Türkiyədə yaşayan həmyerlimiz, şair Məmməd İsmayılın yaradıcılığı hər zaman olduğu kimi dünyanın bir çox ölkələrində yenə də diqqət mərkəzindədir. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Praqada yayınlanan “Nastoyaşeye vremya” jurnalı sonuncu – qırxdördüncü nömrəsində Məmməd İsmayılın Mixail Sinelnikovun tərcüməsində “Biz dörd nəfər idik”,”Meşədə hər kəsin bir ağacı var”,”İçimdə qışlayan dərd bəxtəvərdir” və “Ata şəkli “şeirlərinə yer verib.
Rumıniyada bir neçə dildə çap olunan “Dialoq morey” jurnalı da sonuncu nömrəsində “Poeziya antologiyası:”Yeni ipək yolu”rubrikasında M.İsmayılın yaradıcılığına geniş yer ayırıb. İngilis və rus dillərində oxuculara təqdim olunan “Tərəddüdlər”, “Nostalgiya”, “İlğım”, ”O da getdi”, ”Tanrı bilər”, ”Meşədə hər kəsin bir ağacı var”,”İçimdə qışlayan dərd bəxtəvərdir” və “Ata şəkli “ şeirlərinin yer aldığı silsilə Mixail Sinelnikovun “Hər şey düşünülən kimi oldu” məqaləsiylə açılır. Oxucularımız üçün maraqlı olacağı düşünərək həmin məqaləni dərc edirik.
Mixail SİNELNİKOV
Azərbaycanlı şair Məmməd İsmayılın taeyini düşünəndə ilk olaraq doğma kəndi Əsrikdən rayon mərkəzi Tovuza uzanan qalın qarlı yollar gəlir ağlıma. Dizə çıxan qarı, gözgözü görməyən sis-dumanı ilə keçilməz olan bu qarlı yolları keçib rayon mərkəzinə çatmaq elə də asan iş deyildi. Aradan keçən on illər boyunca kasıb geyim-kecimi, köhnə ayaqqabısı ilə səfərə çıxan inadkar, minbir çətinliyə sinə gərən kəndinin dağ adamları kimi M.İsmayılın da zirvə yolu həyatın hər cür çətin dağ keçidlərini arxada qoyub dünyanın ən ucqar ölkə paytaxtlarına qədər gedib çıxdı. Əsası olan odur ki, dünyada tanınmaqla qalmadı, həm də öz milləti içərisində də böyük ünə qovuşdu. Milləti onun şeirlərinin rənginə rəng qatan doğma yerləri, onları qeyri-adi bir şəkildə şeirlərinə axtaran müəllifi sevdikləri kimi sevdilər... Gərək böyük şair olasan ki, sənin əsərlərin sənin yaşadığın mənzərələrlə bir bu qədər qovuşmuş olsun.
Məmməd İsmayıl öz taleyini sonuna qədər şeir və poemalarına yansıdan bir sənətkardır. Cəbhələrdən dönməyən atasını xatırlamır, o atadan baxıb xatırlanası bircə şəkil də qalmamış. Cəmi bircə il bir yastığa baş qoyduqları oğlana ömrünün sonuna qədər sadiq qalan ananın yanında körpəliyinin, uşaqlığının, yeniyetməliyinin yaşandığı həyat, ağırdan da ağır olmuş. O kasıb ailənin ki, vur-tut varı-yoxu, təpəl qoyun və gəzəl alma idi. Məmmədin özü demişkən, onu üç “ana” böyüdü: gənc yaşından dul qalan qadın, təpəl qoyun və gəzəl alma. Nə zaman ki, bu analar bir-bir onu tərk etməyə başladı; təpəl qoyun öldü, qəfil fırtınanın torpaqlara sərdiyi gəzəl alma yavaş-yavaş qurumağa başladı, onu qışın ac soyuğunda belə sobada yandırmadılar, eləcə ən əziz adam kimi yıxıldığı yerdə torpağa basdırdılar, dünyanın ən böyük məzarı beləcə ortaya çıxdı. Bu xatirə, həyat hekayəsi nəsr üçün əvəzsiz material verir. Amma şeir, hər zaman adi yaşam mücadiləsindən tamam başqa mətləblər də umur... Və günlərin birində çətin sınaqlardan keçən Məmməd kimi hər yönü ilə həssas birisinin “qapısını” ona acı və mutluluqlar gətirən sevgi də döyməyə başladı: Sevgi varlıya, yoxsula baxmır ki?! Onun bütün şeirlərinin mənbəyi, heç şübhəsiz, bu saydıqlarım oluşacaqdı...Bəllidir ki, bütün dünya lirikası cavabsız məhəbbətlərdən doğdu.
