|
|
|
|
Hamı kimi ilk qələm təcrübələrini ötən əsrin 70-80-ci illərində Bakı kitabxanalarında fəaliyyət göstərən ədəbiyyat dərnəklərində oxuyub.
Novellalarını, kiçik həcmli satirik hekayələrini Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Xurşud, Vidadi Məmmədov, Sirus Təbrizi dinləyib. Bəyəniləni də olub, bəyənilməyəni də. Qəni təcrübəli qələm sahiblərinin rəy və təkliflərinə diqqətlə qulaq asıb. "Oğlum, yazılarının yığcamlığı müsbət cəhətdir, yəni az sözlə çox mətləbləri xırdalamaq istəyirsən. Bax, bədii mətndə yumorun ironik gücü bundadır. Belə də davam elə" - deyə "Kirpi" satirik jurnalına baş redaktorluq edən Seyfəddin Dağlı ilk şifahi xeyir-duasını verib.
Bu gün ədəbi nəsildaş kimi qürurla deyə bilərik ki, Qəni Camalzadə ümidləri doğruldub: yaxşı yazıçıdı, özü də lap ciddisindən. Mətbuatda da, yazı-pozu mühitində də az gözə çarpır. Xaraktercə təvazökardı, redaksiyaların qapısından qovulub, pəncərədən içəri daxil olanlardan deyil. İndiyəcən yeddi kitabı işıq üzü görüb. Əlbəttə, söhbət say çoxluğundan da getmir. Son vaxtlar iki maraqlı romanı "Azərbaycan" jurnalının səhifələrinə yol tapıb: "Qızıl xotuğ" və "Karxana". Görkəmli nasir Məmməd Oruc həmkarımızın hər iki irihəcmli əsərini ədəbiyyatımızda "hadisə" adlandırıb.
Qəni Camalzadənin yaşıdlarını, necə deyərlər, az-çox ədəbi mühitdə olanları, şair və nasirləri xatırlamaq yerinə düşər: Vaqif Bəhmənli, Aydın Tağıyev, Tofiq Nurəli, Adil Cəmil, Sultan Mərzili, Mahirə Abdulla, Maarif Soltan, Akif Əhmədgil, Afaq Məsud, Əmrah Xanməmmədov, Sərvinaz Həsənli, Rafiq Vəliyev, İslam Türkay, Tarıyel Ümid, Nizami Saraclı. Eyni zamnda mərhum Allahverdi Məmmədli, Aydın Səlimzadə və başqaları. Hər yazarın isə bir dərnək dövrü olur və o ilkin formalaşan dövr olduğundan sonra xeyli qisim dərnək üzvü təbii surətdə sıradan çıxır. Və yaxşı ki, Qəni ilk qələm təcrübələrindəcə hiss etdirdi ki, ötəri hiss və duyğuların əsir-yesiri deyil, istedadı var, sadəcə, kiçik həcmli hekayələrinin bir azca cilalanmağa ehtiyac var.
Yumor Qəni Camalzadənin hekayələrinin ruhunda, içində, mayasındadır. Bu yaxınlarda müəllifin "Sonuncu yeznə" kitabı əlimə keçdi, müxtəlif qəzet və jurnal səhifələrində oxuduğum yazıları bir də təkrar-təkrar oxudum, söylədiklərimin əyani şahidi oldum. "Sonuncu yeznə"də maraqlı hekayə nümunələri çoxdur: "Qayçı", "Şorba", "Papaqçı oğlu", "Yalançı əmilər", "Xəzinə", "Hesab", "Zəif damar", "Düz xətt", "Ayın axırıncı cüməsi", "Abşeron bağlarının gecələri", "Nağıl gecəsi", "Yol", "Qisas günü" və s. Bu əsərlər üçün bircə cəhət əsasdır: yığcamlıq, az sözlə böyük mətləbləri ifadə etmək bacarığı.
"Qızıl xotuğ" isə bədii romandır. Əsərin işlənmə mexanizmi fərqli və yenidir. Romanda Ehsan baba, Molla Bala, Qardi əmi, Höccət, Xudu kişi, Gilə nənə, Sovet sədri, Ağabala, Gülzar, Əsvər, Məmi, Fərhad, Bağı, Cəmo, Gülər,Əbi, Bağır müəllim, Rəvan, Rəfiqə xanım, fransız jurnalisti və s. adda çoxlu yaddaqalan surətlər var.
lll
Qəni Camalzadə Yazıçılar Birliyinin “Natəvan” klubunda 60 illik yubileyinə toplaşanları özünəməxsus yumorla iki hissəyə ayırdı: qələm dostları və iman dostları. Məmməd Oruc, Aydın Xan, Heydər Orucov, Fəxrəddin Ziya, Maarif Soltan, Oqtay Rza, Tofiq Nurəli, Əsəd Cahangir, Xəyal Rza, Rauf Aslanov və başqaları nasirin yaradıcılığını təhlil etdilər, maraqlı əsərləri ətrafında fikirlərini bildirdilər. Hacı Qəniylə həcc ziyarətində olmuş şəxslər də onun bədii əsərlərini önə çəkdilər, yazarı əqidəli, saf, bütöv, islami dəyərlərə böyük önəm verən ziyalı kimi fərqləndirdilər.
