|
|
|
|
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova yenidən qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçilib.
525.az-ın məlumatına görə, bununla bağlı qərar qurumun qış sessiyası çərçivəsində Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclasında qəbul edilib. Komitə iclasında, həmçinin, S. Qafarovanın müəllifi olduğu «Əmək bazarında yaş ayrı-seçkiliyi problemi barədə» məruzəsi də müzakirə olunub.
Məruzə haqqında ətraflı məlumat verən Alt komitənin sədri deyib ki, müəyyən yaş həddindən yuxarı olan insanlar Avropa əmək bazarında ayrıseçkiliklə qarşılaşırlar.
Belə insanlar müəssisələrdə işçilərin ixtisarları zamanı ilk qurbanlara çevrilirlər.
Yaş, karyera məsələsində, qulluq prosesində irəliləmə zamanı, həmçinin əmək şəraitində də vacib faktorlardan birini təşkil edir:
«İtaliyada aparılan araşdırmalardan belə məlum olur ki, yaşa görə ayrı-seçkilik cinsə görə ayrı-seçkilikdən daha geniş yayılıb. Böyük Britaniyada 2006-2007-ci illərdə məhkəmələrə yaş diskriminasiyasına dair daxil olan 972 şikayət ərizəsinin sayı 2008-2009-cu illərdə 4000-dək artıb. Bu rəqəmlər yaşa görə ayrı-seçkiliyinin nə dərəcədə ciddi bir problem kimi qaldığını ortaya qoyur».
S. Qafarova vurğulayıb ki, hazırda müşahidə olunan iqtisadi böhranla əlaqədar olaraq yaşı 50 və ondan yuxarı olan şəxslər iş yerini itirməkdən əziyyət çəkirlər.
Hesabatında müxtəlif istiqamətlərdə ümumilləşdirmələr aparan millət vəkili problemi bu şəkildə təsnifatlaşdırıb: yaş və diskriminasiya müxtəlifliyi, birbaşa və dolayı ayrı-seçkilik, işə qəbul zamanı ayrı-seçkilik, gündəlik işdə ayrı-seçkilik, karyera yüksəlişi zamanı ayrı-seçkilik, ışdən azadedilmə zamanı diskriminasiya, biznes sahibləri ilə vəziyyət və s.
Problemin həlli yolları ilə bağlı məsələlərə də hesabatda geniş yer verən S. Qafrovanın sözlərinə görə, yaşa görə ayrı-seçkiliklə mübarizədə ən müsbət tədbirlər yaşlılara ehtiyacın olmasını nəzərə alaraq stereotiplərlə mübarizə və münasibətin dəyişdirilməsidir.
İşə götürülən zaman müxtəliflik təşviqi, dövlət proqramları və konstruktiv addımlar atılmalıdır.
Hesabatda yekun olaraq üzv dövlətlərdə yaşa görə diskriminasiyaya dair tövsiyələrə yer verilir.
Daha sonra məruzə ətrafında çıxışlar olunub, avropalı parlamentari azərbaycanlı millət vəkilinin məruzəsini yüksək dəyərləndirib, bəzi tövsiyyələr diqqətə çatdırılıb.
K.Həmzəoğlu