İlk övladımı qucağıma aldığım gündən düşünürəm, dünyamızın da elə bu körpə kimi bizim hamımızın qayğısına ehtiyacı var.
O vaxtdan səksən bir yaşımın bu gününə kimi vətənimə, övladıma, anama sevgi ilə dolu şeirlər yazdıqca, sahibsiz və kimsəsiz qalan yer kürəsinə də poemalar, şeirlər yazıram. Deyirəm, bəlkə səsimi eşidən olar.
Əl saxlayın!
Allah səhnə yaratmışdı
Fəzada Yer üzünü.
Tamaşaçı səyyarələr
bizdə görsün özünü.
Adəm, Həvva, bir də İblis
Biri yaxşı, biri gözəl, biri pis...
Səhnə də var, mövzu da var.
Qoyur bizi baş-başa,
Gedir gərgin tamaşa.
İnsanlar örüyüb-artır
Hər yerdə insan səsidir,
fəryadıdır, naləsidir.
Üz-üzədir xeyir-şər!
İnsanların minillərlə
yaratdığını dağıdır
öldürür, yandırır bəşər.
Kainatdan ulduzlar da
Göz qırpmadan baxır bizə
Burda isə
"Olum"-"Ölüm" səhnəsidir!
Hələ pərdə enməyibdi,
Qapanmayıbdı qapılar,
Əl saxlayın!!!
Savaş üçün çox kiçikdi Yer kürəsi.
Yaşamağa hər canlıya
Yer üzündə, yer tapılar!
Əl saxlayın!!!
17.01.2016