|
|
|
|
20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılsa da, şanlı səhifə kimi daxil olub. Azərbaycan övladlarının qanı ilə suvarılan Bakı küçələrində yaddaşlara dəhşət, vəhşilik kimi yazılan həmin qanlı gecədə günahsız insanların azadlıq uğrunda mübarizəsi xalqımızın qəhrəmanlığının, Vətənə sadiqliliyinin bariz nümunəsidir. Həmin gecədə öz qanı ilə öz adını şəhid yazanlardan biri də İlqar Hümbət oğlu Əhmədovdur.
İlqar Hümbət oğlu Əhmədov 1965-ci il mayın 25-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulmuşdu. 1982 – ci ildə Faxralı kənd orta məktəbini əla qiymətlərlə bitirib Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdu. 1984-86-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdi.
1990-cı ildə institutun 4-cü kursunda oxuyarkən şəhid olaraq doğma Faxralıda dəfn edildi. Qardaşı Cəmiyyət Əhmədovun 1992-ci ildə doğulan oğluna şəhid İlqarın adı verildi.
İlqar həm xalam oğlu, həm də yaxın və etibarlı dostum idi. Biz tez – tez görüşərdik. Tətil vaxtı Bakıdan kəndə gələndə qohumlar onun gəlişinə sevinərdi. O, heyrətamiz dərəcədə qabiliyyətli və bacarıqlı idi. Prinsipial gənc idi. Tez-tez elmi mübahisələr edərdik.
Ölümündən bir neçə gün qabaq axırıncı dəfə görüşdük. O, tələbələrin Azərbaycanın müstəqilliyi yolunda mövqelərindən dönməyəcəklərindən danışdı: “Nəyə görə Ermənistandan çıxarılan günahsız azərbaycanlılar əsrlərlə yaşadığı öz doğma torpaqlarından qovulmalı, qazandığı varı ermənilər mənimsəməlidir. Biz gənclər əgər bu insanların haqq səsini müdafiə etməsək, Gürcüstanda yaşayan yarım milyondan artıq azərbaycanlının da başına belə müsibət gətirilə bilər. Həm Gürcüstanda, həm Ermənistanda azərbaycanlılar yaşayan torpaqlar bizim qədim torpaqlardır”. Bu onun qəlbindən gələn hisslər idi.
Orta məktəb illərindən dərin zəkası, insansevərliyi, təmiz əxlaqı, yüksək mədəniyyəti, zəkası, vətənpərvərliyi, zəhmətsevərliyi, istiqanlılığı və s. müsbət keyfiyyətləri özündə birləşdirən İlqar qısa, lakin mənalı ömür sürdü. Təkrarsız, bənzərsiz cəsur borçalı oğlu İlqarın tutduğu yol böyüməkdə olan nəsil üçün əsl örnəkdir.
Almaz KOXALI