|
|
|
|
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova sözügedən qurumun öz işini davam etdirən qış sessiyasının növbəti iclasında çıxış edib.
525.az-ın məlumatına görə, millət vəkili çıxışında Azərbaycanın, bir dövlət olaraq, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitində yaşadığı bir məkana çevirdilyini, bu gün xristian icmasının da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqlara sahib olduğunu diqqətə çəkib, dövlətin öz vətəndaşlarına münasibətinin heç bir dini, milli, irqi əsaslara söykənmədiyini qeyd edib.
O, qeyd edib ki, məhz buna görə də, azərbaycanlı, rus, yəhudi, gürcü, ermeni və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özünə şərəf bilir: “Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, bu istiqamətdə tətbiq olunan modeli müsbət qiymətləndirirlər. Eyni zamanda, Azərbaycanda hər bir vətəndaş özünün hüquq və azadlıqlarından yüksək səviyyədə yararlanmaq imkanına malikdir, istədiyi ictimai qurumu yarada, istənilən təşkilata üzv ola, istədiyi mətbuat orqanını təsis edə bilir”.
Azərbaycanda 4.500-dən artıq kütləvi informasiya vasitəsinin, 3.600-dən artıq qeyri-hökumət təşkilatının dövlət qeydiyyatından keçdiyini xatırladan deputat son iki ildə onların dəstəklənməsi və fəaliyyətinin təşviq olunması, maddi-texniki təchizatının gücləndirilməsi üçün dövlət büdcəsindən 15 milyon dollardan artıq vəsait xərcləndiyini, Azərbaycanda KİV-in azad və sərbəst fəaliyyəti üçün hər cür şərait yaradıldığını, Konstitusiya çərçivəsində söz, fikir, məlumat azadlığına təminat verildiyini bildirib.
“Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi kriteriyalar kimi qəbul oluna bilməz. Nə regional, nə də qlobal səviyyədə qəbul olunmamışdır, çünki bu məsələ ilə bağlı hətta AŞ-ın özündə də dəqiq hüquqi hədlər müəyyənləşdirilməyib.
Təbii ki, özlüyündə belə bir sual meydana çıxır: hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı kriteriyalara görə ittiham olunur? Ona görə də, bu suallar cavabını tapmadıqca Azərbaycanı bu məsələdə ittiham etmək tamamilə yersizdir”-deyə, millət vəkili çıxışında sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu