"Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının guya dayandırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar doğru deyil”.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavabında bildirib.
E.Sultanovun sözlərinə görə, Azərbaycanın mərhum eks-prezidentinin zəhərlənməsi ilə bağlı başlanmış cinayət işinin nəticələri ilə bağlı ictimaiyyətə əlavə informasiya veriləcək.
“Qeyd edilən cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcəkdir”.
Qeyd edək ki, mərhum eks-prezidentin qardaşı Almurad Əliyev də Modern.az-a açıqlamasında Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işinin müvəqqəti dayandırıldığını bildirmişdi.
Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Bir müddət əvvəl Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə verib.
Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.