|
|
|
|
Sovetlər dönəmində bəzi qəribə, etik və milli mentalitetə uyğun olmayan adlar kəndlərə, yaşayış məntəqələrinə verilərək rəsmiləşdirilib və demək olar ki, bir növ onların şəxsiyyət vəsiqəsinə çevrilib. Və indi müstəqillik dövründə Axtaçı, Canavarlı, Burunlu, eləcə də rus millətinə xas Slavyanka, Saratovski kimi kəndlərin adının hələ də qalması heç də ürəkaçan bir hal deyil və heç şübhəsiz onların adlarının dəyişdirilməsi zəruridir.
Düzdür, son bir neçə ildə bir sıra bu kimi kənd və qəsəbə adları dəyişdirilib və milliləri ilə əvəz olunub. Bunlara İvanovka, Puşkin, Kirovka, eləcə də Tovuzdakı Aşağı Ayıblı, Qurtqaşınlı, Əli-Bayramlı toponimlərini misal göstərmək olar. Bu kənd və rayon adları dəyişdirilərək orada yaşayan sakinlərin, yerli əhalinin tarixi kökləri, məşğuliyyətinə uyğunlaşdırılıb. Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bu cür adların mərhəhəli şəkildə dəyişdirildiyni bildirib. Məsələn, Aşağı Ayıblı kəndinin Əyyublu, Prişib qəsəbəsinin Göytəpə, Bərdədəki Canavarlı kəndinin Seyid Yusifli adları ilə əvəz olunduğunu deyib.
Onu da deyək ki, kənd adlarının dəyişdirilməsi yerli əhalinin təşəbüsü ilə həyata keçirilir. Belə ki, kənd əhalisi, ağsaqallar bir araya gələrək daha müasir, tarixi kökə söykənən yeni bir ad seçib daha sonra bələdiyyəyə müraciət edir. Bələdiyyələrsə müəyyən qərar qəbul edib işi rayon icra hakimiyyətlərinə yollayırlar.
AMEA-nın Dilçilik İnstitutunun professoru, Nəriman Seyidli isə Gədəbəydəki Slavyanka, Sabirabaddakı Lüksemburq, Qubadakı Cimi, Cek adlı kəndlərin adının çoxdan dəyişdirilməli olduğunu bildirdi. Dilçi bunu əldə etdiyimiz müstəqillik, ana dilimizin rəsmi dil kimi qəbul olunmasi ilə əlaqələndirir. Dilçi bildirdi ki, bu gün bölgələrimizdə elə kənd adları var ki, onları heç yerli əhali dilinə belə gətirməkdən çəkinir. Ona görə də, həm rus adları daşıyan, həm də digər qeyri-etik səslənən kəndlərin adlarını dəyişdirmək zəruridir.
Düzdür, hələ adlarının dəyişdirilməsini gözləyən onlarla kənd var, heç şübhəsiz Azərbaycan coğrafiyasını lağ obyektinə çevirən, eləcə də özgə dillərə xas olan adları özündə yaşadan kəndlərin milli, tarixi şəxslərin adı ilə əbədiləşdirilməsi daha məqsədəuyğundur.