Gəzirəm
Deyirlər həyatın fəsilləri var,
Hardadır bəs mənim yazım, gəzirəm.
İçimdə payızdır, çölümdə bahar,
Qışın soyuğuna dözüm gəzirəm.
Sular bulanıqdır, göy üzü duman,
Kimdir gölməçədən təmizlik uman?
Dəniz özgələşib yad olan zaman
Bir damla içində lüzum gəzirəm.
Düşdüyüm alova düşüb yanan yox,
Deyirəm yanıram bir inanan yox,
Şair Təbib ilə maraqlanan yox
Gəzirəm, özümü özüm gəzirəm.
Üzü Qafana doğru
Anam elə öyrətmişdi ki, uşaqlıqdan üzümüzü Qafana tərəf çevirib
yuxuya gedərdik...
Yurd həsrətli bir dostumuzun dedikləri.
Üzü Qafana doğru çevirib yatan dostum,
Doğma yurdu, ocağı müqəddəs tutan dostum!
Bilirəm, o torpağa,
O bostana, o bağa,
Ağacdakı budağa,
Budaqdakı yarpağa,
Rəngbərəng çiçəyə,
Çiçəkdəki ləçəyə
Uşaqlıqdan boylanan illər ilə bağlısan.
Ana ahı bir anda dünyanı alt-üst edər
Gözəl nəğmə varmıdır ana laylası qədər?
Vurulmayan kəs hanı onun doğma səsinə,
Yüz-yüz qəzəb əriyər bir ana nəfəsinə.
Adı ilə bağlıdır övlad bəxtiyarlığı,
Hava, su, torpaq,
Günəş-bu dünyanın varlığı
Ən doğru yol göstərər düşsə bir az çətinə,
Heç kəs həsrət qalmasın ana məhəbbətinə.
Dostum, çiçəkli dağlar
Gözlərin önündədir,
Sənsiz ağlar bulaqlar
Görəsən, nə gündədir?
Hardasa sıxılırsan,
Yanırsan, yaxılırsan,
Ötən günlər dalınca
Həsrət ilə baxırsan.
Səni duyuram mən də
Yayın isti günündə
Buz bulaqlar bir yana
Kim nə deyər ayrana,
Nehrədən çıxan yağa...
Bilirəm, o torpağa,
Dərə-təpəyə, dağa
Ana südündən keçən tellər ilə bağlısan.
Sənin bu hissin mənə xeyli
doğma göründü,
Ürəyim də ritmini dəyişərək döyündü.
Baxıram duyğulusan
Vətəndən qayğılısan.
Yanmağı bacarırsan-sinən dolu köz olub,
Ağrın alov diliylə gözlərində yazılıb.
Sənin yanından belə sakitcə keçmək olmaz,
Dərdin elə böyükdür-bölüşsək də azalmaz.
Çünki qanır, yanırsan,
Haqqına inanırsan.
Tərsinə gedən işlər,
Nəticəsiz görüşlər
Sakit buraxmır səni –
Düşünürsən Vətəni,
Vətənin sənsiz düşən cığırını, daşını...
Çox darıxma, eloğlu, uca saxla başını!
Bu xalqın, bu millətin damarında axan qan,
İllər boyu yığışmış qəzəb, nifrət, həyacan
Özünü göstərəcək –
Bütöv Azərbaycanı bütün dünya görəcək!
... Vətən qalib olunca
Sən də sevinəcəksən,
Uşaqlığın dalınca
Kəndinə dönəcəksən –
Buna əminəm, qağa,
Çünki sən o torpağa
Kökünlə sənə bağlı ellər ilə bağlısan,
Uşaqlıqdan boylanan illər ilə bağlısan...
Ağacın taleyi
Bir ağac böyüyür qonşu həyətdə
Vaxt, zaman ömründən axır su kimi.
Axşamlar oturub qonşu həyətdə
Seyr edir ağacı arzusu kimi.
Ağac kök atdıqca torpağa sarı,
Uzanır gövdəsi, həm budaqları.
Yamyaşıl yarpaqlar bəzəyir onu
Bəzəyir qonşunun bir arzusunu
Ağac böyüyəcək, nəhəng olacaq,
Bütün həyətinə kölgə salacaq –
Yayın qızmarında sərinləyəcək,
İlahi, bu günə şükür deyəcək.
Təbiət əziyyət çəkir insanın
Bu qədər texniki tərəqqisindən.
Bədəndə tərkibi dəyişir qanın
Oksigen azalır hey günü-gündən
Qonşunun ümidi ona qalıb ki,
Saflaşdıracaqdır havanı ağac
Qəribə olsa da belə olub ki,
İnsandan çox sevir insanı ağac.
Söz var ki, bu həyət söküləcəkdir,
Yerində başqa ev tikiləcəkdir.
Ağac kəsiləcək, məhv olacaqdır,
Bu da növbəti bir səhv olacaqdır.
Qonşunun fikrini heç öyrənmədən
Həyata keçəcək bu qərar.
Nədən?
Bəs hanı ədalət, bəs hanı düzlük,
Yoxsa tərk eyləyib insanı düzlük?!
Ağac bir qədər də göyə ucalıb
Bəs sabah? Sabahı bilinmir hələ –
Ağacın taleyi üz-üzə qalıb
Ağac kəsənlərin insafı ilə...