nanə kolları
mən sənə məktub əvəzi...
nanə kolları göndərmişdim...
eşitdim
ürəyin nanə yarpağı kimi əsə-əsə
oxumusan “məktublarımı”....
tutmusan eyhamımı...
dibçəkdə əzizləyib o kolları,
bəzəmisən eyvanını...
eşitdim
nanələrin ətriylə danışırsan hər gün,
meh əsəndə
gülümsəyə-gülümsəyə baxırsan
körpə uşaqlar kimi atılıb düşən
nanə yarpaqlarına...
bir yarpaq düşsə qəfil
diksinib kədərlənirsən,
qınayırsan özünü...
yeni cücərən yarpaqlar
sevgimizə
sədaqət ümidi gətirir...
eşitdim nanələrlə danışa-danışa
xəlvət-xəlvət
bağışlayırsan günahımı...
o ilahi üzündə
çırpınır ilahi eşq, o ilahi üzündə,
eşq dolu bir yaraşıq, o ilahi üzündə...
titrəyir tanrı nuru, bir təşnə işıq kimi,
işığa ruhum aşiq, o ilahi üzündə.
səsinin ahəngində yüz sirrin sədası var,
aya bənzər üzündə mələklər ədası var.
qəlbindən qalxan odda qəlbimin nidası var
sirlər düşüb qarışıq, o ilahi üzündə.
məni göylər dindirir, sən məni dindirdikcə...
baxışın sonsuzluqda, ilahi hər bir heca.
dünyanın harasıdı? gündüzdü yoxsa gecə?
gecə, gündüz barışır o ilahi üzündə.
ağrı
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
nigaran-nigaran məni düşünən, dünyanı düşünən
boynu bükülüm...
mən səni düşündükcə,
öz közümdə közərirəm... ağlayır külüm...
sən Azərbaycan gözəlisən...
yer üzü bir vücud, bu Azərbaycan
ürəyidi onun...
qalxan alovlar, kükrəyən dəniz
əsən küləklər, dağlar, gülüstanlar,
qədimdən bu yana hər nişanə, iz
söyləyir bunu...
sənin gözlərin, ilahi baxışın, sədaqətin
söyləyir bunu....
gözlərinin gülüşünü tez-tez diksindirən
vətənimizin ağrılarına
dözə bilmirəm ki...
bu ağrı qar kimi yağır
sevgimizin üstünə müdam...
o qarın soyuğu
saçlarını oxşayan əllərimi üşüdür...
ən nəşəli vaxtda belə
utanıram o soyuqdan....
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
mənə fikir vermə, dedin
mənə fikir vermə, dedin
mümkünü yoxsa, nə edim?
sən mənə kimsən, bilmədin...
bu əhvalla biləmməzsən.
hər sözdə kölgə axtarma,
naşı- naşı məni qırma,
dar ağacına qaldırma,
ilgək salma, açammazsan.
sızlayır qəlbim dərini,
çox aradım sözlərini,
sən keçmişin izlərini,
ömrümüzdən yığammazsan.
mən də bir qəlbi qırığam,
bir bax, ta sarıq-sarığam.
sən gülüstan, mənsə dağam,
gəl, sinəmə sığammazsan?
nahaq durmusan qəsdimə,
şeiri çiçək tək üstünə
səpdim... döndüm sarı simə...
çal, halımı çalammazsan...
mən sənin özünlə sevirəm səni...
təkcə ürəklə sevmək nədi ki...
qəlbimin kökləndiyi
yerlə, göylə sevirəm səni...
min illərin səsi gəlir hər yandan...
min illərin
ruhuyla sevirəm səni...
ayağımı basdığım
hər qarış torpağın
duaları ilə sevirəm səni...
bilirsən anamı
nə qədər sevdiyimi...
anamın baxışları ilə sevirəm səni...
ulduzların, kəhkaşanların,
qaynayıb daşan aləmlərin
sirri ilə sevirəm səni...
...çiçəkli ağacların üstündə
ilahi nəğmə oxuyan
ay işığıyla sevirəm səni.
ürəyimin parçasısan,
səndən axıb gəlir üzümün nuru,
mən sənin özünlə sevirəm səni...
Xan Şuşinski
göy üzünün, qeyb aləminin
eşqinin səsidi, zümzüməsidi muğam...
göy üzünün qəlbindən gəlir muğam.
muğamlardan doğulmuşdu
muğamın xanı,
qəlbimizin dünyasının ədəbi, ərkanı
Xan Şuşalı adlı
bir insanlıq mizanı...
muğamdı nizam verən
onun əməllərinə, ömrünə.
muğamdan doğulurdu
qüruru, duruşu, yerişi, sözü.
qəlbi muğamlara-
göy üzünə köklənmişdi
göy üzünün diliylə danışırdı
danışdığı yerdə hərdən
qəlbini alıb aparan
muğamlara qarışırdı...
əlinə qaval alıb
muğam oxuyanda, qavala axırdı
qəlbinin döyüntüsü...
dünyanın qəlbindən axırdı
hər kəlməsi,
Qarabağ şikəstəsi...
