İsraildə parlament seçkilərinin qalibi gözlənildiyi kimi iqtidardakı "Likud" - "İsrail Evimiz" bloku oldu.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən parlamentdə "Likud"- "İsrail Evimiz" blokunun parlamentdə 41 yeri vardı. Bu seçkidə isə Netanyahunun partiyasının 120 yerdən 31-ni qazanması gözlənilir.
Seçkinin sürprizi yeni partiya olan mərkəz mövqeli "Yeş Atid" olub. Partiya böyük uğur qazanıb: Əmək Partiyasını geridə qoyaraq ikinci yeri tutub. "Yeş Atid"in parlamentdə 18-19 yer qazanması gözlənilir.
Əmək Partiyası isə 17 mandat qazanaraq üçüncü olub.
Ölkədəki siyasi şərhçilər koalisiya müzakirələrinin həftələrlə davam edə biləcəyini bildirirlər. Seçkilərdən əvvəl yenidən baş nazir olmasına birmənalı baxılan Netanyahunun baş nazir olmamaq ehtimalı belə var.
Səsvermədən sonra açıqlama verən Netanyahu hökumətin prioritetinin İranın nüvə silahına sahib olmasının qarşısının alınması olacağını bildirib.
Netanyahunun seçkinin başqa bir sürprizi olan "Yəhudi Evi" Partiyasıyla koalisiya ortaqlığı fürsəti axtarması gözlənilir. Yeni yaradılan "Yəhudi Evi" Partiyası sağ qüvvələr arasında Netanyahunun ciddi səs itirməsinə səbəb olub.
"Yeş Atid"in lideri, keçmiş jurnalist Yer Lapid bildirib ki, Netanyahu Fələstinlə sülhə çalışacağına dair söz vermədiyi təqdirdə "Likud"la koalisiya ortaqlığından söhbət getməyəcək.
Əmək Partiyasının lideri Şeli Yakimoviç isə dəyişiklik və Netanyahunun baş nazirliyinə son qoyulması üçün ciddi bir şans əldə edildiyini söyləyib.
Netanyahunun yenidən milliyyətçi cəbhə hökuməti qurmaq üçün səy göstərəcəyi bildirilir. Seçkilərin rəsmi nəticələri yanvarın 30-da açıqlanacaq.