Zəlimxan YAQUB
Xalq şairi
KAİNAT KİMİ
Üzünü sevirəm!
Üzün həyatın özüdü.
Enişli, yoxuşlu,
Dağlı, dərəli,
Yaraşıqlı, mənzərəli!
Gözünü sevirəm!
Gözün həyatın özüdü.
Dənizli, dalğalı,
Tufanlı, ləpəli.
Cənnəti bu dünyada tapmışam,
O gözlərdən öpəli!
Özünü sevirəm,
Sən həyatın özüsən.
Həmişə canlı,
Həmişə hərəkətdə,
İşdə, sevgidə, bərəkətdə.
Üzünə də, gözünə də,
Özünə də qurbanam
Həyat kimi.
Səninlə işıqlıyam
Günəş kimi,
Kainat kimi!
ÜRƏYİMDƏN KEÇƏNLƏR
Yolçunu isindirən
yanar oddu-ocaqdı,
Dağ döşündə qaynayan,
göz-göz olan bulaqdı.
Bar altında əyilən
çarpazlanmış budaqdı,
Ürəyimdən keçənlər!
Göz yaşı qədər duru
dağlardan axan sudu,
Göy meşədə, çəməndə
ötən qumrudu, qudu.
Anasının dalınca
qaçan körpə quzudu,
Ürəyimdən keçənlər!
Gəncliyim, gerçəkliyim,
düzlüyüm, şaxlığımdı,
Həm sərtliyim, bərkliyim,
həmi yumşaqlığımdı.
Kövrək körpəliyimdi,
dəcəl uşaqlığımdı,
Ürəyimdən keçənlər!
Yer üzündə insandı,
göy üzündə mələkdi,
Şah-vəzirdi, nökərdi,
hökmdardı, fələkdi.
Bir ürəyə sığmayan
min-min azan-diləkdi,
Ürəyimdən keçənlər!
Solub gedən çiçəkdi,
sönən közdü-kömürdü,
Alnımıza yazılan
göstərişdi, əmrdi.
Torpaqdan boy göstərib
torpaq olan ömürdü,
Ürəyimdən keçənlər!
ŞİRİN DÜNYA
Bulağı sərin dünya –
Min il ömrüm olaydı,
Sularından içəydim.
Dərələrə hay salıb,
Çaylarından keçəydim.
Neməti şirin dünya –
Şirin nemətlərini
Hey daddıqca dadaydım.
Ömrün-günün vaxtını,
Çəkəydim, uzadaydım.
Söhbəti dərin dünya –
Dərin söhbətlərinə
Tez-tez qulaq asaydım.
Nə yaratdın, nə qurdun,
Hamısını balam tək,
Öz bağrıma basaydım.
Heyf o sərinliyə,
Heyf o şirinliyə,
Heyf o dərinliyə.
Ömür azdı, vaxt qısa,
Toydan çox həyat bizi,
Yasa çağırır, yasa!
MƏNƏM
Çiçək ölüsüyəm, gül dəlisiyəm,
Əllərdə güllərin dəstəsi mənəm.
Ağacda yarpağam, yarpaqda nəğmə,
Budaqda quşların bəsdəsi mənəm.
Hər biri nəğməli, neyli bir dodaq,
Qurumur dağ çayı, qurumur bulaq.
Sağlamdı təbiət, sağlamdı torpaq,
Ana təbiətin xəstəsi mənəm.
QƏLBİNİ DƏ, QAPINI DA
AÇIQ SAXLA
Dərd qəlbini deşik-deşik dələn olar,
Öz dərdinin soyuğunda ölən olar.
Öz ömrünü sənin ilə bölən olar,
Qızdır evi qəlbindəki od-ocaqla,
Qəlbini də, qapını da açıq saxla!
Vaxtsız ağrı qamətini əysə belə,
Sevənlərin qəmdən libas geyə belə.
Vaxtsız əcəl qapıları döysə belə,
Sən həyatı həyat kimi sıx, qucaqla,
Qəlbini də, qapını da açıq saxla!
Allah səni ocaq kimi pir eləsin,
Min dərdini heç eləsin, bir eləsin.
