“Orta ixtisas təhsili müəssisələri optimallaşdırılıb. Bunun nəticəsində tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq. Qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb:
“Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib”.