Təsəvvür edin, Təcili Yardım Xidməti can verən insanı yolun ortasında atıb gedir – nə Hippokrat, heç Allahını da gözünün qabağına gətirmədən, elə-beləcə, atıb gedir...
Gözümlə görmüşəm, tıxac vaxtı aeroport yolunda özəl tibb klinikasına məxsus Təcili Yardım Xidməti briqadası maşın qəzasına düşüb ağır yaralanan insanı xəstəxanaya çatdırmaqdan imtina elədi. Soyuqqanlılıqla dedilər ki, çağırışsız xidmət göstərmək ixtiyarımız yoxdur: həmin an o Təcili Yardım Ximəti briqadasının tabe olduğu klinikanın daxili qanunları vicdandan da irəlidə durmuşdu. Amma vicdan olmayan yerdə hansısa qanun bir işə yarayarmı? İndi neynəyək, qanuna tabe olub, vicdana tüpürəkmi? Amma qanunvericiliyə xırda dəyişikliklər edib vicdanı qanuna “mindirmək” olar. Bu baxımdan səhiyyədə, xüsusilə təxirəsalınmaz təcili tibbi yardımla bağlı bir sıra islahatlara ciddi ehtiyac var.
Qüvvədə olan qanunvericiliyə görə, özəl Təcili Yardım Xidmətinin çağırışsız xidmət göstərmək borcu yoxdur – yəni xəstəni yolun ortasında atıb gedən özəl Təcili Yardım Xidməti əməkdaşları qanula, necə deyərlər, məsumdular.
Məsələyə sırf vicdani aspektdən baxmağın yanlış olduğunu qeyd edən millət vəkili Fazil Mustafaya görə, vicdani aspekt əsasən sıravi vətəndaşlara aiddir: “Xəstəni yolda qoyub getmək olmaz, yaralıya dərhal əvəzsiz yardım etmənin savabı kimi təbliğatı gücləndirmək lazımdır. Amma hər bir peşə fəaliyyətini həyata keçirən tibb personalı öz müəssisəsi qarşısında cavabdehlik daşıdığına görə bunu qanunvericilik bazasında həll etmək vacibdir”.
Təcili Yardım Xidmətinin işi ilə əlaqədar qanunvericilikdə müəyyən göstərişlərin olduğunu qeyd edən millət vəkili hesab edir ki, bu məsələdə humanizmdən başqa, həm də xidmətə görə haqqın ödənilməsi ön plana çəkilməlidir: “Özəl təcili yardım maşınları ağır vəziyyətdə olanlara yardım göstərməsinin maddi stimullaşdırmasını müəyyənləşdirmək lazımdır. Əks halda onlar da özlərinin sırf funksional çalışmasının o anda daha vacib olmasını isbatlayacaq əsaslara malik olacaqlar. Yəni, onlar üçün “vacib xəstə aparıram”, yaxud “xəstə dalınca gedirəm” kimi alibilər müəyyən etmək çətinlik yaratmaz”.
Hazırda Təcili Yardım Xidməti briqadalarının paytaxtın tıxaclı yollarında hadisə yerinə vaxtında çatması müşkül məsələyə çevrilib. Bəzi mütəxəssislərin fikrincə, yola əlavə zolaq çəkməklə məsələni həll etmək mümkün olar. Lakin bu zaman yol infrastrukturu baxımından mövcud şərait nəzərə alınmalıdır.
Alternativ üsul kimi əlavə zolağın çəkilməsinin mürəkkəb məsələ olduğunu hesab edən F.Mustafa, bunu ictimai nəqliyyat alternativlərinin məhdud olması ilə əlaqələndirdi. Onun fikrincə, ağır xəstələrin xəstəxanalara vertolyotlarla çatdırılması məsrəf və vaxt baxımından daha uyğun olar: “Hər halda yolların genişlədilməsi zamanı bunu düşünmək bəlkə də olardı. İndi isə xüsusi zolaq yaratmaq xeyli çətindır”.
Vahid mərkəzdən idarəolunma sisteminə də toxunan F.Mustafa bildirib ki, bu sistemi təmin etmək yalnız fövqəladə hallarda mümkündür: “Digər hallarda isə dövlətin özəl sektorun yükünün bir qismini öz üzərinə götürməsindən söhbət gedir ki, bu da idarəçilik effekti baxımından özəl sektorun işinə yaramır. Çünki hər işin maddi qiymətləndirilməsi əsas götürüldükdə bu forma səmərəli olmaya bilər. Həll yolu tapmaq üçün isə sadəcə, mütəxəssislərlə məsələni araşdırıb müvafiq qanunlarda dəyişikliklər etmək olar. Bu zaman özəl sektorun işinə müdaxilə etməmək prinsipini gözləmək şərti vacibdir. Hər halda məsələni biz millət vəkilləri də gündəmə gətirərik. Çünki çox aktual bir problemdən söhbət gedir”.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev paytaxtda daha operativ Təcili Tibbi Yardım Xidməti göstərilməsini təmin etmək məqsədilə Təcili Tibbi Yardım maşınlarının yalnız köməkçi stansiyalarda deyil, əhalinin sıx məskunlaşdığı və hərəkət etdiyi ərazilərdə də saxlanılması barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına göstəriş verib. Ancaq belə olan halda da magistral yollarda baş verən qəzalar zamanı təcili yardım xidmətinin günün pik saatlarında tıxac səbəbindən hadisə yerinə gəlib çatması xeyli vaxt aparır. Bu məsələdə adi sürücülər də ayıq davranmalı, təcili yardım xidməti maşınına yol verməlidilər. Lakin araşdırmalar onu göstərir ki, paytaxtda nəqliyyat vasitələrinin hərəkəti zamanı təcili yardım maşınlarına əksər sürücülər tərəfindən yol verilmir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın 1 saylı Köməkçi Stansiyasının təcili yardım xidmətindən aldığım məlumata görə, operativ iş rejiminə keçdiklərindən çağırış zamanı ünvana vaxtında çatmaq baxımından heç bir problem yaranmır. Maşınlarda quraşdırılan rabitə cihazlarının köməyi ilə hadisə yerinə daha yaxın təcili yardım maşınları ilə əlaqə yaradılır və xəstələrə vaxtında yardım göstərilir.
Lakin Təcili Yardım Xidmətindən də bildirildiyi kimi, rabitə sistemi yalnız Dövlət Təcili Yardım Xidməti avtomobillərində quraşdırılıb.
Belə görünür ki, qanunvericilikdə özəl səhiyyəni əlaqələndirən ümumi tədbirlər planı nəzərdə tutulmadığından hər şey onların insafına və vicdanına qalır.
Ceyhun ABASOV