|
|
|
|
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb.
Layihə çərçivəsində publicdialogues.info adlı sayt yaradılıb və fəaliyyət göstərir. Sayt fəaliyyət başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. Maraqlıdır ki, o, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.
Raffi Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən söz açıb. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı sual verməyiblər. Yalnız Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.
Ekspertlər, hətta Leyla Yunusa yaxınlığı ilə seçilən bir çox şəxs də onun fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanındığını bildirirlər. Bu, bir faktdır ki, sözügedən şəxs hər zaman Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən belə çəkinməyib. L.Yunus həmçinin AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlara qarşı ağılasığmaz ittihamlar irəli sürür. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. “Xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və başqa obyektlər əldə etməyə də nail olub. Bunlarla yanaşı L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb.
Politoloq Cümşüd Nuriyev “525”ə açıqlamasında L.Yunusun heç vaxt Azərbaycan xalqını sevmədiyini bildirib. O, L.Yunusun fəaliyyəti dövründə hər zaman ermənilərin maraqlarına xidmət edən siyasət yürütdüyünü söyləyib: “Leyla Yunusu bu fəaliyyəti ilə anlamaq çətin deyil. Ona görə ki, bu insan heç vaxt Azərbaycan xalqını sevməyib və onun Azərbaycana bağlılığı yoxdur. Çünki o, qaynana aşiqidir. Lakin onun qaynanasına bağlılığı da inadırıcı deyil. Çünki o aldığı yardımlar əsasında müxtəlif xarici ölkələrdə mülklər və obyektlər alıb. Burda məqsəd azərbaycanlıların hüquqlarının pozulması hesabına varlanmadır. Göründüyü kimi bu insan indiyədək öz arzusuna çatıb. Ona görə ki, indiyə kimi məşğul olduğu peşəsindən, fəaliyyətindən əl çəkən deyil. Azərbaycanlı jurnalistlərin Qarabağ münaqişəsi ilə bağlı deyil, məhz Ermənistandakı mövcud siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar səsləndirməsinə gəlincə isə burada məqsəd məsələnin azərbaycanlıların dilindən səsləndirməklə piar kimi istifadə etməkdir. Bu ermənilərin hazırladığı məkrli siyasi texnologiyadır. Təəssüf ki, adını azərbaycanlı qoyan “jurnalistlər” Dağlıq Qarabağ kimi problemimiz qala-qala Ermənistanın problemlərini həll etməklə bağlı suallar verməklə böyük əxlaqsızlığa yol veriblər”.
“Milli QHT Forumu”nun prezidenti Rauf Zeyni açıqlamasında bildirib ki, bu hal ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz. Onun sözlərinə görə, ölkədə vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, dövlətçiliyimizin və milli maraqların qorunması, Qarabağ həqiqətlərinin, milli mədəni irsimizin dünyada yayılması istiqamətinə tolerantlıq və digər sahələrdə çox böyük nailiyyətlər var: “Fikrimcə, Leyla Yunus və onun kimilərin apardığı anti-Azərbaycan fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz. Onun apardığı işlər yenilik deyil. Nə zamana qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan vətəndaşı, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri heç bir erməni və heç bir erməni təşkilatı ilə iş birliyinə gedə bilməz. Biz buna qəti olaraq etirazımızı bildiririk. Həmin yaradılan sayt da Ermənistan və Böyük Britaniya səfirlərinin dəstəyi ilə həyata keçirilən layihədir. Bunu demokratik dəyərlər kimi təqdim edirlər. Amma bizim milli maraqlarımızdan çıxış edərək birmənalı şəkildə deyə bilərik ki, Leyla Yunus və onun kimilər Raffi Ovannisyanların timsalında Azərbaycan xalqının qanını tökənlərin çıxış etməsi üçün meydan yaradırlar. Bu kimi hallar yolverilməzdir, qəbuledilməzdir. Hər bir azərbaycanlı bunu qınaq hədəfinə çevirməlidir”.
İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov da Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasının qəti əleyhinədir. Ş.Camalov “Trend”ə açıqlamasında Leyla Yunusun bu əməlinin hüquq müdafiəçisi üçün ciddi bir nöqsan olduğunu diqqətə çatdırıb: “Leyla Yunusun ümumiyyətlə, dövlətçilik əleyhinə fəaliyyəti, hüquq-müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, dövlətin gördüyü işlərə qara yaxması onun hansı münasibətdə, kimlərlə əlaqədə olduğunu göstərir. Bu baxımdan da onun ermənilərlə müştərək sayt yaratmasında elə bir təəccüblü şey görmürəm”. O qeyd edib ki, əslində bu, Leyla Yunus kimi insanlardan gözlənilən idi. “Mən ümumiyyətlə, ermənilərlə birgə hər hansı bir fəaliyyətin qəti əleyhinəyəm və məhz hüquq müdafiəçisinin bunu etməsi çox ciddi bir qüsurdur”. O vurğulayıb ki, Azərbaycanla bağlı informasiyaların ermənilərə ötürülməsi və ya hər hansı bir məsələni Azərbaycan torpaqlarını işğal edən ermənilərlə birgə saytda müzakirə etməsi özü çox ciddi narahatverici məqamdır.
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu əməkdaşlığın kökünün dayaz olmadığını qeyd edib. O, bildirib ki, Azərbaycanda İsa Qəmbər kimi siyasətçilər də separatçılığın bünövrəsini qoyan erməni hərəkatçıları ilə əməkdaşlıq haqqında müqavilə imzalayıblar: “Raffi Ovannisyan Ermənistanın xarici işlər naziri olub. Hesab edirəm ki, Azərbaycana qarşı olan fəaliyyət, Dağlıq Qarabağdakı separatçılıq, xaricdən, ilk növbədə Fransa və ABŞ-dan olan ermənilər tərəfindən maliyyələşir. İndinin özündə də bu qüvvələr ermənilərə havadarlıq edirlər”.
AQİL