“Azərbaycanın dünyada tanınması, ölkəmizin uğurlarının, inkişafının layiqincə təqdimatı bizim üçün çox vacibdir”.
525.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova yanvarın 17-də Milli Məclisdə (MM) Kanadanın Toronto Universitetinin Azərbaycan üzrə araşdırmalarla məşğul olan bir qrup tədqiqatçısı ilə keçirilən görüş zamanı dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, dostluq biri-birini tanımaqdan başlayır və bundan sonra bu dostluq xalqlar, dövlətlərarası dostluğa çevrilərək yüksələn xətt üzrə inkişaf edir. R.Aslanova bildirib ki, bu gün dünyada geniş təqdimata ehtiyacı olmayan dövlətlərlə yanaşı, müstəqilliyini yenicə qazanmış, inkişafı yolunda öz addımlarını atan ölkələr də var və bu baxımdan, onların geniş təqdimatına ehtiyac duyulur. Azərbaycanın böyük tarixə malik qədim bir dövlət olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, bu dövlətinin də özünəməxsus mərhələləri olub və bu gün Azərbaycan adlı məmləkət özünün yeni-müstəqillik mərhələsini yaşayır.
Azərbaycanın bu, müstəqillik mərhələsində-ötən 22 il ərzində böyük uğurlara uğurlara imza atdığını qonaqların nəzərinə çatdıran komitə sədri bildirib ki, ölkəmiz artıq dünyada özünü təsdiq edən bir dövlətə çevrilib: “ Biz müstəqilliyimizi qazandıqdan sonra dərhal öz prinsiplərimizi bəyan etdik ki, bunlar da hüquqi, demokratik, dünyəvi dövlət prinsipləridir. Qeyd edim ki, biz bu prinsipləri bəyan etməklə kifayətlənmədik, aparıcı, qabaqcıl dövlətlərinin də bu yöndəki uğurlu təcrübəsindən bəhrələnərək, artıq bu gün dünyanın həmin aparıcı, inkişaf etmiş ölkələri ilə bir cərgədə addımlamaqdayıq. Bu gün cox sevindirici bir məqam da odur ki, Azərbaycan iki sivilizasiyanın, Qərb -Şərq sivilizasiyasının qovşağında yerləşir və hər iki sivilizasiyadan da qaynaqlanaraq, unikal bir model yaradıb. Bunlar heç də kitablardan, digər mənbələrdən alınan məlumatlar deyil, bunları bir tədqiqatçı kimi burada olduğunuz müddətdə ölkəmizdəki düşüncə tərzindən, əxlaq normalarından bəhrələnərək, özünüz də görə bilərsiniz və görəcəksiniz”. Azərbaycanda dilindən, dinindən, irqindən, milli-etnik mənsubiyyətindən asılı olmayaraq insanların birgəyaşayışının mümkün olduğunu vurğulayan R. Aslanovanın dediyinə görə, ölkəmiz milli və dini dözümlülük məsələlərində dünyaya əsl tolerantlıq nümunəsi, modeli ola bilər:
“Bakı şəhərini gəzərkən burada məscidlərlə yanaşı, kilsələrə, sinaqoqlara, hətta, erməni-qriqorian kilsəsinə də rast gələcəksiniz. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində, eləcə də, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı tarixi torpaqlarında-indiki Ermənistan adlanan dövlətdə bir dənə olsun belə, məscidə rast gəlmək mümkün deyil. Onlar hamısı məhv, yerlə-yeksan ediliblər. Bununla belə, Bakının tən ortasında yerləşən erməni-qriqorian kilsəsinə getsəniz, özünüz orada hər şeyin olduğu kimi, qorunub saxlandığına şahid ola bilərsiniz. Bu, Azərbaycan xalqının böyük dözümlülüyünün, tolerantlığının göstəricisidir. Demək istəyirəm ki, vandalizm, ermənilərdən fərqli olaraq, bizim üçün yolverilməz və qəbuledilməz bir haldır. Azərbaycan həmçinin, bu gün mədəniyyətlərarası dialoqun qurulmasına böyük önəm və yeri gəldikcə də buna öz töhfəsini verir. Bakı bu gün mədəniyyətlərarası, sivilizasiyalararası münasibətlərin qurulduğu bir mərkəzə, məkana çevrilib. Mənə elə gəlir ki, bu haqda çox danışmaqdansa, bunları gözlə görmək lazımdır və çox güman ki, görəcəksiniz də”. Millət vəkili kanadalı tədqiqatçıların səfərdə məqsədlərinin daha çox Azərbaycan qadının siyasətdə yeri və rolu məsələsini öyrənmək olduğunu deyərək, qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan qadını hələ ötən əsrin əvvəllərində -1918-ci ildə səsvermə hüququ qazanıb:
