Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib.
525.az-ın Nazirlər Kabinetin istinadən verdiyi məlumata görə, qərar imzalandığı gündən - yanvarın 15-dən qüvvəyə minib.
Bu qaydalar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanıb. Azərbaycan Respublikasının Hava Məkanından İstifadənin və Hava Hərəkətinin Təşkilinin Koordinasiyası üzrə İdarələrarası Qrup (HMİ və HHT KİQ) - Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi üzrə fəaliyyətin hərbi-mülki koordinasiyasını müəyyən edən Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin ali orqanıdır. Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) - Azərbaycan Respublikasında mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusu (AIP) - dövlət tərəfindən və ya onun icazəsi ilə nəşr edilən və Azərbaycan Respublikasının hava məkanı hüdudlarında xarici hava gəmilərinin uçuşlarının təmin edilməsi üçün zəruri aeronaviqasiya informasiyasını əks etdirən rəsmi sənəddir. Aviasiyanın Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi ( AHH İM) və Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzi (HHT VS BM) - hava məkanından istifadənin planlaşdırılması və koordinasiyası, hava hərəkətinin təşkili, hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi, Azərbaycan Respublikasının hava məkanı hüdudlarında, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda bu Qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanıdır. Hava hərəkətinin təşkili vahid sisteminin orqanları aidiyyəti üzrə onlara həvalə edilən vəzifələri sırf paritet əsaslarla yerinə yetirən İdarələrarası Qrup, HHT VS BM, Aviasiya Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi (AHH İM), Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları, hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanlarıdır. Silahlı Qüvvələrin Baş Qərargahının direktivləri əsasında müəyyən edilən Azərbaycan Respublikası hava məkanının ayrı-ayrı hissələrindən istifadənin xüsusi qaydası hava məkanından istifadənin xüsusi rejimidir.
Hava hərəkətinin təşkilinə görə məsuliyyətin və aviasiya fəaliyyəti sahəsində ölkədaxili və beynəlxalq tələblərə əməl olunmasına nəzarətin Azərbaycan Respublikasına həvalə edildiyi rayonlarda hava məkanından istifadə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. HHT VS-nin müvafiq mərkəzi hava məkanı istifadəçilərinin sorğuları (cədvəlləri, qrafikləri) əsasında hava məkanından istifadə edilməsinə icazə verir və bu qaydalara uyğun olaraq HHT VS orqanlarına, eləcə də HHQ orqanlarına bu barədə məlumat verir. Hava məkanından istifadə ilə bağlı sorğuların göndərilməsi və icazələrin verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir. Bu qaydada nəzərdə tutulmuş hallar istisna olmaqla, qeyd edilən icazəni almadan hava məkanından istifadə qadağandır. Düzgün tərtib edilmiş və HHT VS BM-ə vaxtında ünvanlanmış uçuş planı (FPL) respublikanın ərazisi üzərindən tranzit uçuşlar yerinə yetirən mülki hava gəmilərinə hava məkanından istifadəyə dair verilən sadələşdirilmiş icazə forması üçün əsasdır. Bu prosedurun yerinə yetirilməsi haqqında müddəalar Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb. Bu qaydalara uyğun olaraq hava məkanından istifadə qadağan edilə və ya məhdudlaşdırıla bilər. Hava məkanından istifadənin təşkili ilə bağlı məsələlər üzrə normativ hüquqi aktlar bu Qaydalara uyğun olaraq işlənib hazırlanmalıdır. Hava məkanında fəaliyyət zamanı istifadə qaydalarını pozan şəxslər bu qaydalara əməl olunmasına nəzarət edən orqanların tələbi ilə öz qüvvələri və ya öz vəsaiti hesabına hava məkanından istifadə qaydalarının pozulması hallarına və ya belə fəaliyyətə son qoymalıdırlar.
