“Azərbaycanın bugünkü vəziyyəti haqqında danışarkən , ilk öncə onu qeyd etməliyik ki, son onillikdə ölkə əhəmiyyətli dərəcədə inkişaf edib. Buna nəinki, makroiqtisadi göstəricilər , eləcə də, aparıcı beynəlxalq reytinq agentliklərinin rəyləri əyani sübutdur. Şübhəsiz ki, dövlət üçün əsas gəlir mənbəyi yanacaq sektorudur. Lakin əsas məsələ isə onun istifadəsidir”.
525.az-ın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) öz işini davam etdirən növbəti qış sessiyasında çıxışı zamanı Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva dilə gətirib.
Onun dediyinə görə, xarici ekspertlərin fikrincə, neftdən əldə olunan gəlirin düzgün şəkildə istifadəsi , qlobal maliyyə böhranı zamanı iqtisadiyyata müsbət təsir göstərib:
“Məhz bu dövrdə ölkədə yoxsulluğun səviyyəsinin dinamik şəkildə azalması və orta təbəqənin formalaşması nəzərə çarpır və bunu böyük bir nailiyyət kimi qiymətləndirmək olar . Bundan əlavə, Azərbaycanda əsasən iqtisadiyyatın qeyri-neft sektorunda yeni iş yerlərinin yaradılmasına, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycan yaxın gələcəkdə, ölkədə adambaşına düşən gəlir səviyyəsi dollar dəyərində 20 min ola biləcək iqtisadi inkişafın gələcək model yaradıb.
Bu isə Azərbaycanda orta təbəqənin genişlənməsinə, orta sinfin gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməsinə güclü zəmin yaradacaq. On il müddətində Azərbaycanda ev təsərrüfatlarının gəlirləri 5,7 dəfə artaraq, 2011-ci ildə bir ailə üzvü üçün ayda 166 manat olub, hazırda Azərbaycan adambaşına düşən illik gəlirə görə ( 3976 dollardan 12,275 dollaradək ) orta gəlirli ölkələr qrupundadır. Mövcud inkişaf meylləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın beşillikdə qarşıya qoyduğu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda qarşıdakı 5 ildə ÜDM-in adambaşına düşən həcmi 20 min dollara çatmaqla yanaşı, qeyri-neft sektorundakı artım ÜDM-də 40-45% yer tutacaq və bu da ölkənin maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş olacaq:
“Azərbaycanın qarşısına məqsəd qoyduğu meyarlara illik iqtisadi artımın təxminən 6-7% olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta ehtiyatlarının il ərzində 5-10 milyard manat artması və digər makroamillər daxildir və bütün bunlar respublikamızın “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın həll olunmamış Dağlıq Qarbağ problemi , mürəkkəb geosiyasi vəziyyət, Azərbaycan ərazisinin 20%-nin işğalı bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi üçün imkan vermir.
Hələ də ölkədə qaçqın və məcburi köçgün insanlarının, yurd-yuvalarından didərgin düşdükdən sonra dünya gəlmiş uşaqların problemləri gündəmdədir. Sözsüz ki, dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılıb, lazımi maliyyə dəstəyi ilə təmin edilir, müasir tipli şəhərciklər tikilir ,yeni iş yerlərinin yaradılmasına kömək olunur. Lakin hər bir kəs yaxşı anlayır ki, onların normal həyata inteqrasiya olunmaları və mənəvi rahatlıq tapmaları məcburi qovulduqları doğma torpaqlarına qayıtdıqdan sonra mümkün ola bilər. Lakin çox təəssüflə qeyd etməliyəm ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində durğunluq prosesi getdi. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəaliyyətdə heç irəliləyiş olmadı”.
S.Fətəliyevanın bildirdiyinə görə, rəsmi Yerevanın destruktiv mövqe nümayiş etdirməsi bu məsələnin cari ildə də həll olunmasını kölgə altında qoyur:
“Ermənistanın və onun rəhbərliyi heç bir yeni təkliflə çıxış etmədən “Madrid prinsipləri”nin yenilənməsindən geri çəkilərək , status-kvo məsələsini gündəmə gətirirlər. Deməyə ehtiyac yoxdur ki, bu vəziyyət , bütövlükdə regionda baş verən siyasi proseslərə mənfi təsir edir, Cənubi Qafqaz ölkələrinin daxili və xarici siyasəti üçün risk yaradır. Burada biz bir müddət öncə cənab Kristof Ştrasser tərəfindən “ siyasi məhbus”larla bağlı hesabatı dinləmişik.
Ştrasserin fikrincə, onun siyahısına Azərbaycanda siyasi əqidəsinə görə məhkum edilən, 85 nəfər daxildir. Həmin insanların müxtəlif qanun pozuntularına görə həbs olunmalarını nəzərə alaraq, qeyd etməliyik ki, cənab məruzəçi yalnız öz subyektiv fikirləri əsasında , məsələni araşdırmadan bu qənaətə gəlib. Azərbaycanda bu məsələ ilə bağlı səfərdə olmayan məruzəçi öz hesabatını hazırlayarkən, heç bir fakta əsaslanmayıb.
AŞPA-da “siyasi məhbus” məsələsini müzakirə edərkən, ikili standartlardan çəkinmək məqsədilə təşkilata üzv ölkə arasında heç bir ayrı-seçkiliyə yol verilmədən ümumi qəbul edilmiş meyarlar qəbul olunmalıdır. Bu zaman sual doğur , nədən Ermənistanda vəziyyət acınacaqlı olduğu halda , bu məsələ və insan hüquqlarının qorunması onlara şamil olunmur ?! Hesabatı dinləyərkən məruzəçinin qərəzsiz mövqedə olduğu şübhə doğurur. Ölkəmizin prezident seçkiləri ərəfəsində olmasını nəzərə alaraq, vəziyyətin obyektiv qiymətləndirilməsi nəinki Avropa və beynəlxalq ictimaiyyət, eləcə də, Avroatlantik strukturlara Azərbaycanın fəal inteqrasiyasını istəyən hər kəs üçün vacibdir.
Ümid edirəm ki, gələcəkdə məruzə hazırlayanlar daha məntiqli olaraq, vəziyyəti düzgün qiymətləndirəcək və ölkəmizin ən ümdə problemini diqqətdə saxlayaraq, gündəmə gətirəcəklər”
K.Həmzəoğlu