“Hansı ki, həmin dövrdə ABŞ-da qadınlar üçün belə bir hüquq tanınmamışdı. O cümlədən, Avropanın özündə də qadınlara seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququnun verilməsi məsələsi sonrakı illərə təsadüf edir. Ancaq bizi narahat edən başqa bir məqam odur ki, Azərbaycan qadınını təqdim edərkən sanki onu Şərqin, müsəlman aləminin geridə qalmış bir təbəqəsi kimi göstərməyə cəhd olunur. Yəni, bəzən Azərbaycan qadını haqqında belə yanlış təqdimatlara cəhd edilir... Bakıda gəzərkən yəqin ki, “Azad qadın” heykəlinə rast gələcəksiniz. Bu qadın çadradan imtina edən qadının, qadın azadlığının simvoludur. Ancaq dünyanın heç bir yerində azad qadına qoyulmuş monumental bir heykələ rast gələ bilməzsiniz. Bu, nə ABŞ-da, nə də Qərb də var. Burada eyni zamanda, söhbət heç də çadranın atılmasından getmir, burada söhbət qadın azadlığından və ona münasibətdən gedir. Bu gün başına örpək örtüb, ancaq öz sahəsində dünyaya o qədər töhfə verə bilən, verən qadınlar ola bilər və var. Bununla yanaşı, ümumiyyətlə, Qərb dünyasında sanki müsəlman, çadralı, hicablı qadın deyəndə bir terrorçu obrazı təsvir olunur, göz önünə gətirilir. Bu, hesab edirəm ki, Qərbin Şərq, müsəlman qadınına olan ən yanlış yanaşmasıdır. Beynəlxalq təşkilatlardan birində də bu məsələ ilə bağlı çıxış edərkən bildirmişdim ki, məgər Məryəm ananı baş örtüksüz görmək və təsəvvür etmək mümkün olarmı? Demək istəyirəm ki, çadra, örpək, hicab heç də gerilik əlaməti deyil...” Sonra Azərbaycanda əhalinin 58 faizini qadınlar təşkil etdiyini bildirən komitə sədri bu say çoxluğunun da nəticə etibarı ilə qadın hüquqları məsələsinin daha çox gündəmə gəlməsinə və bu hüquqların getdikcə genişləməsinə gətirib çıxardığını müsbət məqam kimi vurğulayıb: “ Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində bütün işlər görülüb və görülməkdədir. Bu yöndə güclü hüquqi baza formalaşıb, həmçinin, dövlət başçısının fərmanı ilə 1998-ci ildə Azərbaycanda qadın hüquqları ilə məşğul olan Dövlət Komitəsi yaradılıb. Əgər 1995-2000-ci illərdə parlamentdə qadınların sayı cəmi 5 faiz təşkil edirdisə, bu gün parlamentin beşdə bir hissəsi qadınlardır, Milli Məclisdə 19 qadın millət vəkili təmsil olunur. Bu, həm çoxdur, həm də azdır... Eyni zamanda, son bələdiyyə seçkilərində 4 minə yaxın qadın namizəd iştirak edib və onların böyük əksəriyyəti bu gün bələdiyyə orqanlarında təmsil olunurlar. Bunun özü də bir uğurdur”.
Görüşdə iştirak edən Kanadanın Vaterloo Universitetinin Azərbaycan əsilli professoru İlham Axundov isə qeyd edib ki, səfərdə iştirak edən şəxslər bura turist kimi yox, tədqiqatçı kimi gəliblər: “ Qeyd edim ki, ötən ilin sentyabr ayından etibarən Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) və Toronto Universitetinin birgə layihəsi əsasında, Toronto Universitetinin MUNK qlobal əlaqələr fakültəsi universitetin tələbələri üçün “Azərbaycan üzrə araşdırmalar” dərsi tədris edilir və bu səfərdə iştirak edən insanlar da məhz həmin dərsə qatılan Azərbaycan üzrə araşdırmalarla məşğul olan 5 nəfər tədqiqatçıdır. Bu baxımdan , bu səfər onlar, eləcə də, bizim üçün çox önəmlidir. Çünki bu səfərdən sonra həmin tədqiqatçılar 20 səhifəlik tezislər yazmalıdırlar və aprel ayının sonlarında həmin tezislərin müzakirəsinə həsr olunmuş geniş beynəlxalq konfrans keçiriləcək. Həmin konfransdan sonra isə həmin tezisləri özündə əks etdirən press-relizlər hazırlanaraq, universitetimiz tərəfindən yayılacaq və Azərbaycana da göndəriləcək”.
Bu yerdə R.Aslanova özünün də həmin konfransa qatılmaq niyyətində olduğunu bildirib və onun bu istəyi qarşı tərəfin müsbət münasibəti ilə qarşılanıb.
Daha sonra görüş kanadalı tədqiqatçıların R.Aslanovaya ünvanlandığı suallar əsasında qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib.
Kamil Həmzəoğlu