"Təhsil sahəsində də publik hüquqi şəxs yarana bilər".
525.az-ın məlumatına görə, bunu AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Şöbə müdiri bildirib ki, məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxılır: "Heç bir ölkədə universitetlər və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil. Ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldur. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa sahədir. Orada bu cür məsuliyyət yoxdur".
Ş. Əliyev "Yəni pulsuz təhsil olmayacaq" sualına isə belə cavab verib: "Yox, pulsuz təhsil də olacaq. Publik hüquqi şəxslər həm pullu, həm də pulsuz xidmət göstərə, büdcədən maliyyələşə və maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində yeni tələbatları ödəyə biləcək çox çevik, elastik bir formadır ki, dövlətin imkanlarını daha da genişləndirir".
Şöbə müdiri bununla bağlı qanunvericilikdə dəyişikliklər ediləcəyini də bildirib: "Cənab Prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim ediləcək".
O, sənədlərin hazırlanmasında ən qabaqcıl Qərbi Avropa ölkələrinin təcrübəsinin əsas götürüldüyünü də qeyd edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.