Tanrı sənə öz qəlbində yer eləsin,
Min qucağa salam göndər bir qucaqla,
Qəlbini də, qapını da açıq saxla!
Ustad bilər, ozan bilər, lələ bilər,
Sevincini, həsrətini bölə bilər.
Yolçu olan səni deyib gələ bilər,
Yaxşılıqda yüzə yetiş, mini haqla,
Qəlbini də, qapını da açıq saxla!
Bu dünyanın bu başından o başına,
Sevinc göndər yoldaşına, qardaşına.
Görən görsün, bilən bilsin, duyan duysun,
Bir sirdaş ol yerlə, göylə, bu torpaqla,
Qəlbini də, qapını da açıq saxla!
BU GÜN
Yaşıllığın meydanı,
yazın gəlhagəl çağı,
Sevgiylə dolub daşır
yerin qoyun-qucağı.
Canlılar həsrət ilə
gözləyirdi bu çağı,
Sudan o qədər içib
özünə sığınır dərə,
Bu gün vergi verilib
güllərə-çiçəklərə!
Təbiətin qoynunda
tükənməz xəzinə var,
O xəzinə içində
sərvət dolu sinə var.
O coşqun nəğmələrdə
yaşıl dağ var, binə var,
Özüm də gülə döndüm
güllərdən dərə-dərə,
Bu gün vergi verilib
güllərə-çiçəklərə!
Xallı kəpənəyi də,
arısı da kefdədi,
Qara qarışqası da,
qarası da kefdədi.
Yaşılı da, alı da,
sarısı da kefdədi,
Ətirdi başdan başa
cığır, keçid, bənd-bərə,
Bu gün vergi verilib
güllərə-çiçəklərə!
Dünya Allah vergisi,
Allah verən gözəldi,
Həm bitirən, yetirən,
həm də dərən gözəldi.
Hər gülün ləçəyində
haqqı görən gözəldi,
Tanrı sevdiklərini
tutub qızıla, zərə,
Bu gün vergi verilib
güllərə-çiçəklərə!
ÜMİDLƏR QIRILANDA
Heç nə qalmır geridə
gücündən, tutarından,
Uçub gedən durnalar
üzülür qatarından.
Sevənlər ayrı düşür
sirdaşından, yarından,
Ümidlər qırılanda!
Ayaq yerdən üzülər,
əl göydən, göz işıqdan,
Heç nə çatmır imdada
əvvəlki yaraşıqdan.
Dan sökülmür gün doğa,
yoxa çıxır işıq, dan,
Ümidlər qırılanda!
Axmaq qocalıq gəlir
cavanlığın dalınca,
İstə, ya da istəmə
başın enir balınca.
Hər ağrı ürəyində
dönür paslı qılınca,
Ümidlər qırılanda!
Nizamı pozulan arx,
uçuq dəhnə görünür,
Dünya nimdaş görünür,
dünya köhnə görünür.
Hansı yana baxırsan
qanlı səhnə görünür,
Ümidlər qırılanda!
Hər şey olan nə varsa,
dönüb birdən heç olur,
Təzə yurd qəbir evi,
yurddan yurda köç olur.
Hər şey sınır, qırılır,
çox arzular puç olur,
Ümidlər qırılanda!
RUHUMA TOXUNMA
Ruh Tanrı payıdı verib insana,
Ruhuma toxunma, qəlbimə dəymə.
Yaralı quş kimi perikdirirsən,
Ruhuma toxunma, qəlbimə dəymə.
Ətri-təravəti çiçək kimidi,
Hökmdə, qüdrətdə fələk kimidi.
Mələklər yanında mələk kimidi,
Ruhuma toxunma, qəlbimə dəymə.
İnamsız bir ömür hədərdi, hədər,
Onu zaman-zaman şübhələr didər.
Ucadı Allahın varlığı qədər,
Ruhuma toxunma, qəlbimə dəymə.
Yellənir beşikdə, gülür bələkdə,
Dadı var, tamı var duzda, çörəkdə.
