Noyabrın 26-27-də Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Dil – kariyeraya gedən yol” II ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi keçirilib.
Müsabiqəni giriş sözü ilə ADDA-nın rektoru Çingiz Əliyev açaraq, bu müsabiqənin əhəmiyyətindən və müasir dövrdə ingilis dilindən, gənc tələbələr arasında daşıdığı böyük önəmdən danışıb.
Qeyd edib ki, bu gün dil karyeraya gedən yollardan biridir və hər bir azərbaycanlı gəncin bu dili ixtisasına uyğun peşəkarcasına bilməsi vacibdir. Bu gün Azərbaycan dövləti dünya beynəlxalq arenasında öz sözünü demiş dövlətlərdən biridir. Azərbaycanın bütün sahələri üzrə yüksək nailiyyətləri göz qabağındadır. Müsabiqənin əsas məqsədi də gənclərdə öz ixtisaslarına uyğun səviyyədə dil bacarıqlarını inkişaf etdirməkdir.
Bu müsabiqədə Respublikamızın 10-dan artıq ali məktəbi iştirak etmək hüququnu qazanıb. Bir sıra universitetlərlə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də bu müsabiqədə iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı 3-4 dəqiqə ərzində sərbəst ingilis dilində danışmalı və öz prezintasiyasını təqdim etməli idi. Bu qaydaları əsas götürərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinə müraciət ediblər.
Öncə universitet daxilində işçi qrupu yaradılaraq, qrupa rəhbər TEC-in sədri Sədaqət Əliyeva, münsiflər heyətinə “Ədəbiyyat və Dillər kafedrası”nın müəllimləri Səadət İbrahimova, Aygün Əbdülova, təşkilati işlərə rəhbər isə TEC-in tələbələr üzrə sədri Nərgiz Hüseynova təyin edilib. Universitet daxilində fakültələr üzrə bir çox mövzuda prezintasiyalar təqdim olunub. Bütün işlər diqqətlə, səbrlə dinlənilərək nöqsanlar, qüsurlar aradan götürüldükdən sonra Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dil – kariyeraya gedən yol” II ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinə təqdim olunub.
Müsabiqədə 41 tələbə prezintasiyası təqdim olunub. ADMİU-nun tələbələri öz peşə istiqamətlərinə əsasən bu müsabiqədə çıxış ediblər.
İki gün davam edən müsabiqədə hər bir iştirakçı öz prezintasiyasını təqdim etdikdən sonra münsiflər heyəti tərəfindən dəyərləndirilib. Universitetimizin tələbələri 41 iştirakçıdan 9-cu yeri almağa müvəffəq olublar. Bu müvəffəqiyyət I kurs magistr tələbəsi Həsənzadə Səbinəyə qismət olub. Universitetin digər tələbələri də yüksək səviyyədə çıxış edərək sertifikatlarla təltif olunublar.
Vəfa MƏMMƏDLİ