1975-ci ildə keçici olaraq “Drujba narodov” jurnalında şeir şöbəsinin müdiri vəzifəsində işləyirdim. Məni əsas işimdən ayıran bu vəzifə əsla könlümcə deyildi.O zaman yaxşı pul verilən tərcüməçilik işindən uzaqlaşmaq, uzandıqca uzanan bu “pranu” (hind terminini istifadə etsək) vaxtı boşuna israf etmək məni rahatsız edirdi. Artıq tərcümə işi ilə məşğul olmağa zamanım da qalmamışdı, bax belə bir dönəmdə “Sovetskiy pisatel” nəşriyyatının redaktoru Qerman Valikovla əzəmətli, gözəl, qarabığ, qarasaç bir cənublu mənim iş otağıma gəldilər. Mənə Məmməd İsmayılın nəşrə hazırlanan kitabının tərcüməsini təklif etdilər. O dönəmdə tərcümə işim onsuz da başımdan aşırdı. Həm də Azərbaycan dünyasından uzaqdım, çağdaş Azərbaycan poeziyası haqqında təsəvvürüm yetərincə deyildi. Açığı sadəcə nəzakət xatirinə “Gərək mətnlə tanış olam” – cavabını verdim. Və cavabıma Valikovun kədərləndiyini, M.İsmayılın isə üzünün sərtləşib gərildiyini hiss etdim. Amma evdə kitabı bir-iki saat oxuduqdan sonra anladım ki, çox güclü və özünəməxsus ədəbi hadisə ilə qarşı-qarşıyayam. Beləcə, Məmməd İsmayılın tərcüməçisi olacaq və ömür axarında – dar günündə də, “günəşli” günündə də dostu olaraq qalacaqdım. (Məmməd mənim ən yaxın dostumdu, dostum olaraq da qalır.)
Məmməd İsmayıl şeirinin davamlı tərcüməçiləri və dostları olacaq (baxmayaraq ki, hər birinin özünəməxsus tanışlıq novellası var). Yuri Kuznetsov (təəssüf ki, çoxdan haqqın rəhmətinə qovuşub) və Aleksandr Kuşner də belə bir seçim edəcəkdilər. İnanıram ki, onlar da M.İsmayılla bağlı gözəl memuarlar yazardılar. Bizim hər üçümüzün bir həqiqəti vardı: böyük ədəbi nümunələrə layiqincə başqa dillə axtarmaq üçün öz daxili imkanlarını səfərbər etmək və bu qeyri-adi sənət yarışında geridə qalmamaq!
Bu gün böyük Azərbaycan şairi Məmməd İsmayıl Türkiyədə yaşayır və Çanaqqala Universitetinin professorudur. Kitabları Vətənində, Türkiyədə, Rusiyada və başqa Avropa ölkələrində çap edilir. Sənət həyatımızda ədəbi hadisəyə çevrilən “Vmesto pisma” kitabının Moskvada keçirilən görüşləri həqiqətən də şeir bayramı idi. Bu kitaba Y.Kuznetsovun, A.Kuşnerin və mənim tərcümələrim daxil edilmişdi...
Məmməd artıq nə qarabığlı, nə də qarasaçlıdır. Amma ilk yaradıcılığı örnəkləri indiki şeirləri ilə hər yönü ilə qırılmaz bir vəhdətdədir. Üç il əvvəl şairin 70 illik yubileyində iştirak etmək üçün Bakıya uçanda M.İsmayıla xalq sevgisinin partlayışını da öz gözlərimlə gördüm.
Nəticə çıxarmağın hələ tez olduğunu düşünərək keçilən yaradıcılıq yolları haqqında nə demək olar? Burada yalnız şairin poetikasında geridönüşülməz dəyişiklərin nədən ibarət olduğunu açmaqdan söhbət gedə bilər. Əlbəttə, bu poeziyanın mayasında başlanğıcda nə vardısa o, yenə də davam etməkdədir. Coşqulu xəyal gücü, müqayisə olunması ağla gəlməyən nəsnələrin qarşılaşdırılması, forma və biçim ustalığı, misraların zərgər dəqiqliyi ilə cilalanması, poetik güc, həm də görüldüyü kimi bu gücün aradan keçən bunca zaman məsafəsində daha da vüsət alması... Və əlbəttə, sınaqlardan keçirilən daxili sənətkar özgürlüyünün qorunması, bir də böyük poeziyanın meydana gəlməsi üçün gərək olan xarakterin gücü... Amma mənə elə gəlir ki, bütün bu söylədiklərimdən başqa şairin son dövr yaradıcılığına acı və hüzn motivləri də əlavə olunmuşdur. Bütün bunlarla birlikdə kimsədən borc alınmayan, təbii və müdrikliyin təsəlli qəbul etməyən hikmət təcrübəsi, sözlərin dərinliklərindən boy göstərən dini duyğuların hiss olunacaq dərəcədə ( yer-yer bir elə də gözə çarpmayan, amma var olan ) güclənməsi də üslub bənzərsizliyinin gözə çarpan yönləridir.
Bir sözlə Məmməd, onu yönləndirən iç səsinə inanan tale şairi olmuş, tale şairi olaraq da qalır. Tale isə Pasternakın misralarını təkrarlamış olsaq, bildiyini yetərincə etmişdir: Vsyo do melçayşey doli sotoy. V ney opravdalos i sbılos”.