Maarif Soltan (şair, "Qobustan" toplusunun baş redaktor müavini): Qəni Camalzadə imzasına ilk dəfə 1977-ci ildə rast gəlmişəm. Sovet dönəmiydi. Mətbuatda çap məsələsi ceyran belinə çıxan vaxtlar idi. O zaman "Ədəbiyyat və İncəsənət" (hazırkı "Ədəbiyyat" qəzeti) qəzetinin sonuncu səhifəsi satirik guşə adlanırdı. Həmin sərbəst səhifədə satirik şeirlər, yumoristik hekayələr, xırda novellalar, miniatürlər, rəngli şəkillər tez-tez işıq üzü görürdü. Onda Qəni də qəzetdə tez-tez kiçik həcmli əsərləri ilə görünürdü. Sonra Şüvəlanda gənc yazarların ilk seminarı oldu. Dostumuz da tədbirə qatılmışdı. Qəni Camalzadəni o zaman necə görmüşdüm, yenə eləcədir. Sadəcə, saçları ağarıb. Səmimiliyi, sadəliyi, düzlüyü, olduqca təvazökarlığı yerində qalıb. Xoşbəxtlikdən isə yazıçı-publisist kimi çox inkişaf edib, püxtələşib. Əgər "Azərbaycan" jurnalı kimi möhtəşəm ədəbi məcmuə Qəninin son illər iki romanına səhifələrində yer ayırıbsa, bu faktın özü ədəbi hadisədir.
Tofiq Nurəli (şair): Çox təəssüf edirəm ki, Qəni müəllimin ancaq kiçik hekayələrini oxumuşam. "Qızıl xotuğ" və "Karxana" romanlarından xəbərim olmayıb. Mütləq tapıb oxuyaram, müəllifin özündən alaram. Deyir, şair misrasından, əsl nasir də cümləsindən bəllidi. Dilin materialı sözdü. Qəni dostumuz bu ilkin materialdan düzgün, yerindəcə istifadə etməyi bacarır. Özü də peşəkarcasına. Bu məsələdə qeyri-filoloji təhsili də köməyinə çatır. Çünki Qəni ali savadlı mühəndisdir. Yazılarında istedadı ilə bahəm texniki biliyi özünü göstərir. Kim nə deyir-desin, yüksək elmi savad müasir yazıçıya çox lazımdı, təkcə talantın ümidinə qalmaq olmaz.
Əsəd Cahangir (tənqidçi): Yazıçının özülü və bazası olmalıdır ki, müəyyən səviyyəyə çata bilsin, necə deyərlər, bəzi hədəfləri nişan ala bilsin. Mənim fikrimcə, Qəni müəllim bir çox nasirlərimizə nümunədi. Mükəmməl təhsili var. İstedadı da ki, yerində. Onun "Qızıl xotuğ" romanının ilk oxucularından biri mən olmuşam. Özü də Məmməd Orucun təkidi sayəsində. Düzü, Məmməd müəllimə minnətdaram. Yaxşı bir roman təşnəsiydim, yanğımı söndürdüm. "Qızıl xotuğ" 90 illik Azərbaycanımızın tarixidir. Elə simvolik Ehsan baba surəti də vətənimizin yaşıdıdır. Dərviş qiyafəsində gəlib kamillik yaşına çatan, üç adlı-sanlı oğul böyüdən, bu dünyanın altını-üstünü bilən qoca hər dəfə "Yahu, ya mədəd, ya həqq!" - deyərkən ötən günləri təkrar-təkrar vərəqlənir. Ümumiyyətlə, Ehsan baba obrazı ustalıqla yaradılıb və roman nəsrimizin son illər uğurudur.
Oqtay Rza (şair, Əməkdar müəllim): Qəni Camalzadənin imzasını lap çoxdan tanıyıram, üzünü isə birinci dəfə görürəm. Bəlkə də rastlaşmışıq, yadımda deyil. Romanlarını əldə edib mütləq oxuyaram. Bu zalda Qəninin həmyaşıdları yazıçılar, şairlər əyləşib, hörmətli hacılar təşrif buyurub. Onlar xeyli orjinal, maraqlı fikirlər söyləyiblər. Qəni mənim üçün bir yazar olaraq bu gündən kəşf olunur. Və nə yaxşı ki, özümü bu maraqlı tədbirə çatdırdım. Yubilyarı ürəkdən təbrik edir, ona uğurlar diləyirəm.
Qəni Camalzadə ilə bağlı başqa söz deyənlər, yaradıcılığı barədə rəylərini ifadə edənlər də oldu: Heydər Orucov, Fəxrəddin Ziya, Aydın Xan, Hacı Vaqif, Hacı Rza, Axund Hacı Əmiraslan, şair Dayandur Sevgin və başqaları. Məclis yazıçı-publisistin hamıya minnətdarlıq kəlamı ilə başa çatdı.