Müdafiə Nazirliyi hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti; - hava məkanından istifadənin tamamilə dövlət tərəfindən tənzimlənməsini: - müharibə dövründə; - dinc dövrdə, həyəcan, gücləndirilmiş hazırlıq və (və ya) səfərbərlik rejimi elan edildikdə; - xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlarda. DMAA hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti; - dinc dövrdə (həyəcan, gücləndirilmiş hazırlıq və ya səfərbərlik rejimi elan edilmədikdə) xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlardan kənarda hava məkanından istifadə və hava hərəkətinin təşkili ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini; - hava məkanının istifadəçiləri barədə məlumatların, o cümlədən sərhəd və gömrük nəzarətindən keçməli olan uçuşlar barədə məlumatların əvvəlcədən sərhəd və gömrük orqanlarına verilməsi məsələsinin tənzimlənməsini. - Müdafiə Nazirliyi, DMAA və onların tabeliyində olan strukturlar öz səlahiyyətləri daxilində: - hava məkanından istifadə məsələlərinə dair normativ hüquqi aktları (əmr, qayda, əsasnamə və təlimatları) hazırlayır, təsdiq edir, dərc edir və hava məkanı istifadəçilərinin nəzərinə çatdırır; Azərbaycan Respublikasının hava məkanının tənzimlənməsini və ondan istifadə sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək məqsədi ilə Müdafiə Nazirliyi və DMAA tərəfindən İdarələrarası Qrup yaradılır. Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi və ona nəzarət üzrə fəaliyyətin əlaqələndirilməsi üzrə fəaliyyət İdarələrarası Qrupun həmsədrlərinə həvalə edilir. İdarələrarası Qrup Azərbaycan Respublikasının müdafiə naziri və DMAA-nın direktoru tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. İdarələrarası Qrup tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçiləri üçün məcburidir.
Hava məkanından istifadənin təşkili HHT VS orqanları, habelə HHX (uçuşları idarəetmə) orqanları tərəfindən hava məkanı istifadəçiləri üçün müəyyən edilmiş zona və rayonlarda bu Qaydalara uyğun olaraq həyata keçirilir. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqə Müdafiə Nazirliyinin, DMAA-nın rabitə kanalları, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən, digər dövlət orqanları və təşkilatlarından bu qaydalarda nəzərdə tutulduğu qaydada icarəyə götürülən rabitə kanalları vasitəsilə həyata keçirilir. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqəni təmin edən rabitə kanallarının kəsilməsi qadağandır. Azərbaycan Respublikasının hava məkanı strukturunun məcmuəsi İdarələrarası Qrupun qərarı ilə təsdiq edilir. Zəruri hallarda bu struktura vaxtlı-vaxtında əlavə və dəyişikliklər edilir.
Azərbaycan Respublikasının ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilir. Aerodromda hava gəmilərinin uçuşlarının yerinə yetirilməsi məqsədi ilə hava məkanının zəruri hissəsi və aerodrom rayonu müəyyən edilir. Aerodrom rayonunun hüdudları (aerodromun mülkiyyət formasından, təsərrüfat və operativ idarəetmənin kim tərəfindən həyata keçirildiyindən asılı olmayaraq) aerodrom rəhbərinin təqdimatına əsasən, HHQ komandanlığı və DMAA tərəfindən təsdiq edilir.. Aerodrom (aeroqovşaq) rayonunda uçuş qaydaları aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimatla və aerodromun istismarına dair təlimatla müəyyən edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya HHT VS zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat HHQ komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya birgə bazalı aerodromun istismarına dair təlimat HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Hava hərəkətinin təşkili və xidmətin göstərilməsi üçün qarşılıqlı razılaşdırma və əlaqələndirmənin tələb olunduğu aerodrom rayonları HHQ komandanı və DMAA-nın direktorunun qərarı ilə aeroqovşaqlarda birləşə bilər. Aeroqovşaq rayonunun sərhədləri HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Aeroqovşağa daxil olan aerodrom rayonlarının sərhədləri müəyyən edilməyə bilər. Aerodrom rayonunda uçuşların yerinə yetirilməsi və aerodromun istismarı üzrə təsdiq olunmuş təlimatları olmayan aerodromun rayonunda uçuşların yerinə yetirilməsi qadağandır. Aerodromlar haqqında zəruri məlumatlar Müdafiə Nazirliyinin DMAA ilə birgə dərc etdirdiyi aeronaviqasiya məlumatlarına dair sənədlərdə əks olunur. Hərbi və ya qeyri-hərbi gəminin göyərtəsindən hava məkanından istifadə və hava hərəkətinə xidmət (uçuşların idarə olunması) HHT VS zonasında (rayonunda) uçuşların yerinə yetirilməsi planlaşdırılan HHT VS-nin əməliyyat orqanı ilə razılaşdırılır. Aerodrom (aeroqovşaq) xidmətlərinin rəhbərləri bu qaydalarda qeyd edilmiş şərtlərdən asılı olaraq, hava məkanından istifadə məsələlərində dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına, mülki aviasiyaya münasibətdə isə - HHT VS BM-ə tabedirlər. İstifadəçilərin hava yollarına dair təkliflərinə DMAA və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən birgə baxılır və bu zaman hava məkanının bütün istifadəçilərinin maraqları nəzərə alınır. Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarının icazəsi olmadan hava məkanının beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda xarici hava gəmilərinin uçuşları üçün istifadə olunması qadağandır. Azərbaycan Respublikasının hava yollarının siyahısı və ona edilmiş düzəlişlər DMAA tərəfindən dərc olunur. Hava yollarının zəruri naviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz edilməsi DMAA tərəfindən həyata keçirilir.
Beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda daimi beynəlxalq uçuşlar yerinə yetirilərkən, uçuş marşrutu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir və bu dəhliz Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmək üçün nəzərdə tutulmuş hava dəhlizləri siyahısına daxil edilir. Xüsusi olaraq ayrılmış dəhlizlərdən kənarda birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə Müdafiə Nazirliyinin icazəsi ilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir.
Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz beynəlxalq uçuşlar üçün açıq olan hava yolu sahəsinin oxunun və ya uçuş marşrutunun Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişmə nöqtəsinin coğrafi koordinatları ilə göstərilir. Əlaqədar təşkilatların təqdimatına əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təsdiq edilir. Hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Raketlərin havaya buraxıldığı və yerə düşdüyü, habelə onların ayrılan hissələrinin yerə düşdüyü rayonlarda hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə təhlükəli zonalar müəyyən edilir. Təhlükəli zonaların sərhədləri və hava gəmilərinin həmin zonalar üzərindən uçması üçün minimal təhlükəsiz hündürlüklər Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Təhlükəli zonalar haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə, zəruri hallarda isə kütləvi informasiya vasitələrində dərc edilir. Hava məkanının ayrı-ayrı hissələrində xüsusi rayonlar müəyyən edilə bilər. Qeyd edilən rayonlarda hava gəmilərinin uçuşları HHT VS orqanlarının hava məkanından istifadəyə dair icazəsi olmadan yerinə yetirilir. Aşağı eşelondan aşağı hündürlüklərdə uçuşların yerinə yetirilməsi üçün xüsusi rayonlar mülki aviasiya istismarçılarının təklifləri nəzərə alınmaqla, DMAA-nın təqdimatına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə HHT VS zonasında müəyyən edilir. Xüsusi rayonlarda hava məkanından istifadə edərkən, hava məkanının istifadəçiləri yaxınlıqda yerləşən HHT VS orqanlarına fəaliyyətə başlamaları barədə dərhal məlumat verməli və onlardan zəruri aeronaviqasiya məlumatlarını almalıdırlar. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadəyə aşağıdakı hallarda icazə verilir: - hava hücumunun qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının və ya Azərbaycan Respublikasının ərazisinə hərbi müdaxilənin qarşısının alınması, sərhəd pozuntusu və hərbi müdaxilə hallarına son qoyulması; - təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı, habelə axtarış-xilasetmə işləri aparılarkən yardım göstərilməsi; - kosmik aparatların havaya buraxılması, yerə enməsi, qeyd edilən aparatların və onların ekipajlarının axtarışı və təxliyyəsi;
Beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava məkanından istifadənin qadağan edilməsi barədə qərar HHT VS BM-in və AHH İM-in növbə rəisləri tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və qadağanın şamil edildiyi hava məkanı istifadəçisi qəbul olunmuş qərardan xəbərdar edilir. Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə HHX (uçuşları idarəetmə) orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (vertolyotlar) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edir. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
Qaydalarla “cabmin.gov.az/?/az/pressreliz/view/893/” linkində daha ətraflı tanış olmaq olar.