Dünya nemətidi ruh da, ürək də,
Ruhuma toxunma, qəlbimə dəymə.
Məhəbbət dünyası dərindən dərin,
Olmasın aramız, olmasın sərin.
Bədənim yerindi, ruhum göylərin,
Ruhuma toxunma, qəlbimə dəymə.
SU
Dünyada nə qədər dağ çayları var,
Hamısı süzülüb canımdan çıxsa
Yenə də yanğımı söndürə bilməz.
Dünyanın nə qədər bulaqları var,
Üzümdən süzülsə, gözümdən axsa
Yenə atəşimi söndürə bilməz.
Dünyanın nə qədər dənizləri var,
Yığılıb qəlbimdə bir ümman olsa,
Canımda birləşib canhacan olsa,
Yenə də ağrımı söndürə bilməz.
Olsa da qarşımda min cürə ruzu,
Yenə də ürəyim su istəyir, su.
GEDİR
Sayırıq axşam sabahı,
Günlərimiz keçib gedir.
Dərd yaxasız köynəyini,
Bizim üçün biçib gedir.
Nə behi var, nə bazarı,
Öndə hazırdı məzarı.
Cəllad kimi dərd-azarı,
Qanımızı içib gedir.
Həyat qısa duş kimidir,
Yolları yoxuş kimidir.
İnsan oğlu quş kimidir,
Yurddan-yurda köçüb gedir.
GÖZƏLDİ
Yağışın səsidir, qarın səsidir,
Sellərin nəğməsi gözəldi, qardaş.
Zirvələr həmişə zildən oxyur,
Yellərin nəğməsi gözəldi, qardaş.
Daşlar da dil açıb gəlir həvəsə,
Can cana toxunur, nəfəs-nəfəsə.
Yaşılbaş sonalar verir səs-səsə,
Göllərin nəğməsi gözəldi, qardaş.
Alışıb sönəni yadına salır,
Yaddaşa dönəni yadına salır.
Keçmişi, dünəni yadına salır,
Çöllərin nəğməsi gözəldi, qardaş.
Yorulmaz ötməkdən nə dodaq, nə dil,
Əyil bu qüdrətin önündə, əyil!
Min il oxusan da tükənən deyil,
Ellərin havası gözəldi, qardaş.
OLMUŞAM
Yunus Əmrəyə nəzirə
Təbiətin bir parçası mənəm, mən,
Yaranan yurd, yaradan əl olmuşam.
“Məni görən bir pula saymaz idi”,
Çöl daşıydım, çevrilib ləl olmuşam.
Xəzər kimi dalğalanıb coşmuşam,
Hər ürəkdə ötən bir tel olmuşam.
Mayalanıb ağacların kökündən,
Şahdağından əsən bir sel olmuşam.
Yaranmışam zəlzələdən, tufandan,
Göygöl kimi sehrli göl olmuşam.
“Bir göl idim qıldı ərənlər nəzər”,
Xalqa dönüb ağır bir el olmuşam.
Verən verib vergisini dostuna,
Söz sarıdan qisməti bol olmuşam.
Yoldan gəldim, haqq yolları dolandım,
Özüm indi yollara yol olmuşam.
OLMADI
Çiçək – Cəfər ömrüdü,
Çiçək – Müşfiq ömrüdü.
Çiçək – Cavid ömrüdü,
Açdı, açdı, solmadı.
Cəfər köçüb gedəndə,
Müşfiq güllələnəndə,
Cavid sürgün olanda,
Hansı çiçək, hansı gül,
Saçlarını yolmadı.
Müşfiqi də yaşatdı,
Cəfəri də yaşatdı,
Cavidi də yaşatdı,
Nəğməkarsız, nəğməsiz
Bizim bircə günümüz,
Olmadı ki, olmadı.
DÜNYADAN KÖÇƏN MƏNƏM
Beşikdən qəbrə qədər
ağlayıram, gülürəm,
Ömrümü ömürlərə
paylayıram, bölürəm.
Min illərdi doğulur,
min illərdi ölürəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.
Dünya nədir, həyat nə,
ötüb keçən an nədi,
Axşam nədi, sabah nə,
cahan nədi, can nədi.