Nazim Hikmət
bütün yer üzünün, göy üzünün
kainatın nəfəsi var
türkün nəfəsində.
bu nəfəsin odu var
Nazimin hər kəlməsində.
dünyaya gəlməzdən
min-min il əvvəl yaranmışdı Nazim...
Tanrı dağlarından, Baykaldan,
Bosfor nəğmələrindən,
Qafqaz ellərindən doğulmuşdu,
uludan ulu
ruhdan doğulmuşdu Nazim.
o dünyaya göz açanda, dünya
od-alov içindəydi.
qanlar axırdı Türkiyənin sinəsindən.
qəlbində ildırımlar haykırdı,
buludlar ötüşdü Nazimin.
haray saldı:
“hava qurşun kimi ağır...
bağır-bağır bağırıram!
mən səni
qurşun əritməyə çağırıram!”...
qurşun əridə-əridə
həpslərdə yatdı,
kövrək, nur dolu qəlbiylə
şeir-şeir
yer üzünü oyatdı...
ömrü qurşun təki ağır oldu.
qürbətdə,
ayrılığın tələsində
şəhid oldu...
Həsən dayımın xatirəsinə
canavar quzuları ovlayar,
balıqçılar balıqları
qara, sirli qüvvələr ovlayar
gözəl insanları.
mələk kimi insanların
pusqusunda durar hər an
o qüvvənin orduları...
sən dil açanda artıq
onlar öz işini görmüşdü,
boy-buxunundan
yaraşığı götürmüşdü...
üsyan etdin bu haqsızlığa,
üstünə yeridin
qəlbinin, əməllərinin gözəlliyilə,
qaranlıq üstünə
işıq yeriyən kimi...
amma
divar hördün-
daşın ı, möhrəsini,
söz dedin, cümləsini,
nə toxudun, ilməsini sökdülər
o nəhs qüvvələr.
sən gülmək istəyəndə, üzünə
qəmin kədəri
kölgəsini çəkdilər
o nəhs qüvvələr...
mələklər dözmədilər
bu sitəmlərə,
səni tez apardılar
göylərə...
uzaqlarda qalan çiçək
xəyalımda nə vədədi
küləklərin sevdasıyla
şahə qalxan, kükrəyən,
haray çəkib, ağlayan dalğalar
çırpılır qayalara, səpilir göy üzünə...
göy üzündən muncuq-muncuq,
tumurcuq damlalardan
süzülən gün işığında
elə ilahi göründü ki, bir vədə
Kamçatkada,
gün işığında nazlanan,
dumanlı bir havada
bir kol dibində
məni məndən alan çiçək.
ləçəklərindən nur axan,
sanki sevdalanan,
sanki ömrüm boyu
yer üzündə axtardığım,
tapmadığım
qəlbimdəki gözəlin
bir şirin təbəssümü,
ədası olan çiçək.
mən ona vurulduqca,
mənə vurulan çiçək...
sanki qəlbimin
bir teliydi...
o telin yer üzündə gülüydü...
mənə baxdıqca qəlbimi
leylək buludlara döndərirdi...
sanki qəlbimdəki gözəlin diliylə
məni dindirirdi...
sanki doğmadan doğma,
bir mələk qoyub gəlmişəm
uzaqdan uzaqlarda...
könlüm hamıdan gizli
bir ahu zarda...
Meşədə
...payızın bu günündə
bahar günəşi axır
yarpaqlar arasından.
bir mənəm, bir də meşənin
nəğmə dolu sükutu.
bir də meşənin
dilə gəlməz gözəlliyi.
yarpaqları həzin-həzin
titrəyir qovaqların...
yasəmənlər dalıblar
payız xəyallarına.
bir qədim şərq nağılı
söyləyir zirinc kolu,
arabir quşlar uçur...
bu meşə nə sirlidi?...
məni çəkib aparır
bu sirrin şirinliyi...
bahar günəşi indi
payızın qonağıdı -
oynayır yaşıl otlarınan,
ağaclarınan, yarpaqlarınan.
bu meşə nə sirlidi?...
qəlbimin içində xəfif-xəfif
titrəyir bu meşə,
nəsə duymadayam tale adına...
...duyuram, nə isə axtarır məni...
bəlkə, bəlkə
yarpaqlar arasından
nağıl-nağıl süzülən,
üzümə gülən
gün işığına qarışıq
o sirli işıq
taleyimdən danışır?
Allah!
yarpaqlar arasında
nə deyir bir-birinə
gün işığıyla
taleyimdən danışan işıq?...
gözlərinin işığını düşünürəm
üzünə silah tuşlanmış
bir insan günündəyəm...
sənin əlindədir silah...
görürəm zamanın ötdüyünü,
güllələrin sinəmi necə
al-qan etdiyini...
düşüb qaldığım yerdə sənin
gözlərinin işığını düşünürəm,
üz-gözümə çilənmiş qanın
sifətimə verdiyi
yaraşığı düşünürəm.
...ömrüm boyu
eşqinə üz tutub getdikcə getdim,
bir xəbər yox səndən,
yer üzündəmisən?
gözlərinin işığını düşünürəm,
ömrüm həsrət qaldığı şirin
bir çağı düşünürəm...