyik ki, biz bu adlarla fəxr edə bilək”.
Sözügedən komitənin digər üzvü Azər Badamov isə bildirib ki, təmsilçisi olduğu komitədə mütəmadi olaraq ərazi vahidlərinin (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) adlarının dəyişdirilməsi ilə əlaqədar qanun layihələri müzakirə olunaraq plenar iclaslarda qəbul olunur:
“Bu, bir sıra ərazi vahidlərin adlarının təkrarlanması, tarixi adların özünə qaytarılması və sair hallar ilə əlaqədar olaraq həyata keçirilib.
Təkcə 2015-ci ildə 30-dan artıq ərazi vahidinin adı dəyişilib. Ərazi vahidlərinin adlarının dəyişdirilməsi də “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” mövcud qanuna uyğun şəkildə həyata keçirilir. Qanunun 9-cu maddəsinin 9.1- ci bəndində qeyd olunur: “Təhkim olunmuş ərazi və daimi yaşayan əhalisi olan bütün ərazi vahidlərinə müəyyən ad verilməlidir. Ərazi vahidinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeyi, habelə coğrafi, tarixi, etnoqrafik, milli və məişət şəraiti və digər yerli şərait, yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir”. Qanundan da göründüyü kimi, hər bir halda ərazi vahidinin adının dəyişdirilməsində ilk növbədə o ərazi vahidində yaşayan əhalinin rəyi, fikri öyrənilir. Elə ərazi vahidlərində yaşayan insanlar var ki, o yaşayış məntəqəsinin adını dəyişmək istəyirlər. Belə olan halda ilk növbədə həmin ərazi vahidinin təşəbbüsü haqqında yaşayanların razılığı olan iclas protokolu tərtib olunmalıdır və sonra da qanuna uyğun şəkildə müəyyən prosedur qayda da həyata keçirilməlidir”.
Kamil HƏMZƏOĞLU