Martın 9-da tam Günəş tutulması baş verəcək.
Bu barədə APA-ya AMEA-dan məlumat verilib.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, bu ilin ilk Günəş tutulması martın 9-da olacaq.
Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək:
“2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən, Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.
Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək”.
Bildirilib ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.