NATO-nun hərbi gəmiləri Egey dənizində keşik çəkəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniyanın müdafiə naziri Ursula von der Leyen NATO-ya üzv ölkələrin Brüsseldə keçirilən ikigünlük toplantısından sonra bildirib.
O, NATO hərbçilərinin yaxın zamanda dənizdə xidmətə başlayacağını qeyd edib. Burada məqsəd miqrantların Egey dənizindən keçməklə Avropaya qanunsuz getməsinin qarşısını almaqdır.
NATO-nun baş katibi Yens Stoltenberq isə keçirdiyi mətbuat konfransında bildirib ki, alyansın müdafiə nazirləri Türkiyə-Suriya sərhədinin möhkəmləndirilməsinə dair razılığa gəliblər: “Biz qərara gəldik ki, sərhəddə kəşfiyyat gücləndirilsin”.
Qeyd edək ki, Egey dənizində və Türkiyə-Suriya sərhədində mühafizənin gücləndirilməsi ilə bağlı Türkiyə, Almaniya və Yunanıstan NATO-ya müraciət edib.