Damarı qarışdıran
ağ qan, qara qan nədi,
Loğman kimi öyrənib,
təbib tək seçən mənəm.
Qarışır torpaqlara
ahı, tüstüsü, külü,
Puç olan arzuların
bir də açılmaz gülü.
Bir bədəndi, bir kəfən
torpaqda yatan ölü,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.
Gəlir qəbir qazanlar,
qəbir yeri qazılır,
Kim olmuşam dünyada
baş daşına yazılır.
Yağış döyür, qar vurur,
yazılanlar pozulur,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.
Gah toyda, gah yasdadı,
qəmli keçir, şən keçir,
Ayaz, şaxta, boz bulud
keçir, ömürdən keçir.
Ömür yanır, qurtarır,
közdən, kömürdən keçir,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.
Zəhəri şərbət kimi
qaldırıb içən mənəm,
Əkən, səpən, göyərdən,
zəmini biçən mənəm.
Körpü salan, yol çəkən,
körpüdən keçən mənəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.
QÜRBƏT
Darıxmışam Vətən üçün,
Xiffətdəyəm, xiffətdəyəm.
Sanki qaranlıq gecədə,
Zülmətdəyəm, zülmətdəyəm.
Hədər keçir ömür hədər,
Sevinmək yox zərrə qədər.
Məni gözdən qoymur kədər,
Diqqətdəyəm, diqqətdəyəm.
Qəlbən içi yanan neydi,
Duyğularım qara geydi.
Doğmalıq çox yaman şeydi,
Həsrətdəyəm, həsrətdəyəm.
Sağım dərdli, solum qəmli,
Yanaq yaşdı, kirpik nəmli.
Vaxt amansız, ömür kəmdi,
Zəllətdəyəm, zəllətdəyəm.
İstilik yox od-ocaqda,
Söz donur dildə-dodaqda.
Doğma yurdum çox uzaqda,
Qürbətdəyəm, qürbətdəyəm.
TORPAQ OL YAŞA
Sükutdan qaç,
Qəlbini aç,
Nurunu saç,
Ocaq ol yaşa!
Sevsinlər boyunu,
Çalsınlar toyunu,
İçsinlər suyunu,
Bulaq ol yaşa!
Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol yaşa!
Süfrəni bol aç,
Sevgiyə qol aç,
Yolsuza yol aç,
Çıraq ol yaşa!
Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol yaşa!
ÇOX GÖZƏL
Gördüyümüz nəyi varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Yeri varsa, göyü varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Al işığı ulduzundan, Ayından,
Tut mayanı çeşməsindən, çayından.
Doymaq olmur baharından, yayından,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Yaylağa bax aşağıdan yuxarı,
Bu yarıdı, bu gülüdü, bu xarı.
Şeir oxuyur dağ çayının axarı,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
İnsan onu görmədi də, gördü də,
Yaraşıqdı dörd fəslin dördü də.
Sevinci də, möhnəti də, dərdi də,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Eldən-elə, evdən-evə hay oldu,
Sevgi gərdi, yurddan yurda pay oldu.
Oğlan sevdi, qız bəyəndi, toy oldu,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Uca durdu ucaların ucası,
Min illərlə tüstüləndi bacası.
Qoca dünya qocaların qocası,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Gözümüzdə gözəlliyin möhrü var,
Sirr içində min bir sirri, sehri var.
Axşamın da, sabahın da mehri var,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
18.01.2013
ƏZİZİM
Sən ki, cavanlığın yaraşığıydın,
İşıqlı günlərin gur işığıydın.
Alnından Ay doğan haqq aşığıydın,
Çoxalıb alnında qırış, əzizim.
Hayana çağırır içindəki səs,
Hayandan danışır çəkdiyin nəfəs.
Ölməyə tələsmə, qalmağa tələs,
Sellərə, sulara qarış, əzizim.
Bir gün ağ geyəcək qaralar geyən,
İnsandı yedirdən, torpaqdı yeyən.
Bir gün ölüm olsa qapını döyən,
Barış taleyinlə, barış, əzizim.